Türkmənçay faciəsindən 192 ildir ciddi nəticə çıxarda bilməmişik

0
102

Son iki əsrdə imperiya ideoloqlarının Rusiya təfəkkürlü, rusdilli görmək istədiyi “azad xalqlar”dan biri də Quzey Azərbaycan türkləri olmuşdur.
AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru, dosent Faiq Ələkbərli Arazinfo.com-a verdiyi açıqlamasında deyib ki, Quzey Azərbaycan türkləri Qafqaz türkləri arasında xüsusi çəkiyə sahib olub Türkmənçay müqaviləsini (1828, 10 fevral) qətiyyən qəbul etməmiş, daima milli azadlıq davası aparmış və özünü Türk dünyasından, o cümlədən Güney Azərbaycan türkləri ilə Türkiyə türklərindən heç bir zaman ayırmamışdır. Onun sözlərinə görə, məhz Quzey Azərbaycan türklərinin bu təbii hiss və haqlarını yaxşı bildikləri üçün də, imperiya ideoloqları Qafqazda türklərə və türklüyə qarşı amansız bir savaş açmış, onları qeyri-türklər və qeyri-türklüklə əvəz etməyə çalışmışdır: “Şübhəsiz, onlar üçün bu yolda da, ilk növbədə türklüyü vəhşilik, barbarlıq kimi qələmə vermək, islam dininin xurafat və mövhumatdan uzağa getməməsinə çalışmaq, bununla paralel olaraq qeyri-türkləri (xristian ermənilər, gürcülər və b.) onlara qarşı qoymaq və bununla da Azərbaycan türklərinin milli şüurunda assimilyasiya prosesi aparmaq idi. Deməli, Rusiya ideoloqları Avropada olduğu kimi, türklük və islamlığı Qafqazda, o cümlədən Quzey Azərbaycanda (yeri gəlmişkən, burada coğrafi anlamda nəzərdə tutduğumuz Quzey Azərbaycan indiki Azərbaycan Respublikası ilə tamamilə eyniləş¬dirilməməlidir. Əslində burada nəzərdə tutulan Quzey Azərbaycan Dərbənddən Naxçıvana, İrəvana, Astaradan Tiflisə qədərki bir coğrafiyanı əhatə edir) təhrif olunmuş şəkildə təqdim etməklə, Rusiya təfəkkürlü, rusdilli “azad, mədəni xalq” yaratmaq niyyəti güdmüşdür”.

Faiq Ələkbərli bir tərəfdən fars millətçilərinin Azərbaycan türklərini assimilyasiya siyasəti, yəni milli dilini, milli mədəniyyətini, milli tarixini, milli varlığını inkar etməsi, digər tərəfdən Azərbaycan xalqının iki hissəyə parçalanmış olması, Billuruni düşündürən əsas məsələlərdən biri olduğunu söyləyib. O qeyd edib ki, “parçalanmış xalq” statusunu daşımaq çox çətindir, üstəlik bunun özünü hansı formada dərki daha ağrılıdır. Hər halda, Sovet Rusiyasının təbliğatı o şəkildə qurulmuşdu ki, Azərbaycan çar Rusiyası və “İran” arasında parçalanmışdır, bölünmüşdür:
“Ancaq əsil həqiqət ondan ibarət idi ki, birincisi o dövrdə çar Rusiyasıyla müharibə aparan fars “İran” deyil, Türk Qacarlar dövləti idi. İkincisi, belə olduğu təqdirdə Türk Qacarlar dövləti nə səbəbə Türk Azərbaycanı çar Rusiyası ilə öz arasında bölüşdürməli idi? Deməli, bütün bunlar cəfəngiyyatdan başqa bir şey deyil idi. Əslində 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay sülh müqavilələri ilə Türk Qacarlar dövləti Cənubi Qafqazın, o cümlədən Şimali Azərbaycanın çar Rusiyası tərəfindən işğalı ilə barışmağa məcbur oldu. Bu hadisələrin üstündən təxminən 100 il keçdikdən sonra, Türk Qacarlar dövləti özü də tarix səhnəsindən getdi və onun yerini fars “İran”ı tutdu. Məhz bundan sonra, o ideya daha çox təbliğ olunmağa başladı ki, vaxtilə Azərbaycan çar Rusiyası və “İran” arasında parçalanmış, ya da bölünmüşdür”.

Arazinfo.com