Trampın vetosu Türkiyə-ABŞ münasibətlərindəki gərginliyi aradan qaldıra biləcəkmi?

0
342

Ötən həftə ABŞ Senatında qondarma erməni soyqırımı ilə bağlı qəbul edilən sənəd Ankara-Vaşinqton münasibətlərində gərginliyin yenidən artmasına gətirib çıxarıb.  Buna kimi Senatdan 3 dəfə geri qaytarılan qondarma erməni soyqırımı ilə bağlı qətnamənin bu dəfə qəbul edilməsi və təsdiq olunmaq üçün Prezident Donald Trampa göndərilməsi əslində Türkiyənin Suriyanın şimalında müstəqil şəkildə hərəkət etməsi, o cümlədən Vaşinqtonun planlarını pozaraq bölgədə kürd dövlətinin yaradılmasının qarşısını alması, həmçinin Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınmaması barədə Ağ Evin istəyini qəbul etməməsi ilə bağlıdır. Təbii ki, qondarma soyqırımı ilə bağlı Senatda qəbul edilən qətnamə layihəsi Türkiyədə kəskin narazılıqlara səbəb olub.  Məsələyə münasibət bildirən Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun “Tvitter” səhifəsində yazıb ki, Senatın Xarici Əlaqələr Komitəsinin qəbul etdiyi sanksiya qərarı və Senatdan keçən qondarma “erməni soyqırımı” ilə bağlı qətnamə layihəsi ikitərəfli əlaqələrin gələcəyini təhlükə altına alır: “Biz “Sülh Çeşməsi” əməliyyatı başladığı gündən bəri hərbi əməliyyatımızın səbəb və məqsədlərini amerikalı həmkarlarımıza çatdırmışıq. Sanksiyalar və təhdidlər bizi milli təhlükəsizlik maraqlarımızı qorumaqdan çəkindirməyəcək”.

Türkiyə rəsmisi bir daha vurğulayıb ki, ABŞ Konqresinin üzvlərindən bəziləri Türkiyə-Amerika əlaqələrinə xələl gətirir və biz istənilən halda  milli təhlükəsizliyimizlə bağlı güzəştə getmək niyyətində deyilik.

Fəxrəddin Altun ABŞ-ın terror təşkilatı olan  YPG ilə ittifaq qurmasının öncədən ağılsız siyasət olduğunu  bildirib və ölkəsinin ilk günlərdən öz müttəfiqinin belə hərəkətlərini kəskin şəkildə pislədiyini və bu cür davranışların iki ölkə münasibətlərində ağır nəticələrə gətirib çıxaracağı barədə qarşı tərəfə xəbərdarlıq və etiraz etdiyini xatırladıb:

 “Terror təhdidləri qarşısında vətəndaşlarımızın təhlükəsizliyini və rifahını təmin etməyə davam edəcəyik. ABŞ Konqresinin bəzi üzvlərinin tarixi siyasiləşdirmək məqsədilə atdıqları hər addımda onlara bu hadisələri araşdırmaq üçün birgə komissiya yaratmaq təklifimizi xatırlatdıq. Qeyd etdik ki, tarix millətləri bölməməli, əksinə onları birləşdirməlidir. Ancaq son bir neçə aydır ki, ABŞ Konqresinin bəzi üzvləri NATO müttəfiqinin fikirlərini və həssaslıqlarını nəinki görməzlikdən gəlirlər, eyni zamanda iki ölkə və cəmiyyət arasındakı münasibətləri gərginləşdirmək üçün məsuliyyətsiz hərəkət edirlər. Bu qərarlar Türkiyə ilə ABŞ arasındakı əlaqələrə heç bir fayda gətirməyəcək. Daha əvvəl də qeyd etdiyimiz kimi, ermənilərdən fikir ayrılıqlarımızı elmi və akademik kanallar vasitəsilə uzlaşdıracaq səylərin ABŞ Konqresi tərəfindən ortadan qaldırılmasına imkan yaradılmamasını gözləyirik. Tarix, bu qərarları ABŞ Konqresinin bəzi üzvlərinin Türkiyəyə qarşı məsuliyyətsiz və məntiqsiz hərəkətləri olaraq görəcək. Bu qərarlarda imzası olanlar isə iki ölkə əlaqələrində uzunmüddətli ziyana səbəb olan tərəf olaraq tarixə düşəcək”.

Öz növbəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, əgər  qondarma erməni soyqırımı ilə bağlı sənəd Tramp tərəfindən təsdiqlənsə və ona veto qoyulmasa, onda ABŞ-ın  İncirlik hərbi bazası bağlanacaq. Bundan əlavə Türkiyə Prezidenti ABŞ tərəfindən qondarma erməni soyqırımının rəsmi şəkildə təsdiq ediləcəyi təqdirdə digər cavab tədbirlərinə də əl atılacağını istisna etməyib. O deyib ki, ABŞ “erməni soyqırımı”nı tanıyacağı təqdirdə Türkiyə də Birləşmiş Ştatların hindilərə qarşı həyata keçirdiyi etnik təcavüzü soyqırım kimi tanıyacaq.

Türkiyənin keçmiş Prezidenti Abdullah Gül isə bəyan edib ki, ABŞ Senatının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamənin Türkiyə üçün qanuni qüvvəsi yoxdur.

Qondarma erməni soyqırımının ABŞ Senatı tərəfindən tanınması Azərbaycanda da kəskin etirazlara və narazılıqlara səbəb olub. Məsələ ilə bağlı Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva  bildirib ki, bu ilin 12 dekabr tarixində ABŞ Senatı tərəfindən qondarma erməni soyqırımının tanınmasına dair qəbul edilən qətnamə tarixin saxtalaşdırılması və siyasi təzyiq vasitəsi kimi istifadə edilməsi cəhdidir: “Qətnamənin mətnində elmi-tarixi baxımdan ziddiyyətli və şübhəli mənbələrə istinad olunması bu qətnamənin qeyri-peşəkar səviyyədə hazırlandığını və yalnız erməni lobbi dairələrinin çirkin məqsədlərinə xidmət etdiyini sübut edir. Tarix tarixçilər tərəfindən tarixi obyektivlik prinsipləri əsasında araşdırılmalıdır. Bir əsr bundan əvvəl baş verdiyi iddia olunan hadisələrə ABŞ Senatı siyasi mülahizələrlə qiymət verməyə çalışdığı halda Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, Azərbaycanın işğal olunmuş ərazilərində bir milyondan artıq azərbaycanlıya qarşı törədilmiş qanlı etnik təmizləmə, onların hələ də məcburi köçkün vəziyyətində yaşamasına və Xocalı soyqırımına münasibətdə sükut nümayiş etdirir və ikili standartlarla çıxış edir. Bu qətnaməni qərəzli və hər hansı hüquqi əsası olmayan sənəd kimi qiymətləndiririk”.

 ABŞ Senatı tərəfindən qondarma erməni soyqırımının tanınması barədə qəbul edilən qətnamə layihəsi əslində Türkiyənin istər Suriyanın şimalında, istərsə də Aralıq dənizində öz maraqlarını qətiyyətlə qoruması, həmçinin qeyd etdiyimiz kimi Rusiyadan S-400 zenit-raket komplekslərininn alınmasına münasibətdə geri addım atmaması ilə sıx əlaqəlidir. Əslində bu məsələ hələ ötən ay gündəmə gəlmiş və müvafiq qərar qəbul edilmişdi. Lakin noyabr ayının 12-13-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri və orada apardığı danışıqlardan sonra qondarma erməni soyqırımının tanınması ilə bağlı sənədin Senatda təsdiq edilməsinə senatorlardan biri tərəfindən veto qoyulmuşdu. O vaxt sənədə veto qoyulan zaman Vaşinqtonda güman edirdilər ki, Türkiyə Prezidenti geriyə, ölkəsinə qayıdandan sonra “soyqırımı”nın qəbul edilməsinə veto qoyulmasına cavab olaraq Suriya, Aralıq dənizi və S-400-lər barədə ABŞ-ın tələbləri qarşısında  hansısa güzəştlərə gedəcək. Lakin Vaşinqtonun bu gözləntiləri öz təsdiqini tapmadı. Ərdoğan qəti şəkildə bəyan etdi ki, istənilən halda Türkiyə özünün milli maraqlarını və təhlükəsizliyini ən yüksək səviyyədə təmin edəcək. Məhz Ərdoğanın ABŞ-ın tələblərinə münasibətdə geri addım atmaq istəməməsini nümayiş etdirməsindən sonra Senat yenidən qondarma erməni soyqırımını gündəmə gətirərək müvafiq sənəd qəbul etdi və onu təsdiq üçün Prezident Donald Trampa göndərdi. Bununla bağlı maraq doğuran məsələlərdən biri də Trampın sənədin qəbul edilməsinə veto qoyub-qoymayacağı ilə bağlı idi. Yəni faktiki olaraq ABŞ-Türkiyə münasibətlərinin gələcəyi Trampın adıçəkilən sənədin qəbul edilməsinə veto qoyub-qoymayacağından asılı qalmışdı. Əlbəttə nəzəri baxımdan Trampın “soyqırım” sənədinə veto qoyması istisna edilmirdi. Belə ki, Tramp istənilən halda Senatla müqayisədə Türkiyə ilə əməkdaşlığın ABŞ üçün xüsusi önəm daşıdığını dərk edir və Ankara ilə münasibətlərin gərginləşdirilməsində maraqlı olmadığını nümayiş etdirir. O Türkiyə ilə münasibətlərin gərginləşdirilməsinin ABŞ-ın İran, Suriya, İraq və digər bölgələrdəki maraqlarını təhlükə altında qoyacağını  başa düşürdü. Ona görə də Tramp “soyqırım” sənədinə veto qoydu. Lakin Trampın vetosu Türkiyə-ABŞ münasibətlərindəki  gərginliyi aradan qaldıra biləcəkmi? Bax buna inanmaq çətindir.

Əziz Mustafa

Arazinfo.com