“Türkçülüyün üçlü formulu” kitabı türkçülüyə yeni töhfədir

0
679

Arazinfo.com “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” (Bakı, 2019) adlı kitabı barədə AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent  Faiq Ələkbərlinin qeydlərini oxucularına təqdim edir:

Bu yaxınlarda AMEA Nizami Gəncəli adına Ədəbiyyat İnstitutunun şöbə müdiri, ədəbiyyatşünas, tənqidçi, fil.ü.e.d., prof. Bədirxan Əhmədlinin “Türkçülüyün üçlü formulu: nəzəri və tarixi aspektləri” (Bakı, 2019) adlı kitabı nəşr olunub. Həmin kitabla yaxından tanış olduğum üçün bəzi düşüncələrimi oxucularla bölüşmək qənaətinə gəldim. İlk növbədə, deməliyəm ki, B.Əhmədlinin qələmə aldığı bu mövzunun aktual və vacibliyi şübhəsizdir. Çünki təxminən iki əsrə yaxındır ki, Türk dünyasında, o cümlədən onun bir parçası olan Azərbaycanda bu üçlü formul, yəni türkləşmək, müasirləşmək və islamlaşmaq özünə möhkəm, dayanaqlı bir yer tutmuşdur. Bizcə, müxtəlif zamanlarda Türk aydınları arasında bu üçlü formulla bağlı fərqli, hətta bəzən daban dabana ziddiyyətli fikirlərin olması onun əhəmiyyətini nəinki azaltmış, əksinə bir qədər də artırmışdır. Məsələn, Osmanlı Türk dövlətinnin ziyalılarının bu üçlü formula olan münasibətini, çar Rusiyasının işğalı altındakı Türk xalqlarının aydınlarının baxışları ilə eyniləşdirmək doğru deyildir. Ən azı ona görə ki, Osmanlıda türkçülük, müasirlik, islamlıq dövlətçiliyin bütünlüyü və müdafiəsi üçün lazım olan taktiki mənafelərə xidmət edilməyə çalışıldığı halda, çar Rusiyasının işğalına məruz qalmış Türk ellərində isə özünüifadə, özünümüdafiə və milli azadlıq hərəkatı ideyalarına yönəlmişdir. Bu anlamda Türk ellərindən biri olan Azərbaycan Cümhuriyyətinin bu üçlü formula daha çox bağlanması, hətta bayrağını onunla bütünləşdirməsi təsadüfi olmamışdır. Əlbəttə, biz görürük ki, Osmanlı dövlətinin son dövrü və Türkiyə Cümhuriyyətinin quruluşunun ilk dönəmlərində bu üçlü formul orada da ön planda olmuşdur. Görünür, buna əsas səbəb həmin dövrdə Osmanlı-Türkiyə mütəfəkkirləri ilə çar Rusiyası-Sovet Rusiyası imperiyalarının tərkibində məcburi yaşamağa məcbur olan Türk aydınlarının qarşılıqlı fikir alış-verişi içində olması təsirsiz ötüşməmişdir. Bu baxımdan kitabın müəllifi əsərin girişindəcə doğru qeyd edir ki, üçlü formulun meydana çıxmasında Əli Bəy Hüseynzadə ilə yanaşı Əli Suavi, Ziya Göyalp, Yusif Akçura, Məhəmməd Əmin Rəsulzadə və başqaları da mühüm rol oynamışlar. Üstəlik, burada ideyalarla formulun yerlərini qarışıq salmaq olmaz. Bədirxan müəllim haqlı olaraq “türkləşmək, müasirləşmək və islamlaşmağ”ın ideyalardan formula çevrilməsi yolunu izləməyin əhəmiyyətini göstərir. Çünki yalnız bu metod əsasında üçlü formulun təşəkkül və inkişaf mərhələlərini, ideyalardan formula çevrilməsi xəttini, eyni zamanda bunda əməyi olanların yerini və rolunu obyektiv şəkildə qiymətləndirə bilirik. Belə ki, bu məsələdə heç bir kəsin əməyi azaldılmadan və şişirdilmədən olduğu kimi verilməlidir. Yəni bu üçlü formulun yalnız Əli bəy Hüseynzadənin adına yazılmasını doğru görməyən B.Əhmədli qeyd edir ki, vaxtilə bu məsələdə əməyi olan Əli Suavinin, eyni zamanda həmin formulun formalaşmasında mühüm rol oyanayan Ziya Göyalpın və həmin formulu Azərbaycan bayrağında və dövlət ideologiyasında əks etdirən M.Ə.Rəsulzadənin yerini və rolunu da qeyd etmək lazımdır. Şübhəsiz, bütün hallarda üçlü formulun əsas nüvələrindən biri yenə də Ə.Hüseynzadə olmuşdur. B.Əhmədlinin üçlü formula daxil olan “müasirləşmək” məsələsinə yanaşması da maraq doğrur. Müəllif doğru qeyd edir ki, Rəsulzadənin sayəsində müasirləşmək üçlü formul arasında sonuncu yerdən ikinci yerə qalxa bilmişdir. Halbuki müasirləşmək prinsipi türkləşmək və islamlaşmaqdan daha əvvəl meydana gəlmiş, tənəzzül dövrünü yaşayan Türk-İslam xalqlarının arasında qurtuluşu avropalaşmaqda, qərbləşməkdə görən ziyalılar (Əli Suavi və b.) heç də az olmamışdır. Hətta, Osmanlı, Qacarlar kimi türk-islam dövlətlərinin yuxarı təbəqələrində belə buna cəhdlər olmuşdur. Ancaq Qərblə Şərq mədəniyyətlərinin uzlaşdırılması məsələlərindəki yarımçıqlıqlar istənilən effekti verə bilməzi və vermədi də. Eyni zamanda çar Rusiyasının işğalı altında yaşayan türk-islam mütəfəkkirlərindən də xeyli bir qismi (M.F.Axundzadə və b.) radikal qərbləşmək tərəfdarı olmuşlar. Ancaq burada müəllifin qeyd etməsi ki, Axundzadə Avropanı təqlid etmədən yeniləşməyin tərəfdarı olmuşdur, bunu doğru hesab etmirik. Çünki Axundzadənin bütün əsərlərində demək olar ki, qeyd şərtsiz Qərb dəyərlərini, Avropa qanunları qəbul etmək var. Bununla yanaşı, avropalaşmaq məsələsində Cəmaləddin Əfqani və Həsən bəy Zərdabini onlardan sonrakı mərhələ kimi vermək, hətta Əfqanini qərbləşmə tərəfdarı kimi qələmə vermək də doğru deyildir. Məncə, Əfqani qərbləşmək tərəfdarı deyil, əksinə Qərbin öz ideyaları ilə ona qarşı dayanmaq refleksinin milli ruhlu nümayəndəsi idi. Hesab edirəm ki, müəllifin Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Ziya Göyalpın və Məhəmməd Əmin Rəsulzadənin nümunəsində müasirləşmək məsələsinə baxışı əsasən qənaətbəxşdir. Doğrudan da, Əli bəy Hüseynzadə avropalaşmağı təqlidçilik deyil, daha çox müasir texnologiyaları mənimsəmək baxımından irəli sürmüşdür. Yəni Avropa tərəqqisini qəbul etmək mümkündür, ancaq bütövlükdə isə avropalaşmaq ruhuna bürünmək yanlışdır. Əhməd bəy Ağaoğlu isə Hüseynzadədən fərqli olaraq qərbçiliyi bir qədər də ifrat şəkildə mənimsəməyi təklif edirdi. Bədirxan Əhmədli yazır: “Ə.Ağaoğlu isə bütünlüklə Qərbləşməyi lazım bilirdi. Olsun ki, onu bu fikrə gətirən Maltada sürgün həyatı yaşaması Osmanlının düşdüyü çətin durum olmuşdur”. Müəllif doğru yazır ki, Ziya Göyalpın isə müasirləşmə məsələsinə baxışı, öncə Türk kültürünü mənimsəməklə başlayır. Üstəlik, Göyalp müasirləşmək anlamında Qərb mədəniyyətinə yaradıcı bir mənada yanaşır, milli kültürlə Qərb mədəniyyəti arasında uzlaşmanın mümkünlüyünü ortaya qoyurdu. M.Ə.Rəsulzadənin müasirləşməyə münasibəti Qərbləşməkdən çox cəmiyyətin milli və dini anlamda yeniləşməsidir. Kitabın ana xətti olan türkçülük məsələsinə gəlincə, B.Əhmədli doğru qeyd edir ki, bir çox müəlliflər Əli Suavinin “ilk türkçü”olmasının əleyhinə olsa da, ancaq onun yalnız türkün milli kimliyini üzə çıxarılmasında deyil, dil və əlifba məsələlərində də mühüm əməyi olmuşdur. Bizcə, müəllifin Suavi ilə bağlı baxışları daha tutarlıdır. Çünki digər müəlliflər Suavinin Türklük məsələsində rolunu qeyd etsələr də, əsasən geniş izah etməmişlər. Daha sonra “İttihad və Tərəqqi” cəmiyyətinin türkçülüklə bağlı görüşlərini şərh edən B.Əhmədli yazır ki, təşkilatın proqramında türkləşdirmə siyasəti daha çox Ziya Göyalpın düşüncələrinə əsaslanıb. “Türkçülüyü Türkiyədə ictimai fikir, sistemli nəzəriyyə halına gətirən və dövlətçilik ideologiyasının əsasına qoyan Ziya Göyalp”dır,- diyə yazan müəllifə görə, o, ümumən türk və onun keçmişi haqqında yazmamış, həm də türkçülüyün siyasi, ictimai, sosioloji vəziyyətini ortaya çıxarmışdır. B.Əhmədlinin bu fikirlərinə qatılmaqla yanaşı hesab edirik ki, Z.Göyalp “Türkçülüyün əsasları” əsərində nədənsə özündən əvvəlki türkçülük ideoloqlarının düşüncələrinə çox az yer vermiş, hətta həmin dövrün əsas türkçülük ideoloqu Əli bəy Hüseynzadənin adını yalnız “yalavac” kimi çəkməklə kifayətlənmişdir. Bizcə, müəllif bu məsələyə də aydınlıq gətirməli idi. Üstəlik, Əli bəy Hüseynzadənin “ilk türkoloq”, “türkçülüyü ideoloji cəhətdən işləyib hazırlayan”, “türk dünyasında türkçülüyün atası” kimi adlnadırılmasını çox da doğru hesab etməyən müəllifə görə, bu fikirlər daha çox Azərbaycan coğrafiyasındakı türkçülüyə aiddir. Hesab edirəm ki, bu fikir bir o qədər də dəqiq deyil. Çünki Hüseynzadənin ideyaları yalnız Azərbaycan türkləri üçün deyil, bütün Türk dünyası üçün önəmli olmuşdur. Hətta, mən deyərdim ki, Hüseynzadənin Türkçülük məfkurəsindən Türkiyə daha çox faydalanmışdır nəinki Azərbaycan. Eyni zamanda, onunla da razılaşa bilmərəm ki, Hüseynzadənin yaradıcılığında türkçülük ideoloji deyil, ancaq elmi, maarifçi xarakter daşımışdır. Əslində türkçülüklə bağlı elmi və maarifçi təbliğatın özü daha çox ideoloji məsələlərlə bağlı olmuşdur. Bütün bunlarla yanaşı, B.Əhmədlinin o fikri ilə razılaşırıq ki, Azərbaycanda türkçülüyün əsas mərhələlərindən biri Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cumhurbaşqanı Məhəmməd Əmin Rəsulzadənin adıyla bağlıdır. Məhz Rəsulzadənin siyasi-ideoloji mübarizəsi sayəsində Türkçülük Azərbaycan Cümhuriyyətinin qurulmasında, eyni zamanda dövlət ideologiyasının, o cümlədən üçrəngli bayrağının müəyyənləşməsində əsas rol oynamışdır. B.Əhmədlinin kitabda islamlşamaqla bağlı düşüncələri də maraq doğrur. Müəllif İslam dininin kəskin şəkildə tənqidinin çar Rusiyasının işğalı altında olan şimali Azərbaycandan, daha doğrusu Tiflisdə yaşayan M.F.Axundzadə tərəfindən olmasını müsbət hesab edir. Ancaq B.Əhmədli onu doğru qeyd edir ki, C.Əfqani M.F.Axundzadədən fərqli bir üsul seçərək İslam dinini söküb dağıtmaq yox, islami vəhdət yaratmaq yolunu tutmuşdur. Eyni zamanda, müəllif kitabda Z.Göyalpın, M.Ə.Rəsulzadənin, Ə.Ağaoğlunun, Y.Akçuranın da islamlaşamqla bağlı düşüncələrin yer vermişdir. Hesab etmək olar ki, müəllif həmin mütəfəkkirlərin İslam dini ilə bağlı baxışlarını əsasən doğru izah edə bilmişdir. B.Əhmədli monoqrafiyanın “İdeyadan nəzəri konsepsiyaya-formula doğru” bölümündə də bir daha üçlü formulun yaranması və inkişafı məsələsinə qayıdır. Müəllifə görə, Ə.Hüseynzadə sadəcə, formulun prinsiplərini irəli sürüb, ancaq onu ideoloji cəhətdən əsaslandırmayıb, yalnız türkçülükdən az-çox nə isə yazıb və bunun da daha çox Azərbaycana bağlılığı var. Üçlü formulun siyasi məna kəsb etməsi, ideyadan nəzəriyyəyə çevrilməsi isə Z.Göyalpın adıyla bağlıdır. Şübhəsiz, Hüseynzadənin əməyinin bu dərəcədə azaldılması, bunun fonunda Göyalpın ön plana çıxarılması doğru deyildir. B.Əhmədli monoqrafiyanın “Gələcəyə baxış” bölümündə isə turançılıq, avrasiyaçılıq və modernçilik məsələlərindən bəhs edir. Müəllif yazır ki, turançılıq indi daha aktualdır. Hesab edirəm ki, turançılıq 20-ci əsrin əvvəllərində daha aktual idi, nəinki indi. Biz, indi həmin aktuallığa sadəcə can atırıq. Turançılıqla avrasiyaçılığın yaxınlaşması məsələsinə gəlincə, hesab edirəm ki, indiki halda üstünlük slavyanların əlindədəir. Slavyanların-rusların nəzarəti (hərbi-ideoloji) altındakı avrasiyaçılıq, yaxud da Turan-Slavyan, Türk-Rus birliyi bizlərə çox da yaxşı heç nə vəd etmir.

Faiq ƏLƏKBƏRLİ, AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
Arazinfo.com