UEFA avrokubokların reqlamentində bəzi dəyişikliklər edib

0
590

UEFA Çempionlar Liqası (ÇL), Avropa Liqası və Superkubok yarışlarının reqlamentində dəyişikliklər edib.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, yeniliklər 2018/2019 mövsümündən tətbiq olunacaq. Dəyişikliklərə əsasən, pley-off matçlarında əlavə vaxt zamanı 4-cü əvəzetməyə icazə veriləcək. Hər iki yarışın final oyununda, eləcə də Superkubokda iştirak ərizəsinə 23 futbolçunun adını daxil etmək mümkün olacaq (digər görüşlərdə 18 futbolçu – red.). Beləliklə, ehtiyat oyunçular skamiyasında 12 futbolçu əyləşə biləcək.

ÇL və Avropa Liqasında qrup mərhələsi başa çatdıqdan sonra klublar avrokuboklarda çıxış etmək üçün heç bir məhdudiyyət olmadan 3 futbolçu sifariş edə biləcəklər. Bu, milli çempionatlarda qış “transfer pəncərəsi” zamanı oyunçuların klublarını dəyişməsi ilə bağlı normativlərə uyğundur.

Avropa Liqasında ardıcıl 3 mövsüm və ya ümumilikdə 5 dəfə qalib olan komanda formasında bunu əks etdirən nişanı daşımaq hüququ qazanacaq. Növbəti mövsümdə yarışda iştirak edəcəyi təqdirdə, İspaniyanın “Sevilya” klubu bunu edə biləcək. Əndəlüslər 5 dəfə Avropa Liqasında birinci yeri tutublar. Eyni ənənə ÇL-də də var.

ÇL və Avropa Liqasında oyunların başlama saatlarında da dəyişiklik olacaq. ÇL-də pley-off, qrup mərhələsi, 1/8, 1/4 və 1/2 final və final matçları Avropa vaxtı ilə saat 21:00-da başlayacaq (hazırkı Bakı vaxtı ilə saat 23:00). Həmçinin, qrup mərhələsinin çərşənbə axşamı və çərşənbə günü baş tutacaq iki görüş saat 18:55-də start götürəcək. Qrup mərhələsinin son turunda bütün oyunlar eyni vaxtda başlayacaq.

Avropa Liqasında qrup mərhələsindən 1/8 finaladək olan görüşər saat 18:55-də və 21:00-da start götürəcək. Hər bir oyunun başlama saatı püşkatmaya uyğun təyin ediləcək. Sonuncu turda hər bir qrupda qarşılaşmalar eyni vaxtda olacaq. 1/4, 1/2 və final matçları 21:00-da başlayacaq.

UEFA görüşlərin başlama saatlarına dəyişiklik etmək hüququna malikdir.

UEFA Super Kuboku uğrunda oyun saat 21:00-da start götürəcək. Dəyişiklik bu il avqustun 15-də Estoniyanın paytaxtı Tallində baş tutacaq matça da şamil olunur.

BIR CAVAB BURAXIN