Türk tarixinin gözüyaşlı şəhəri-Hacıbəy (2)

0
230

11

1421-ci ildə Burqundiya cəngavəri və səyyahı Jilber de Lannua da Qara dəniz sahillərini gəzir və orada gördükləri şəhər və kəndlər barədə məlumat verir. Onun qeydlərində Qara dəniz sahilindəki Monkastrodan (Akkerman) bəhs edilsə də, Dnepr mənsəbinə qədər olan ərazidə Hacıbəy şəhərinin olması barədə hər hansı bir məlumat verilmir. 1459-cu ildə İtaliyada hazırlanan Fra Mauro adlı xəritədə isə Hacıbəy şəhərinin yerində dağılmış yaşayış məskəni göstərilib və o Fiordeliks adlandırılıb. 1558-ci ildə Bazeldə nəşr edilən və Polşa kralı Siqizmund Avqusta hədiyyə edilən xəritədə isə Kaçibey ( Hacıbəy) şəhəri haqqında belə qeyd var: “Kaçibey. 48.55. Qədim qəsr, yarı dağılmış halda Ovidevo gölünün sahilində yerləşir. Polşanın tanınmış ticarət faktoriyası olub, vaxtilə burada dəniz duzu saxlanılırdı…”

1578-ci ildə Reç Pospolitaya (Polşa- Litva Birləşmiş krallığı) tərəfindən Krım xanlığına göndərilən səfir Martin Bronevski Dnestr çayı mənsəbində dəniz yaxınlığında böyük göl sularının hücumlarına məruz qalan və sanki yer altından boylanan Kaçibey şəhərinin dağıntılarını gördüyünü yazır.

Hacıbəy Türkiyə tarixçilərinin və səyyahlarının gözləri ilə

Hacıbəy ilə bağlı Osmanlı mənbələrində də müxtəlif ehtimallar mövcuddur. Belə ki, 1656-cı ildə tanınmış türk səyyahı Övliya Çələbi Hacıbəy şəhəri ilə bağlı yazıb ki, şəhər Osmanlı sultanı Bayazid vaxtında salınıb. Belə ki, Bayazid 1484-cü ildə Akkerman şəhərini Osmanlıya birləşdirib. O vaxt Xoca adlı bir varlı bəy sultandan icazə alaraq dəniz ətrafındakı qayalıqlarda qala inşa etdirib və bu qala da onun adı ilə Xocabay adlandırılıb.

1709-cu ildə Poltava ətrafında ruslarla müharibədə məğlub olan və Osmanlıya qaçan İsveç kralı Karl XII Qustavı müşayiət edən kamerger və salnaməçi Kuyalnitski Qara dəniz sahilindəki tatar kəndindən- Hacıbəydən bəhs edir. İsveç tarixçisi Tunmann isə 1783-cü ildə Almaniya Coğrafi ensiklopediyası üçün hazırladığı məqalədə Şimali Qara dəniz sahillərindəki Kaçibey şəhərinin adını çəkir.

Hacıbəy rus mənbələrində

Hacıbəy şəhəri və Qara dəniz sahilləri, o cümlədən Krım barədə rus tarixçilərinin özlərinəməxsus iddiaları var. Məsələn, rus tarixçiləri Hacıbəy haqqında danışarkən Krım və Qara dəniz sahillərinin guya yalnız XV əsrdə Krım xanlığının və Osmanlının nəzarəti altına keçdiyini və onlar tərəfindən məskunlaşdırıldıqlarını yazırlar. Rus tarixçilərinə görə sanki adı çəkilən ərazidə Krım tatarlarından əvvəl heç kim yaşamayıb. Rus tarixçiləri bu ərazilərdə eramızdan əvvəl türk kökənli sakların yaşamasının, eramızın V əsrindən sonra isə Qara dəniz ətrafı və indi Cənubi Rusiya çölləri adalandırılan Dəşti Qıpçakda qıpçakların yaşamasını xatırlamaq və ondan bəhs etmək belə istəmirlər. Çünki bu həmin ərazilərin qədim türk kökənli xalqların ərazisi olmasını təsdiqləmək anlamına gəlir.

XVII əsrdə Hacıbəy şəhəri xəritələrdə liman şəhəri kimi deyil, dəniz naviqasiya nişanının ( mayak) olduğu xarabalıq kim qeyd edilib. Amma tanınmış fransız mühəndisi və hərbi kartoqrafı Giyom Levasser də Boplan tərəfindən 1651-ci ildə hazırlanan “Opisaniye Ukrayna” adlı fundamental işində və ona əlavə edilən xəritədə Hacıbəy şəhərinin adı ümumiyyətlə çəkilmir. Amma bu o demək deyil ki, ümumiyyətlə o dövrdə belə şəhər olmayıb. İş orasındadır ki, həmin dövrdə Hacıbəy şəhəri Osmanlının nəzarətində idi. Ukraynanın ilk xəritəsini Boplan 1639-cu ildə hazırlamışdı. “Tabula Geographica Ukrainska” (Ukraynanın coğrafi xəritəsi 44,5×62,5 sm, miqyas 1:1800000) adlanan xəritədə 275 yaşayış məskəninin, 80 çayın, 4 adanın adı çəkilir. Amma Boplan Qara dəniz sahillərinin Ukraynaya aid olmadığını yaxşı bilirdi və ona görə də xəritəsində həmin əraziləri də Ukrayna ərazisi kimi göstərməyib. Sonralar bu xəritənin başqa variantları da ortaya çıxdı və onlarda “Opisaniye Ukrayna”da Krım yarımadası da göstərildi. Məsələn, 1660-cı ildə nəşr edilən “Carte d’Ukranie Contenant plusiers Prouinces comprises entre les Confins de Moscouie et les Limites de Transiluanie” adlı xəritədə Krım yarımadası da əksini tapıb. Halbuki həmin dövrdə Krımda müstəqil dövlət mövcud idi və onun Ukraynaya heç bir aidiyyatı yox idi. Sonradan xəritəyə Krım yarımadasının Ukraynanın tərkibində göstərilməsi Avropanın Osmanlı düşmənçiliyindən və bu ərazilərin guya Ukraynaya aid olması barədə iddiaları ortaya ataraq Osmanlı- Polşa və Osmanlı-Ukrayna münasibətlərini gərginləşdirmək və onlar arasında münaqişələri körükləmək istəyindən irəli gəlirdi. 17-ci əsrin ortalarından başlayaraq Osmanlı və Rusiya arasındakı münasibətlərdə gərginlik hiss edilməyə başladı. 17-ci əsrin ortalarında Rusiya Polşa ilə müharibədə Ukraynanın ağır vəziyyətə düşməsindən istifadə etdi. Ukraynaya Polşa ilə müharibədə yardım edən Rusiya Ukraynanı özünə birləşdirmək adı altında bu ölkəni işğal etdi və bundan sonra ruslar Krıma üzlərini çevirdilər. Rusiyadan gələn təhlükə isə Osmanlını Qara dəniz sahillərindəki qala şəhərləri möhkəmləndirməyə məcbur etdi.

1765-ci ildə Osmanlı Hacıbəy şəhərinə bitişik ərazidə Yeni dünya adı verilən qala inşa etməyə başladı. Daha doğrusu bir vaxtlar möhtəşəm liman şəhəri olan, sonralar isə dağılan Hacıbəy şəhərini osmanlılar yenidən bərpa etdilər. Bununla əlaqədar Rusiya arxivlərində həmin dövrdə tacir adı altında Hacıbəy şəhərinə kəşfiyyata göndərilən casus İvan İslenyevin adı çəkilən şəhər və onun planı barədə göndərdiyi raport saxlanılır. O dövrdə Hacıbəyə bitişik ərazilərdə vassal Edisan Ordası mövcud idi. Edisan Ordası Böyük Noqay Ordasının bir hissəsi idi. Onlar Volqa və Yaik (Ural) çayı ətrafında yaşayırdılar. Ancaq XVII əsrdə onlar kalmıkların təzyiqləri altında öz doğma yurd yerlərini tərk edərək Kubana, 1728-ci ildə isə oradan Krıma köç etdilər. Onların Krımda məskunlaşdıqları ərazi adları ilə Edisan adlandırıldı. 1770-ci ildə bölgədəki noqayların sayı 8 min nəfər idi. 1768-1774-ü illərdə baş verən Osmanlı-Rusiya müharibəsi zamanı ruslar edisanlıları öz tərəflərinə çəkə və onların əli ilə Osmanlıya zərbə vura bildilər. 1774-cü ildə Rusiya ilə Osmanlı arasında imzalanan anlaşmaya görə edisanlıların da müstəqilliyi tanınır. Ancaq onların yaşadıqları ərazi balaca olduğundan dərhal Krım xanlığının tərkibinə daxil edildilər. Lakin edisanlıların Osmanlıya xəyanəti onlara baha başa gəldi. 1783-cü ildə Krımın Rusiya tərəfindən işğalından sonra II Yekaterina manifest verərək Qara dəniz ətrafı ordaların müstəqilliyini ləğv etdi. Manifestdə edisanların, o cümlədən noqayların isə Novorossiysk ( ruslar Dəşti Qıpçaq çöllərini bu adla çağırırdılar) çöllərindən Ural ətrafına köçürülməsi nəzərdə tutulurdu. Noqaylar buna qızğın müqavimət göstərdilər və üsyan qaldırdılar. Lakin bu üsyan Suvorovun komandanlığı altında yatırıldı. Sonralar edisanlar yaşayan ərazilər Yekaterinoslavsk və Voznesensk namestniçestva (1783-1795, 1795-1796), Novorossiysk (1796-1802), Nikolayevsk (1802-1803) və Xerson quberniyalarının (1803-cü ildən) tərkibinə daxil edildilər.

Ruslar Kiçik Qaynarca sülhünün bağlanmasından az əvvəl Hacıbəy şəhərini işğal edə bildilər. Lakin bir neçə aydan sonra ruslar iki ölkə arasında əldə edilən razılığa əsasən Dnepr çayının sağ sahillərini, o cümlədən Hacıbəy şəhərini azad etməyə məcbur oldular. 1775-ci ildə ruslar Zaporojye Seçini ləğv etdilər. Oradakı kazakların bir hissəsini isə Osmanlının nəzarəti altında olan Krıma, o cümlədən Hacıbəy şəhəri ətrafına köçürdülər. Kazakların vasitəsi ilə ruslar Hacıbəyə və Osmanlı nəzarəti altında olan ərazilərdəki vəziyyət barədə operativ məlumatlar əldə edirdilər. Kazaklar özləri də köç etdikləri yeni torpaqlarda Osmanlıların onlara nümayiş etdirdikləri insanpərvərliyinə xəyanətlə cavab verir, imkan düşən kimi türklər və ya tatarlar yaşayan kəndlərə, o cümlədən Hacıbəy qalasına hücum edirdilər. Belə hücumlardan biri 1788-ci ildə Rusiya ilə Osmanlı arasında yeni müharibənin başlamasına gətirib çıxardı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

five × 1 =