TÜRK İŞ ADAMI “SİSTEMİ” VURMAĞA BAŞLADI! – “Monopolist təbəqə ilə…” (VİDEO)

0
853

aslan

Məlum olduğu kimi, Türkiyənin “Emre Piliç Gida Sanayi ve Ticaret Limited” Şirkətinin rəhbəri Ömür Oralın martın 10-da Bakıda vəkil Aslan İsmayılovla birgə keçirdiyi mətbuat konfransında söylədiyi bəzi fikirlər Qərbi Azərbaycanda, yəni indiki Ermənistan ərazisində doğulmuş azərbaycanlıların ünvanına təhqir kimi qəbul olunub.

Şirkət rəhbəri, məhkəmə çəkişməsində olduqları “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin “Emre Piliç”in səhmdarları arasında 30 faiz payla ermənilərin olması ittihamından danışarkən, iddia edib ki, Bozaçıyan və Oksayan soyadlı bu ermənilər, İstanbulda doğulduqları üçün, əslində erməni deyillər, türkdülər.
Sitat: “Emre Piliç”in erməni deyə anılan ortaqları türkdür. Soyadları erməni soyadıdır, amma Türkiyə Cümhuriyyəti kimliyi daşımaqdadırlar. Doğum yerləri İstanbuldur və Ermənistana heç getməmişlər. Mən indi bu sualı vermək istəyirəm: Ermənistanda doğulanmı ermənidir, İstanbulda doğulanmı ermənidir?…”

Türk iş adamının dilə gətirdiyi bu sualla, ehtimal olunub ki, əslən Qərbi Azərbaycandan olan Mürvət Həsənlinin milli mənsubiyyətinə eyham vurulub. Yəni, türkiyəli iş adamının məntiqinə görə, Ermənistanda doğulan birisi, İstanbulda doğulan ermənidən daha çox ermənidir.

Mürvət Həsənlinin özünün, 450 min insanı özündə birləşdirən Qaçqınlar Cəmiyyətinin və digərlərinin bu məsuliyyətsiz iddiaya sərt reaksiyasından sonra Ömür Oral yeni bəyanatla çıxış etmək məcburiyyətində qalıb. Daha doğrusu, vəkil Aslan İsmayılov yeni bir bəyanat yazaraq, Ömür Oralın adından saytlara təqdim edib.

Bəyanatda bildirilir: ““Emre Piliç” Şirkəti ilə Mürvət Həsənli arasında mövcud olan borc mübahisəsinə həsr edilmiş 10 mart 2017-ci il tarixli mətbuat konfransından sonra qarşı tərəfin başlatdığı çirkin kampaniyaya Bəyanatla cavab verməyi uyğun saydım. Bir daha bildirirəm ki, mən əslən Şəki rayonunun Göynük kəndindənəm. Mənim babalarım hələ ötən əsrdə Türkiyə ərazisinə köçüb orada daimi yaşasalar da, bizlər hər zaman Azərbaycanı özümüzə Vətən sayırıq.
10 mart 2017-ci il tarixdə keçirilmiş mətbuat konfransında səsləndirdiyim fikirlərin hazırda başqa istiqamətə yozulması və doğma Azərbaycan millətimin düşüncələrində mənə qarşı ədavət, ikrah toxumlarının səpilməsi təsadüfi deyil, bu məqsədli və planlaşdırılmış bir tədbirdir.
Həmin mətbuat konfransında bildirdiyim kimi, “Emre Piliç” Şirkətinin təsisçilərindən ikisi Arto Sevan Oksayan və Andranik Raffi Bozaçıyan erməni əsilli Türkiyə vətəndaşlarıdır. Onu da vurğulamışam ki, bu şəxslər heç zaman Ermənistanda olmayıb, Ermənistanı özlərinə vətən hesab etmirlər. Bu şəxslər Türkiyədə yaşamış 3-4 nəsillik kökə sahib olmaqla, Türkiyə Respublikasının vətəndaşlarıdırlar və Türkiyəni özlərinə Vətən sayırlar.
Mətbuat konfransında səsləndirdiyim “Türkiyədə doğulanmı ermənidir, yoxsa Ermənistanda doğulan?!” ifadəsinin ictimaiyyətin bəzi təbəqələri tərəfindən “Ermənistanda doğulan azərbaycanlılar ermənidir” ifadəsi ilə eyniləşdiriləcəyini ağlıma belə gətirə bilməzdim. Mən, əlbəttə ki, bunu nəzərdə tutmurdum. Anlatmaq istədiyim o idi ki, ata-babaları və özü Türkiyədə doğulmuş, bir dəfə də olsun Ermənistana səfər etməmiş, Türkiyənin vətəndaşı olan erməni bizim düşmənimizdirmi, yoxsa Ermənistanda doğulmuş, Azərbaycana nifrət edən, Vətənimizə qarşı müharibə və terror törədən işğalçı erməni bizim düşmənimizdir?! Bu iki erməni arasında, əlbəttə ki, əhəmiyyətli fərqlər vardır”.

Türk iş adamının adından A.İsmayılovun yaydığı bu izahat, əlbəttə ki, başadüşüləndir. Çox ciddi siyasi səhv buraxılmışdı və A.İsmayılov bu səhvi düzəltmək üçün heç bir cəhd göstərməmişdi. Deməmişdi ki, bir erməninin İstanbulda və ya dünyanın hansısa digər şəhərində doğulması onu ermənilikdən çıxarmır. Eynilə necə ki, bir türkün, misal üçün, Gürcüstanda anadan doğulması da onun gürcü olmasına dəlalət etmir.

Bu baxımdan, barəsində danışdığımız bəyanatdakı izahat, Ömür Oralın mətbuat konfransında söylədikləri ilə çox da uzlaşmır. Təqdim etdiyimiz videokadrlardan da görünür ki, o, mətbuat konfransında erməniləri hansısa sortlara bölməmiş, onları “işğalçı” və “işğala qarşı olan” kateqoriyasına ayırmamış və çox açıq mətnlə Türkiyədə doğulan ermənini türk adlandırmış, Ermənistanda doğulan şəxsin isə daha çox erməni olduğuna eyham vurmuşdur. Ömür Oralın məntiqilə İstanbulda doğulan erməni, o cümlədən onun şərikləri Bozaçıyan və Oksayan erməni yox, türkdürsə, deməli Ermənistanda doğulan türk də, türk yox, ermənidir! Bu isə absurd bir iddiadır ki, müdafiə olunacaq, bəraət qazandırılacaq heç bir yanı yoxdur.

Bu baxımdan, Ömür Oral və Aslan İsmayılovun “İstanbulda doğulan” ermənilərdən türk düzəltmək cəhdləri uğursuzluğa məhkumdur. Məsələ isə çox sadədir və “AzPolitika” olaraq da ilk gündən məhz bunu vurğulamağa çalışırıq ki, səhmdarları arasında 30 FAİZ PAYLA 2 erməninin təmsil olunduğu bir şirkətin Azərbaycana mal-məhsul idxal etməsinə imkan verilməməlidir! İndiyədək imkan verilib – böyük səhvə yol verilib! Nə bizim, nə Aslan İsmayılovun, nə də Azərbaycan dövlətinin əlində elə bir cihaz yoxdur ki, onunla ermənilərin keyfiyyət “probunu” müəyyən edək və bizə yaxşı münasibət göstərən, işğala haqq qazandırmayan erməniləri müəyyənləşdirib, onlara “sertifikat” verək ki, Azərbaycanla sərbəst ticarət qura, burdan milyonlar qazana bilsinlər. Bu cihaz mövcud olmadığına görə də, sahibləri arasında ermənilərin olduğu və ya ermənilərlə hansısa formada əlaqəsinin aşkarlandığı şirkətlərin Azərbaycanla ticarətinin qarşısı alınmalıdır.

Lakin biz 3 aya yaxındır onu müşahidə edirik ki, rəsmən yarı erməni şirkəti olan “Emre Piliç”in Azərbaycanla ticarətini davam etdirə bilməsi üçün min oyundan çıxılır. Bu “oyunlar” təpədən dırnağa erməni olan Oskayan, Bozaçıyanlardan türk qayırmaq ağılsızlığına qədər “inkişaf edib” ki, bunun da adı Azərbaycan xalqını ələ salmaqdan başqa bir şey deyil. Əsas məqsəd bu şirkətin Azərbaycan bazarındakı mövqeyinin qorunub saxlanmasıdır. Mürvət Həsənli ilə borc qalmaqalı da süni şəkildə şişirdilərək, bu hədəfə çatılmasına xidmət edir. Qarşı tərəfin əsas məqsədi borc məsələsini qabartmaqla, erməni səhmdarlar faktorunu gizlətmək və alverə davam etməkdir. Bu niyyət Ömür Oralın adından yayılan sonuncu bəyanatda da açıq şəkildə etiraf edilir. Sitat:
“Azərbaycanda fəaliyyət göstərən toyuq məhsulları şirkətləri məhz “Ömür Oral” şirkətlərindən mal almağa maraq göstərirlər. “Ömür Oral” şirkətləri olaraq, “şapka”, “otkat”, “qara yollar”la işləmədiyimizdən Azərbaycanın bəzi monopolist təbəqəsi ilə (?!) dil tapa bilmirik. Məhz buna görə də bizim şirkəti sıxışdıraraq, Azərbaycan bazarından çıxarmaq istəyirlər”.

Türk Ömür Oralın öz bəyanatında “şapka”, “otkat” kimi rus sözlərindən istifadəsini bir tərəfə qoyaq, söhbət hansı “MONOPOLİST TƏBƏQƏ”dən gedir? Kimlərlə danışıb “dil tapmağa” cəhd ediblər? Axı hamı bilir ki, Azərbaycanda damazlıq yumurta idxalında heç bir monopoliya olmayıb, indi də yoxdur! Türk iş adamı adi borc mübahisəsi üzərindən Azərbaycandakı iqtisadi sistemi hansı məqsədlə hədəfə götürür? Bu, həqiqətənmi Ömür Oralın təşəbbüsüdür, yoxsa bir türk iş adamının Azərbaycan hakimiyyətilə üz-üzə gətirilməsi kiməsə lazımdır?
Göründüyü kimi, iki iş adamının adi borc mübahisəsinə artıq siyasi çalar verilməkdə və süni surətdə şişirdilməkdədir. BU, KİMƏ LAZIMDIR?

Rasim ƏLİYEV
AzPolitika.info

BIR CAVAB BURAXIN