Trampın baş müşaviri: tiranları, diktatorları və radikal islamçı rejimləri necə məhv etməli…

0
706
 11

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın komandasında aparıcı postlardan bir çoxuna kimlərin təyin olunacağı artıq məlumdur. Bunlardan biri də prezidentin milli təhlükəsizlik üzrə  müşaviri postudur ki, artıq Tramp həmin vəzifəyə istefada olan general Maykl Filinnin təyin olunacağını elan edib.

Virtualaz.org xəbər verir ki, Maykl Filinn Trampın seçki komandasında yer alırdı və onun əsas müşavirlərindən biri kimi fəaliyyət göstərirdi. Və seçki kampaniyası dövründə Trampa qarşı kompromatlardan biri də elə Filinn özü idi. Çünki ötən il o Moskvada, Kremlin əsas təbliğat ruporu olan “Rossia Today” telekanalının yubiley tədbirində iştirak etmişdi və prezident Vladimir Putinə yaxın oturmuşdu. Və bu fakt Trampın özünün və komandasının üzvlərinin Rusiya ilə şübhəli əlaqələri barədə çıxışlara səbəb olurdu.

Lakin “The Washington Post” qəzeti yazır ki, general Filinnin bu ilin yayında çapdan çıxmış “Döyüş meydanı” adlı kitabı onun əslində yeni “xaç yürüşünə” çağıran, dini müharibə ideologiyasını irəli sürən fanatik baxışlara malik olduğunu, eyni zamanda Rusiyaya qarşı sərt baxışlarını ortaya qoyduğunu göstərir.

Kitabda general yazır ki, yeni dünya müharibəsi başlayıb, ancaq amerikalıların böyük əksəriyyəti bunu hələ dərk etmir. Bu, radikal islamla müharibədir. Maykl Filinn ABŞ-ın başlıca vəzifəsinin “cihadçıların ordusunu” məhv etməkdən ibarət olduğunu yazır. Və bu məqsədlə pilotsuz təyyarələrlə zərbələrdən, xüsusi əməliyyatlardan və ideoloji müharibədən istifadə etməyə çağırır.

Əgər Tramp Rusiya və Putinlə dostluq edəcəyini deyirsə general Filinn kitabında göstərir ki, Moskva ABŞ-a qarşı düşmən alyansının tərkib hissəsidir və Putin “İslam dövləti”inə qarşı mübarizədə etibarlı tərəfdaş ola bilməz.

Daha maraqlısı budur ki, Filinn dini müharibələrin qaçılmaz olduğunu yazır və bu perspektivin onu qane etdiyinə eyham vurur. “Bu cür müharibələrdə yeni heç nə yoxdur. Bizim dünyamızı da o yaradıb. Dünya protestant reformasiyasına ehtiyac duyur və əgər burada zorakılıqdan istifadə ediləcəkdə biz bundan təəcüblənməli deyilik. Bu, normaldır”-istefada olan general yazır. Başqa sözlə, Trampın gələcək baş müşaviri müqəddəs müharibələri normal sayır.

General Filinn zəngin döyüş təcrübəsinə malik döyüş zabitidir. Onun iştirak etdiyi hərbi missiyalar Qrenadadan tutmuş Əfqanıstana qədər gedib çıxır. Filinn terrorçu şəbəkələri ovlayan peşəkar kəşfiyyatçı kimi tanııb. Xüsusən o, İraqda “Əl-Qaidə” şəbəkəsinin darmadağın edilməsində ad çıxarıb. 2012-ci ildə prezident Obama Maykl Filinni Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə komandan təyin edib, ancaq 2014-cü ildə onun rəhbərlik metodlarına dair şübhələr yarandığı üçün vəzifədən çıxarıb.

“Mən bu müharibədə həm fiziki, həm bürokratik döyüş meydanında iştirak etmişəm, Əfqanıstandan tutmuş İraqa, Afrikanın cəngəlliklərinə qədər. Düşmənlərimizi ekspertlərin əksəriyyətindən yaxşı tanıyıram və qorxu içindəyəm. Biz uduza bilərik. Əslində biz artıq uduzuruq”-o kitabında yazır.

Filinn hesab edir ki, düşmənin kimliyini açıq elan etmədən bu müharibədə dönüş yaratmaq mümkün olmayacaq. Onun fikrincə nə qədər ki, Amerikaya qarşı döyüşənlərin “Bir ovuc fanatik” olduğu haqda həqiqətə uyğun olmayan bəyanatlar səslənəcək, bu mühaibədə dönüş yaratmaq da baş verməyəcək. Çünki əslində düşmən radikal islam ideologiyasını mənimsəyənlərin hər biridir. “Biz onların amoral fəaliyyətinin siyasi və teoloji əsaslarını dağıtmalıyıq”-Filinn yazır.

Bəs buna necə nail olmaq lazımdır? ABŞ prezidentinin gələcək milli təhlükəsizlik müşaviri bütün metodlardan , o cümlədən “rəqəmsal müharibədən” istifadə edilməlidir. General Amerika cəmiyyətində hədsiz “islamofiliya”nın hökm sürdüyünü, liderlərin və siyasətçilərin sanki müsəlmanlara “incidilməsi qadağan olan uşaqlar” kimi baxdıqlarını bildirir. 

Maraqlıdır ki, general kitabında radikal islamla müharibədə Rusiya ilə müttəfiqliyə qarşıdır. Çünki hesab edir ki, Rusiya və İran antiamerika qüvvələri, kriminal qruplaşmalar və terrorçu qruplaşmalarla əlbir hərəkət edən düşmən dövlətlər alyansının liderləridir: “Ruslar və iranlılar arasında oxşar cəhətlər çoxdur. Onlar nəinki bizim ümumi düşmənlərimizdir, eyni zamanda onların hər ikisinin demokratiyanı görməyə gözü yoxdur. Üstəlik onlar və ABŞ-a düşmən olan alyansın qalan üzvləri bununla razıdırlar ki, ölkəyə rəhbərlik üçün diktatura, imperiya və xəlifət daha münasibdir”.

General Filinnin Suriyada “İslam dövləti” ilə mübarizəyə dair baxışları da prezident Trampın fikirləri ilə üst-üstə düşmür. Əgər Tramp hesab edirsə ki, Suriyada “İslam dövləti”ni Rusiya ilə birlikdə məhv etmək olar, general Filinnə görə, ruslar bu məsələdə heç də ideal partnyor ola bilməz. “Nəzərə almaq lazımdır ki, ruslar cihadçılara qarşı mübarizə adı altında Əsədə qarşı çıxan müxaliflərlə döyüşür. Üstəlik heç bir əsas yoxdur ki, Putinin cihadçılara qarşı bizimlə əməkdaşlığa razı olacağını deyək”-Filinn bildirir.

Maykl Filinnin baxışları ilə Donald Trampın vədləri arasında digər uyğunsuzluq ABŞ-ın demokratiyanı başqa ölkələrdə yayması məsələsindədir. Tramp həm seçkiqabağı kampaniyasında, həm seçiləndən sonra ABŞ-ın başqa ölkələrdə rejimləri dəyişdirmək praktikasına qarşı olduğunu ifadə edib. Lakin general Filinn bu məsələdə oğul Buşun proqramını xatırladan baxışlara malikdir: “Tiranlıqların diktaturaların və radikal islamçı rejimlərin boğucu ilgəklərinin ləğv edilməsi dünyanın azadlıqsevər xalqlarının köməyə ehtiyacı olanda bizim ölkə üçün daim rəhbər prinsip olmalıdır”. General əlavə edib ki, ABŞ-ın Yaxın Şərqə demokratiya gətirmək xəyalları puç olub, ancaq orada hansısa formada qayda yaratmaq mümkündür.

General kitabında yazır ki, ABŞ radikal islamçılarla “onların dünyanın harasında olmalarından asılı olmayaraq” mübarizə aparmalıdır. “Biz onların sığınacaqlarını tapıb məhv etməli, yaxud özlərini əsir götürməliyik. Bunun üçün bütün milli gücümüzü səfərbər etməliyik”-general bildirir.

“The Washington Post” qeyd edir ki, general Filinnin keçmiş xidmət yoldaşları nüfuzlu kəşfiyyat zabitinin bu cür sürətlə nüfuzlu fanatikə çevrilməsini anlaya bilmirlər. İndi onunn prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri statusunda fanatik ideyalarını “yaddan çıxarıb-çıxarmayacağı” maraq doğurur…

Virtualaz.org

BIR CAVAB BURAXIN