Türkiyədə 50 atom bombası yerləşdirilib

0
276

ABŞ Avropada təxminən 200 V-61 bombası (ABŞ-ın strateji nüvə güclərinin əsas istilik-nüvə silahı olan atom bombasıdır – red.) yerləşdirib. Bunlar qitənin beş ölkəsindədir: Niderland, Belçika, Almaniya, İtaliya və Türkiyə.

 

Publika.az xəbər verir ki, bu haqda Norveçin “Aftenposten” nəşri yazıb.

 

Nəşrin yazdığına görə, Amerika hakimiyyəti bu silahların konkret olaraq hansı anbarlarda saxlanıldığını rəsmən açıqlamır. Amma onların yuxarıda adı çəkilən ölkələrdə olduğu hamıya məlumdur. Vaşinqton bütün dünyanı inandırır ki, bombalar təhlükə yaratmır.

 

Türkiyədəki vəziyyət xüsusilə diqqətdə saxlanılır. “Biz qəbul etməli olduğumuz bütün ölçüləri qəbul etmişik”, – ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Piter Kuk bildirib.

 

Amma o, keçirdiyi brifinqdə nüvə silahı haqqında suallara birbaşa cavabı vermək istəməyib. Hazırda Türkiyədə 2,7 min Amerika hərbçisi var. Onlar hərbi çevrilişə cəhd və genişmiqyaslı ölçülərlə əlaqədar yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib.

 

Güman edirlər ki, Türkiyədə Amerikanın 50 atom bombası var. Silah tamamilə ABŞ-ın nəzarətindədir və ondan ABŞ-ın əlindəki kodlarsız istifadə etmək mümkün deyil. Bununla belə, nüvə silahının olduğu İncirlik bazasında vəziyyət xüsusi nəzarət altındadır. Hərbi çevrilişə cəhd gecəsi (15 iyul) bu bazadan qalxan F-16 təyyarələri Ankara və İstanbulu bombalayıblar. Bazanın komandiri general Bəkir Ercan Van 17 iyulda həbs edilib. O, hərbi çevrilişə cəhddə iştirakda ittiham edilir. Qiyam cəhdindən sonra Türkiyə qoşunları bazanı mühasirəyə alaraq onun elektrik təchizatını kəsdilər. İncirlik bazası birgə Amerika-Türkiyə bazası kimi 1950-ci illərdə yaradılıb. Baza İŞİD-lə mübarizədə əhəmiyyətli rol oynayıb.

 

CNN yazır ki, əgər ABŞ özünün nüvə silahı ilə əlaqədaq hansısa addım atsaydı, bu tam məxfi əməliyyat olardı. Belə ki, 1974-cü ildə Türkiyə Kiprdə əməliyyat həyata keçirəndə Amerikanın nüvə silahı Yunanıstandan çıxarılmış, Türkiyədə yerləşdirilən silahlar isə sıradan çıxarılmışdı.

 

Hazırda Avropadakı V-61 bombalarının istifadə müddətinin uzadılması və təkmilləşdirməsi üzrə proqram həyata keçirilir. V-61 1960-cı illərdə yaradılıb. Bu atom bombasını bir sıra Amerika döyüş təyyarələri, xüsusi halda, F-16 və yeni F-35-lər daşıya bilər. Əvvəl bombalar Kanada və Yunanıstanda da yerləşirdi, amma hazırda bu ölkələrdə atom bombaları yoxdur. ABŞ “soyuq müharibə” dövründə nüvə silahının təxminən 70 min, Rusiya isə 55 min vahidini hazırlayıb. Hazırda ən böyük nüvə dövlətləri olan ABŞ və Rusiya təxminən 10 min nüvə döyüş başlığına malikdir.

 

NATO-da Amerika nüvə silahına həmrəylik və birliyin ifadəsi kimi baxırlar.  NATO-nun baş katibi Yens Stoltenberq vurğulayır ki, dünyada nüvə silahı olduğu müddətdə NATO-nun müdafiəsi nüvə silahı üzərində qurulacaq.

 

ABŞ, Rusiya, Çin, Fransa və Böyük Britaniya nüvə silahının yayılmaması haqqında müqaviləyə imza atıblar. Hindistan, Pakistan və Şimali Koreya nüvə silahına malik olsalar da, bu müqavilədə iştirak etmirlər. İsrail isə nüvə silahına malik olduğunu etiraf etmir.

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twelve − 6 =