Türkmənistan TƏPH qaz kəməri üçün sərmayəçilər axtarır/ Əziz Mustafa

0
766

 

 

Türkmənistan üçün xüsusi önəm daşıyan milyardlarla kubmetr ölkə qazını xarici bazarlara nəql etməyə imkan verəcək qaz kəmərlərinin inşasını reallaşdırmaq əvvəlki kimi diqqət mərkəzində qalmaqda davam edir. Bu müstəvidə də türkmən qazını Çinə nəqlinə imkan verəcək yeni qaz kəmərinin işə düşməsindən sonra ölkənin qarşısında Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan( TƏPH) qaz kəmərinin reallaşması ən böyük vəzifələrdən birinə çevrilib.

Yeni qaz kəmərinin inşasını reallaşdırmaq üçünsə xarici sərmayəyə böyük ehtiyac dyulur. Bunu nəzərə alan Türkmənistan rəhbərliyi Səudiyyə Ərəbistanı və Qətərin TƏPH-in inşasına sərmayə qoymasında maraqlı olduğunu nümayiş etdirməyə başlayıb. İş orasındadır ki, Səudiyyə Ərəbistanı və Qətərlə Türkmənistan arasında sıx əməkdaşlıq mövcuddur. Həm Səudiyyə Ərəbəsitanı, həm də Qətər Türkmənistanın simasında Orta Asiyada ən böyük  strateji tərəfdaşlarından birini görməkdədirlər. Məhz bunu nəzərə alan Türkmənistan Qətər və Səudiyyə sərmayəçilərinin yardımı ilə TƏPH-i reallaşdırmaq  üçün hərəkətə keçib. Bir müddət əvvəl  Səudiyyə Ərəbistanında səfərdə olan Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov onları TƏPH-in inşasına sərmayə qoymağa çağırıb.  Buna paralel olaraq Berdıməhəmmədov Aşqabadsa Qətər şeyxi Cauan bin Hamad əl-Tanini qəbul edərkən adı çəkilən ölkənin TƏPH-in inşasında iştirak etməyə çağırıb. Səudiyyə Ərəbistanı və Qətərin Türkmənistanla dostluq əlaqələrinə malik olduğunu nəzərə alanda ərəb şeyxlərinin TƏPH-in inşasına sərmayə qoyacaqları istisna edilmir. Bunun həm istisadi, həm də siyasi tərəfləri var: Belə ki, Türkmənistan İranın qonşuluğunda yerləşir və bu  ölkədə möhkəmlənmək Tehranla düşmən mövqedə dayanan Ər-Riyad üçün həm iqtisadi, həm siyasi, həm də hərbi-strateji önəm daşıyır.

 

TƏPH Türkmənistana Çinin qiymət təzyiqindən xilas olmağa imkan verəcək

TƏPH-in reallaşması Türkmənistan üçün  iqtisadi baxımdan olduqca böyük önəm daşıyır. Bunun əsas səbəbi isə Çinin türkmən qazının yeganə alıcısı kimi qiymət məsələsində öz şərtlərini hər vasitə ilə Aşqabada qəbul etdirmək cəhdləridir. Belə bir vəziyyətdə qarşı tərəfin təzyiqlərindən xilas olmağın yeganə yolu Çinə çəkilən qaz kəmərinə alternativ tapmaq ola bilərdi. TƏPH-in gündəmə  gəlməsində isə məhz bu amil, Çin təzyiqindən xilas olmaq niyyəti önəmli rol oynadı və oynamaqda davam edir. Xatırladaq ki,

Türkmənistan- Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəmərinin reallaşması ilə bağlı razılıq 2010-cu il dekabr ayının 11-də Aşqabadda keçirilən Əfqanıstan-Türkmənistan- Pakistan-Hindistan dövlət başçılarının sammitində əldə edilib. Sammitdə iştirak edən dövlətlər TƏPH-in çəkilməsi barədə dövlətlərarası çərçivə sazişi imzalayıblar. 2012-ci ilin may ayında Türkmənistanda keçirilən III Beynəlxalq qaz Konqresində Hindistan və Pakistanla Türkmənistan arasında türkmən qazının alqı-satqısı barədə müvafiq sənəd imzalanıb. 2013-cü ilin iyul ayının 9-da isə Türkmənistanla Əfqanıstan arasında analoji anlaşma imzalanıb.

Ötən ilin dekabr ayının 13-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində Türkmənistan- Əfqanıstan-Pakistan- Hindistan ( TƏPH) qaz kəmərinin inşasına başlanılması ilə əlaqədar təntənəli şəkidə təməlatma mərasimi keçirildi. Mərasimdə Pakistan, Türkmənistan, Əfqanıstan və Hindistanın yüksək səviyyəli dövlət nümayəndələri iştirak etdilər.

1800 kilometr uzunluğu olacaq yeni qaz kəməri ilə ildə 70-80 milyard və ya gündə 160-170 milyon kubmetr qaz nəql ediləcəyi gözlənilir.  2018-ci ildə qaz kəməri ilə nəql ediləcək qazın həcminin 90 milyard kubmetrə çatdırmaq planlaşdırılb. Yeni qaz kəmərinin inşasının 2019-cu ildə başa çatdırılması nəzərdə tutulub.

Əldə edilən razılığa əsasən Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH) qaz kəməri ilə nəql ediləcək qazın 38 milyard kubmetrini Hindistan, təxminən 25-30 milyard kubmetrini Pakistan, bir o qədərini də Əfqanıstan alacaq. Bununla bağlı tərəflər arasında 30 illlik anlaşma imzalanıb.

Yeni qaz kəmərinin 200 kilometri Türkmənistan, 735 kilometri Əfqanıstan, 800 kilometri isə Pakistan ərazisindən keçəcək. Qaz kəməri Türkmənistan ərazisi vasitəsi ilə Əfqanıstanın Herat və Qəndəhar şəhərlərinə daxil olacaq, oradan da Pakistan və Hindistan sərhədində yerləşən Fazilka yaşayış məskəninə qədər uzanacaq.

Qaz kəmərinin qazla təmini isə Türkmənistanın qazla zəngin strukturlarından biri hesab edilən “Qalkınış”dan hasil ediləcək qaz hesabına həyata keçiriləcək. Böyük Britaniyanın “Gaffney”, “Cline & Associates”kompaniyalarının hesablamalarına görə, “Qalkınış”ın qaz ehtiyatları təxminən 21,2 trilyon kubmetrdir. “Qalkınış”ın neft ehtiytaları isə adı çəkilən kompaniyaların hesablamalarına görə, 300 milyon ton hesab edilir.

Kəmərin inşası onda iştirak edən dövlətlərə 7,9 milyard dollara başa gələcək.

 

 

TƏPH-də İran-Səudiyyə Ərəbistanı rəqabəti

Türkmənistanın TƏPH-in rellaşması üçün ərəb sərmayəsini ölkəsinə dəvət etməsi təbii ki, İran, həmçinin Rusiya tərəfindən birmanlı qarşılanmayacaq. Belə ki, İranla Səudiyyə Ərəbistanı arasında tarixi  bir düşmənçilik mövcuddur. Rusiyanın Əsəd rejimini müdafiə etməsi isə Ər-Riyad ilə Moskva arasında qarşıdurmaya və açıq düşmənçiliyə gətirib çıxarıb. Məsələnin bu tərəfinə diqqəti cəlb edən mərkəzi Qroningen şəhərində yerləşən “Energy Delta Institutu”nun eksperti Andrey Tübold qeyd edir ki, İranın ərəb şeylərinin TƏPH-in inşasına cəlb edilməsinə necə reaksiya verməsindən asılı olmayaraq Türkmənistana öz qazını çoxşahəli qaz kəmərləri vasitəsi ilə dünya bazarına nəql etmək böyük önəm daşıyır: “Türkmənistan öz qazını Çin bazarına nəql edir. Lakin qarşı tərəf qazın tək alıcısı olmasından istifadə edərək özünə sərf edən qiymətə qaz almaq üçün Aşqabada təzyiq edir. Belə vəziyyətdə türkmən qazının tez-tez gündəmə gətirilən Xəzər dənizi vasitəsi ilə dünya bazarına nəql edə biləcəyi inandırıcı görünmür. Yeganə yol TƏPH vasitəsi ilə türkmən qazının dünya bazarına nəql edilməsidir. Ona görə də İranın buna hansı reaksiya verməsindən asılı olmayaraq Türkmənistan ərəb şeyxlərinin sərmayəsi ilə TƏPH-in inşasına cəhd edir”.

Təbii ki, Türkmənistanla 1300 kilometr sərhədi olan İran ərəb şeyxlərinin TƏPH-ə sərmayə qoymasını həzm edə bilməyəcək. Ola bilsin ki, Tehran hansısa məqamlarda Aşqabada qarşı şantaj xaraketrli cəhdlərə əl atsın, hətta hərbi güc nümayiş etdirsin. Xatırladaq ki, 2001-ci ildə Xəzərdəki mübahisəli yataqların işlənməsi, həmçinin Azərbaycan-Qərb yaxınlaşmasına mane olmaq üçün İran hərbi güc nümayiş etdirmişdi. O vaxt İranın hərbi dəniz və hərbi hava qüvvələri Azərbaycanın sərhədlərini pozmuşdu. Belə vəziyyətdə Türkiyədən bölgəyə dəvət edilən  F-16-lar Bakının üzərində dövrə  vurmaqla İrana özlərinə məxsus şəkildə xəbərdarlıq etmişdilər. İranın analoji təcrübədən Türkmənistana qarşı da şantaj vasitəsi kimi istifadə edə biləcəyi istisna edilmir. Lakin hazırda İranla Qərb arasında sürətlə yaxınlaşma gedəcəyini nəzərə alanda Tehranın Aşqabadı cəzalandırmaq üçün daha ciddi addımlar atacağı  inandırıcı görünmür. Nəhayət onu da qeyd edək ki, Türkmənistanın eyni zamanda həm Türkmənistan-Əfqanıstan-Pakistan-Hindistan (TƏPH)  qaz kəməri, həm Transxəzər qaz kəməri, həm də Türkmənistan-Çin qaz kəməri ilə böyük həcmdə qaz etmək imkanları yoxdur. Xatırladaq ki, hazırda Aşqabad Türkmənistan-Çin qaz kəməri ilə ildə 40 milyard,  İrana ildə 21 milyard kubmetr, Rusiyaya isə 3-4 milyard kubmetr qaz ixrac edir. Transxəzər qaz kəməri reallaşacağı təqdirdə isə bu kəmərlə də ildə 30-40 milyard kubmetr qazın Avropya nəql ediləcəyi gözlənilir. Amma hazırda Türkmənistanın ildə 60-70milyard kubmetr qaz hasil ediləcəyini nəzərə alsaq adı çəkilən bütün istiqamətlərə çətin ki, nəzərdə tutulan qədər qaz ixrac etməyə Aşqabadın gücü çatsın.

Bununla belə hətta ərəb şeyxləri, TƏPH-in inşasına sərmayə qoysalar belə bu kəmərin reallaşması Əfqanıstanda vəziyyətin sabitləşməsindən asılı olacaq. Əfqanıstanda isə sabitliyin yaxın vaxtlarda bərpa ediləcəyi inandırıcı görünmür…

BIR CAVAB BURAXIN