Türkoloq: “İran şiəlikdən azərbaycanlılara qarşı istifadə edir”

0
737
“Biz hələ də içimizdə zahirən bizim kimi görünən, əslində isə İrana xidmət edən şəxsləri ayıra bilmirik. İranın farsdilli hakimiyyəti həmin şəxslər vasitəsilə azərbaycanlıları müxtəlif baxış bucaqlarına, ideologiyalara parçalamağa çalışır. Həmin irançı qüvvələrin əsas məqsədi milli hərəkat daxilində pərakəndəlik yaratmaqdır. Buna görə də Çöhrəqanlı və Lisani kimi şəxslərin lider kimi qabağa çıxmaq cəhdlərinin qarşısına da şübhə toxumu səpirlər. Bu da müəyyən mərhələdir, keçib gedəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fəlsəfə İnstitunun aparıcı elmi işçisi, türkoloq Faiq Qəzənfəroğlu belə düşünür. Arazinfo.com türkoloq alimin Teleqraf.com-a  müsahibəsini oxuculara təqdim edir:
– İranın təhsil naziri Məhəmməd Bəthayi Azərbaycan və digər dillərin ölkəsi üçün təhlükə olduğunu əsas gətirərək, bu dillərin təhsil müəssisələrində tədrisinin qadağan olunduğunu açıqladı. İran və Güney Azərbaycan ərazilərində 35 milyondan çox Azərbaycan türkü yaşayır və buradan yaranan qənaət də budur ki, İran hakimiyyəti həm qorxusundan bu dillərin tədrisini qadağan edir, həm də sanki buna oxşar digər addımlar atmaqla çəkinmədiyini nümayiş etdirir.
– Doğrudur, İran hakimiyyəti bu addımları çəkinmədən atırmış kimi görünür, amma qorxduğu tərəflər də çoxdur. Böyük Britaniya kəşfiyyatı tərəfindən hakimiyyətə gətirilmiş dini-siyasi rəhbərlik qorxmaqda haqlıdır. Çünki Güney Azərbaycanı qanunsuz yollarla ələ keçirmiş İran rəhbərliyi, digər millətlərin yaşadıqları bölgələri də bu yollarla nəzarətində saxlayır. Buna görə də İran Azərbaycan dilini rəsmi səviyyəyə qaldırmaqdan qorxur. Bununla da özlərinin haqlı olduğunu göstərməyə çalışırlar. Farsdilli qruplar da başa düşürlər ki, İran adlanan dövlətin əsas dayağı türklərdir.
Təəssüflər olsun ki, türklərin də bir qismi şiəlik və irançılıq adı altında İrana xidmət edir. Amma buna baxmayaraq, qarşısı alınmayacaq oyanış başlayıb. İndi XX əsrin əvvəllərindəki dövr deyil. Həmin dönəmdə Azərvbaycan türklərinin müəyyən qismi irançılıq oyunlarına aldandılar. Düzdür, burada şiəlik də mühüm rol oynadı, amma əsas oyun irançılıq üzərindən oynanıldı.
– İndi vəziyyət necədir, nəsil yenilənirmi?
Bəli. XXI əsrin əvvəlində yeni nəsil yetişir ki, onlar irançılıq və dini oyunların zərərli olduğunu yaxşı bilirlər. İran hakimiyyəti qeyri-fars millətləri o yalanına inandırmaq istəyir ki, irançılıq bütün xalqların azadlığına xidmət edir. Amma indi əvvəlki illərlə müqayisədə bu irançılıq oyunu darmadağın edilsə də, yenə də qalır. Azərbaycan türklərinin böyük əksəriyyəti bunun oyun olduğunu anlayıb. Lakin bunu anlamayanlar var ki, artıq onları da doğru istiqamətə yönəldirlər.
Buna görə də İran rəhbərliyi şiəlik oyunlarına başlayıb ki, bu da İslam dininin ruhuna ziddir. İran hakimiyyətinə xidmət edən şiəlik və irançılıq aradan qalxdıqca, təkcə azərbaycanlılar yox, digər millətlər də öz haqlarını bərpa edə biləcəklər. Amma burada öndərlik yenə də Azərbaycan türkləri üzərinə düşür, bu, həmişə və tarixən belə olub.
– Əgər öndərlik sizin də dediyiniz kimi 35 milyonluq Azərbaycan türklərindədirsə, o zaman niyə həmin qüvvələr bütövləşib təzyiqçi İran hakimiyyətinə qarşı müqavimət oxu yarada, bu dini-siyasi rejimi geri addım atmağa məcbur edə bilmirlər?
– Əvvəldə də qeyd etdiyimi kimi, İran hakimiyyəti bu qüvvəni neytrallaşdırmaq üçün şiəlik və irançılıqdan sui-istifadə edir.
– Mövzunu bir qədər açardınız…
– Şiəlik Azərbaycan türklərinin müəyyən hissəsini farslaşdırmışdısa, irançılıq da türkləri iranlılaşdırdı. Bu hücumlar azərbaycanlıların milli kimliklərinin üzərinə kölgə saldı. Əgər bu 35 milyonluq millətin 10-15 faizi öz milli kimliyini əsas tutaraq anlasa ki, Azərbaycan – türk dilinin tədris olunmadığıu məktəblərə getmək utancvericidir, o zaman vəziyyət başqa cür ola bilərdi. Yəni, Güney Azərbaycan və İranda bunu çox az qisim anlayır. Üstəgəl, İran telekanalları türkləri gah eşşəyə, gah da tarakana oxşadırlar. İranda bunun əsası 1925-ci ildə Pəhləvilərin hakimiyyətə gətirilməsindən sonra qoyulub. Amma 1925-ci ilədək İrana rəhbərlik etmiş Qacarlar nə qədər farslaşsalar da, öz milli kimliklərini üzərlərində gəzdirirdilər. Pəhləvilər isə irançı kimi hakimiyyətə gəldilər.
Bura qədər isə irançılıq zaman-zaman qacarları, afşarları, bayatları və digər türk-oğuz boylarını iranlılaşdırdı. 1979-cu ildə İranda baş vermiş hakimiyyət çevrilişi isə İran şiəçiliyini gündəmə gətirdi. Bu vəziyyətdə Azərbaycan türklərinin 10-15 faizi öz milli kimliyini əsas tutaraq, şiəliyin onlar üçün zərərli olduğunu başa düşürsə, bu ciddi proseslərin başlamasına yol açacaq. Lakin indiki halda Güney Azərbaycan İranda cərəyan edən hadisələrin lokomotivi ola bilmir, amma proses gedir.
– Yəqin ki, İran hakimiyyəti də prosesi sakit izləməyəcək.
– Məsələn, İran parlamentində Türk Fraksiyasının qurulması, bəzi ali məktəblərdə Türk dili fakültələrinin açılması, yaxud müəyyən təhsil müəssisələrində Azərbaycan dilinin tədrisi soydaşlarımızın lokomotiv kimi qabağa çıxmasına əngəl olmağa xidmət edir. Yəni, bu, prosesi ləngitməkdir. Bu addımları da ona görə ata bilirlər ki, farsdilli hakimiyyəti kənardan dəstəkləyən çox ciddi qüvvələr var. Həmin qüvvələr İsraildə də, ABŞ-da da, Rusiyada da, Britaniyada da var.
Həmin qüvvələr İranı istədikləri kimi idarə etmək istəyirlər, buna görə də azərbaycanlıların siyasi səhnədə yer almasına imkan vermirlər. Lakin buna baxmayaraq, Azərbaycan türklərinin proseslərin lokomotivi kimi qabağa çıxması an məsələsidir. Artıq Azərbaycan türkləri farsdilli hakimiyyətin hücumlarının qarşısına soyuqqanlı şəkildə çıxır və bu təzyiqlərə qarşı cavab tədbirləri görülür.
Bütün hallarda istiqlaliyyət bizim haqqımızdır. Əsas hədəf Tehranda oturan hakimiyyəti dəyişməkdir və türklərin iqtidarını bərqərar etməkdir. Bundan sonra digər millətlərin bizimlə yaşayıb-yaşamamaq istəklərini müzakirə etmək olar. Bu, nə Amerikanın, nə İsrailin, nə də Qərbin layihəsidir, bu, milli mübarizədir. Nə yolla olursa-olsun, Tehrandakı hakimiyyət dəyişməlidir. Çünki Tehranı İranın paytaxtına çevirən Ağa Məhəmməd Şah Qacar olub. İndi Tehranın yarıdan çoxu türkdür. Buna görə də bizim 35 milyonluq xalq üçün yeni liderin ortaya çıxmasında Tehranın böyük rolu var.
– Amma indi belə bir başçı yoxdur. Mübarizə gedir, lakin hərəkatın vahid lideri yoxdur. Bunu nə ilə əlaqələndirərdiniz?
– Zaman-zaman bəzi liderlər ortaya çıxmağa çalışdılar. 15-20 il əvvəl Mahmudəli Çöhrəqanlı meydana çıxmağa cəhd etdi, son dönəmlərdə Abbas Lisani və digərilərinin adı hallandırılır.
Lakin biz hələ də içimizdə zahirən bizim kimi görünən, əslində isə İrana xidmət edən şəxsləri ayıra bilmirik. İranın farsdilli hakimiyyəti həmin şəxslər vasitəsilə azərbaycanlıları müxtəlif baxış bucaqlarına, ideologiyalara parçalamağa çalışır. Həmin irançı qüvvələrin əsas məqsədi milli hərəkat daxilində pərakəndəlik yaratmaqdır. Buna görə də Çöhrəqanlı və Lisani kimi şəxslərin lider kimi qabağa çıxmaq cəhdlərinin qarşısına da şübhə toxumu səpirlər. Bu da müəyyən mərhələdir, keçib gedəcək.
– Bu, SSRİ-nin son illərində Azərbaycanda – Bakıda başlayan Milli Azadlıq Hərəkatına kimin rəhbərlik edəcəyi ilə bağlı ortaya çıxan mübahisələri xatırladır.
– Bəli, həmin dönəmdə də Milli Azadlıq Hərəkatının lideri olmaq istəyən kifayət qədər insanlar vardı. Nemət Pənahlı, Sabir Rüstəmxanlı və digər insanların adları çəkilirdi. Amma müəyyən zamandan sonra bütün siyasi qüvvələrin bəziləri könüllü, bəziləri də məcburi şəkildə Əbülfəz Elçibəyin üstündə dayanmağa məcbur oldular. Çünki Elçibəy birləşdirici lider kimi özünü ifadə etməyi bacardı.
Buna görə də hesab edirəm ki, Güney Azərbaycanda gedən prosesin bir neçə liderinin olması təbiidir. Onların arasından birləşdirici lider ortaya çıxacaq. Vaxtilə SSRİ-nin agentləri, kəşfiyyatçıları Azərbaycanda gedən Milli Azadlıq Hərəkatının vahid liderinin olmaması üçün əllərindən gələni edirdilər. Buna görə də düşünürəm ki, çox yaxın zamanda Azərbaycanın Güneyində də, inanılmış vahid lider ortaya çıxacaq. Bununla da pərakəndəliyə də son qoyulacaq. Bunun üçün təbliğatı da düzgün qurmalıyıq, çünki bizi şovinizimdə ittiham edirlər ki, guya biz İranda demokratik dəyişikliyə sırf azərbaycanlılar üçün nail olmağa çalışırıq. Biz Tehranda hakimiyyətə gəlməklə bütün xalqların azadlığına nail olmaq istəyirik. Buna görə də lider xalqın öz içindən çıxacaq

BIR CAVAB BURAXIN