Türk dilini dövlət dili elan böyük siyasi xadim: Karamanoğlu Mehmet bəy (2)

0
506
May ayının 13-də Türk dilinin dövlət dili elan edilməsinin 741 ili tamam olur.
Arazinfo.com saytı saytı araşdırmaçı jurnalist, yazıçı Əziz Mustafanın bu tarixi hadisəyə həsr edilən araşdırma yazısının ikinci hissəsini oxucularına təqdim edir:
13-cü əsrin əvvəllərində, Anadolunu əbədi türk yurdu edən oğuz-səlcuqların zəifləməsi prosesi gedirdi. Bunun da nəticəsində Anadoluda türk boylarının Artıqoğulları, Məngücüklülər və Danışməndilər dövlətləri meydana çıxmışdı. Danışməndilər dövlətinin təməlini atanlardan biri isə Nurəddin bəy idi. O, Danışməndilərin daxilində Karamanoğulları bəyliyinin əsasını qoydu. Nurəddin bəy mərkəzi dövlətdən -Danışməndilərdən daha az asılı olmaq, eyni zamanda yeni əraziləri öz tabeliyinə keçirmək məqsədi ilə 1220-ci ildə tayfası ilə Sivasdan Anadolunun cənub-qərbinə köç etdi. Onlar Ərəğliyə qədər gəlib çıxdılar. Ərəğli olduqca gözəl, səfalı, bolbulaqlı bir yer idi. O dövrdə Ərəğlidə bizanslılar ağalıq edirdilər. Nurəddin bəy hücumla bizanslıları məğlubiyyətə uğratdı və onlar bu yerləri tərk edərək, Bizansın içərilərinə çəkildilər
Beləliklə, Ərəğlini ələ keçirən Nurəddin bəy tayfası ilə bu gözəl ərazini özlərinə yeni yurd yeri etdi. Bunun ardınca Nurəddin bəy bölgənin strateji bir yerində yerləşən Ərmənəki yeni bəyliyinin mərkəzi elan etdi. Nurəddin bəy həmin dövrdə Səlcuqlu sultanı Əlaiddin Keykubadın ən yaxın müttəfiqi idi və dəfələrlə onun yardımına getmişdi. Əlaiddin bəy Bizansla mübarizədə Nurəddin bəyin dəstəyindən daim istifadə edir və onun köməyi ilə Antalya, Mərsin və Çukuroba bölgələrinin yenidən türklərin nəzarəti altına keçməsində və islamlaşmasında böyük xüdmətlər göstərir. Nurəddin bəyin ölümündən sonra onun yerinə oğlu Karaman bəy keçdi. Karaman bəy millətini sevən biri idi və monqol işğalına qarşı xalqın mübarizəsini təşkil etmişdi. Amma o, monqolların Anadolunu işğal etməsinə mane ola bilmədi. Monqollar isə, öz növbələrində, türklərin dilinə və inanclarına xor baxır, onların öz varlıqlarını itirməsi üçün dillərinə qarşı təxribatlara əl atırdılar. Nəticədə nəinki saraylarda, həm də valiliklərdə rəsmi dil kimi ərəb, ədəbi dil kimi isə fars dilindən istifadə edilməyə başlamışdı. Bu isə ölkədə türk dilində danışan sadə xalq arasında təşvişlə qarşılanmışdı. Səlcuqlu sultanı II Kılıcarslan, bir tərəfdən, monqollarla münasibətdə tarazlaşdırıcı siyasət yeridir, digər tərəfdən də, monqollara qarşı gizlicə mübarizə aparırdı. Bu işdə Nurəddin bəyin oğlanlarına çox etibar edən II Kılıcarslan Karaman bəyin qardaşı Bonsuz bəyi Səlcuqlu mühafizə alayının komandanı vəzifəsinə təyin etmişdi. O, sarayda olanları dərhal qardaşına xəbər verirdi. Qeyd etdiyimiz kimi, Səlcuqlu sultanı ikili siyasət yeridir və yeri gələndə türk bəylərindən işğalçılara qarşı mübarizədə istifadə edirdi. Lakin qarşı tərəf bundan xəbər tutanda onları dərhal monqollara qurban verirdi. Bundan narahat olan türkmən bəyləri Karaman bəyin yanına gələrək, ölkəni həm monqollardan, həm də II Kılıcarslandan xilas etmək üçün ona yardımlarını təklif etdilər. Uzun məsləhətləşmələrdən sonra Karaman bəy buna razılıq verdi. 1263-cü ildə Karaman bəyin başçılığı altında 20 min nəfərlik qoşun Səlcuqlu dövlətinin ana şəhəri hesab edilən Konyaya daxil oldu. Amma Qavalə qalası yaxınlığında iki qardaş ordu arasında baş verən döyüşdə Karaman bəy məğlub oldu. O, geri çəkilərək Ərmənəkə sığındı. Lakin burada da sultan onu rahat buraxmadı. Çünki Karaman bəyin az sonra yenidən güclənərək ona qarşı təkrar mübarizəyə başlayacağından ehtiyat edirdi. Ona görə də II Kılıcarslan Karaman bəyin yaxınlarından birini ələ aldı və onun vasitəsilə düşməninə zəhər verdirdi. Nəticədə Karaman bəy dünyasını dəyişdi. Karaman bəy vəfat edəndə onun oğlanları Mehmet, Mahmud, Qasım və Xəlil Səlcuqlu sultanı tərəfindən həbs edildilər. Lakin sultan tezliklə öldü və bundan sonra onun vəziri Muiniddin Pərvanə tərəfindən Mehmet bəy və qardaşları həbsdən azad edildilər. Qardaşlar yenidən doğma ata ocağına döndülər. Artıq hər şeydən əlini üzən türkmən bəyləri yenidən Karamanoğulları ətrafında birləşməyə başladılar. Bu işdə Mehmet bəyin xocası Mövlana Arizin böyük xidmətləri oldu. O, xalqın öz dilini qoruması və türkcənin dövlət dili elan edilməsi uğrunda Anadoluda təbliğat aparır və ətrafına yeni tərəfdarlar toplayırdı. Mövlana Ariz: “Din və dil bir millətin ruhudur. Tarix boyunca nə dinsiz, nə də dilsiz bir millət olub. Millətlərə can verən, milli mədəniyyətləri qoruyan və nəsildən-nəslə keçirərək yaşadan onların dilləridir. Hər millət öz tarixini, dil və ədəbiyyatını onun əlindən almağa çalışan daxili və xarici güclərlə mücadilə etməlidir. Sizlərin kiçik bir qeyrəti bizi məhv olmaqdan xilas edəcəkdir. Bilin ki, İslamdan öncə Avropaya köç edən Bulqar, Macar və Fin türkləri dillərini qoruya bilmədilər və türklüklərini itirdilər. Dil itincə o dili təmsil edən milli kimlik və dolayısı ilə insan da yox olub gedir”.
Məhz milli dil və milli mənliyin qorunub saxlanılması uğrunda xalqın ayağa qalxması milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı. Davamı var
Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here