Tramp NATO-nu Yaxın Şərq ölkələri hesabına genişləndirmək istəyir

0
81

ABŞ prezidenti Donald Trampın NATO-nun Yaxın Şərq ölkələrinin hesabına genişləndirilməsi ilə bağlı dedikləri beynəxalq aləmdə özünəməxsus rezonansa səbəb olub. Prezident Donald Trampın fikrincə, NATO Yaxın Şərqdə baş verən münaqisələrdə yaxından və olduqca fəal iştirak etməli,  eyni zamanda adıçəkilən qurum  ərəb ölkələri hesabına daha da genişləndirilməlidir. Diqqəti cəlb edən önəmli məsələlərdən biri isə şübhəsiz ki, Trampın NATO-nun Şərq ölkələri hesabına genişləndirilməsini vurğulamasının general Qasım Süleymaninin öldürülməsi ilə bağlı bölgədə əmələ gələn gərginlikdən sonraya təsadüf etməsidir. Lakin Trampın məsələ ilə bağlı son açıqlaması  NATO-ya üzv ölkələr tərəfindən soyuq qarşılanıb. Qərbin əksər tanınmış politoloqlarının fikrincə, Trampın NATO-nun ərəb ölkələri hesabına genişləndirilməsi ideyasını həyata keçirmək üçün sadəcə olaraq vaxtı yoxdur. Belə ki, qarşıdan Prezident seçkiləri gəlir və Ağ Evin indiki rəhbərinin bütün diqqəti məhz bu prosesə cəlb ediləcək. Öz növbəsində politoloqlar tərəfindən fərqli dini dünyagörüşünə və mədəniyyətinə malik olan hərbçilərin eyni alyansda birləşməsinin NATO-nun dağılmasına gətirib çıxara biləcəyi barədə xəbərdarlıqlar da eşidilməkdədir. Buna paralel olaraq Trampın Yaxın Şərq ölkələrini NATO-ya inteqrasiya  istəyi də daha çox mif hesab edilə bilər. Üstəlik ortada acı bir həqiqət də var. Belə ki, NATO-ya üzv ölkələrin hərbçiləri arasında Yaxın Şərq ölkələrinə münasibətdə radikal baxışlar mövcuddur və onların gözlərində islam ölkələrində yaşayanların az qala hamısı terrorçudurlar. Əslində Donald Trampın NATO-nun bəzi ərəb ölkələri hesabına genişləndirilməsini təklif etməsinin arxasında sadə bir həqiqət dayanir. Belə ki, ABŞ tərəfindən yanvarın 3-də Bağdad hava limanında İranın İslam Keşikçiləri Korpusunun komandanı general Qasım Süleymaninin öldürülməsindən sonra bölgədə gərginlik ən yüksək həddə çatıb. General Qasım Süleymaninin öldürülməsindən sonra İran tərəfindən ABŞ-ın İraqdakı hərbi bazalarına 35 raket zərbəsi endirilməsi Trampın yuxusunu qaçırıb. Çünki Trampın Süleymanininn öldürülməsinə razılıq verməsi nəinki ABŞ-ın NATO üzrə müttəfiqləri, hətta Konqres  tərəfindən belə narazılıqla qarşılanıb.  Buraya İraq parlamentinin Süleymaninin öldürülməsindən sonra ABŞ bazalarının ölkədən çıxarılması barədə qərar qəbul etməsi də Trampın Yaxın Şərq siyasətinə vurulan daha bir zərbə olub. Belə bir vəziyyətdə faktiki olaraq beynəlxalq aləmdə və ölkə daxilində təkləndiyini anlayan Trampın NATO-nun Yaxın Şərqdə gedən proseslərdə daha fəal iştirak etməsi və bəzi ərəb ölkələri hesabına genişləndirilməsi təklifi ilə çıxış etməkdən başqa yolu qalmamışdı. Çünki  istənilən halda İranla müharibə başlayacağı təqdirdə ABŞ-ın təkbaşına düşməninə qalib gələ biləcəyi mümkün görünmür. Yəni ABŞ NATO-nun yardımı olmadan çətin ki, İran üzərində qələbə çala bilsin. Bütün bunları nəzərə alan Donald Tramp yanvar ayının 8-də ABŞ xalqına televiziya ilə müraciətində NATO-nu Yaxın Şərqdə gedən proseslərdə fəal iştirak etməyə çağıracağını bildirdi. Ertəsi gün, yanvarın 9-da isə NATO Baş katibi Yens Stoltenberqə zəng edən Tramp bəyan etdi ki, alyans Yaxın Şərqdə baş verən prosesdə fəal iştirak etməli və bu qurum bəzi ərəb ölkələri hesabına  genişləndirilməlidir.

 ABŞ prezidenti hətta bəzi ərəb ölkələri hesabına genişləndiriləcək NATO üçün yeni ad da tapdığını Stoltenberqə bəyan etdi. O qeyd etdi ki, Yaxın Şərq ölkələri hesabına genişləndiriləcək NATO belə adlandırılacaq:  NATO-ME ( Middle East-Yaxın Şərq). Trampın fikrincə bu olduqca gözəl səslənir: NATO-ME ( Tələffüzdə NATO-Mİ). Lakin Donald Tramp  Yens Stoltenberqlə görüşündə NATO-nun hansı ölkələr hesabına genişləndiriləcəyi məsələsinə aydınlıq gətirməyib.  Lakin o da aydındır ki, NATO-nun Yaxın Şərq ölkələri hesabına genişləndirilməsi indiki məqamda inandırıcı görünmür. Sadəcə olaraq Tramp son hadisələr nəticəsində bölgədə əmələ gələn gərginliyin İranla müharibəyə çevrilməsindən və bu münaqişədə Qərbdəki müttəfiqlərindən kömək ala bilməyəcəyindən qorxur. NATO-nun Yaxın Şərq ölkələri hesabına genişləndirilməsinə gəlincə, hazırda yalnız Türkiyə bu qurumun üzvüdür. Son illərdə ABŞ-la Yaxın Şərqdə baş verən hadisələrə münasibətdə mövqeləri üst-üstə düşməyən Ankara ilə Vaşinqton arasında soyuq küləklər əsir. Eyni zamanda Trampın açıq şəkildə kürd terrorçularına dəstək verməsi nəticəsində Türkiyə ilə NATO arasında da soyuqluq hiss edilməkdədir. ABŞ-ın Türkiyəyə “Patriot” zenit-raket kompleksləri satmaqdan imtina  etməsinə cavab olaraq Türkiyənin özünün hava məkanının təhlükəsizliyini təmin etmək üçün  Rusiyadan S-400 zenit-raket kompleksləri alması Türkiyə-NATO və Türkiyə-ABŞ münasibətlərində də əlavə gərginliyin əmələ gəlməsinə səbəb olub. Nəticədə Türkiyə tədricən Qərbin düşməni hesab edilən Rusiyanın müttəfiqinə çevrilməyə başlayıb. Yəni NATO Yaxın Şərq ölkələri hesabına genişləndirilmədən belə, qurum daxilində yeganə müsəlman ölkəsi hesab edilən Türkiyə ilə problemlər yaşanmaqdadır. Qeyd edək ki, Tramp prezident seçildikdən sonra ABŞ-ın müttəfiqi hesab edilən Yaxın Şərq ölkələri hesabına NATO bənzəri hərbi alyans yaradılması təklifi ilə çıxış edib.  Belə ki, hələ 2017-ci ildə Tramp tərəfindən Yaxın Şərq Strateji Alyansı (Middle East Strategic Alliance, или MESA) – “Ərəb NATO”su yaradılması təklif edilmişdi.  ABŞ-ın müttəfiqi rolunda çıxış edəcək NATO bənzəri qurumda 6 ölkə, o cümlədən Səudiyyə Ərəbistanı, Birləşmiş  Ərəb Əmirlikləri, Küveyt, Qətər, Oman və Bəhreyn təmsil olunmalı idilər. ABŞ həmçinin yeni hərbi quruma Misir və İordaniyanı da daxil etmək niyyətində idi.

Lakin hələ o vaxt  “Ərəb NATO”sunun bölgə üçün “Ərəb baharı” kimi təhlükəli ola biləcəyi barədə sərt xəbərdarlıqlar eşidilirdi. Məsələyə münasibət bildirən əksər politoloqlar qeyd etdilər ki, ABŞ-ın məqsədi Yaxın Şərqi parçalayaraq “Ərəb NATO”-su ilə bu quruma üzv olmayan ölkələri üz-üzə qoymaq, onlar arasındakı münaqişələri körükləmək və beləliklə bölgənin təbii sərvətlərini çapıb-talamaq siyasətini həyata keçirməkdır. Məsələyə münasibət bildirən sinqapurlu politoloq Li Kuan Yu həmin vaxt bildirmişdi ki,  ABŞ Yaxın Şərqlə bağlı yeritdiyi bütün siyasi gedişlərdə olduğu kimi, bu məsələdə də ikili oyun oynayır:

“Bu elə bir oyundur ki, hazırda Vaşinqtondan başqa qalib olmayacaq. İran artıq onillərdir ki, ABŞ-ın Yaxn Şərqdəki maraqlarına qarşı dayanan və hələ də sağlam şəkildə ayaqda qalmağı bacaran yeganə qüvvədir. İran əlbəttə ki, bu müddət ərzində özünü kifayət qədər inkişaf etdirib. Ona görə də Vaşinqton üçün heç də asan yem olacaq kimi görünmür. Ən azından illərdir tətbiq edilən sanksiyaların və təzyiqlərin Tehranı hələ də əhəmiyyətli şəkildə silkələyə bilməməsi bunu deməyə imkan verir”.

 “Ərəb NATO”sunun yaradılması ilə bağlı məsələdə digər bir ziddiyyətli məqam isə qurumda təmsil olunması nəzərdə tutulan ölkələrdən bəzilərinin ABŞ-ın özünə düşmən hesab  etdiyi İranla isti münasibətlərinin olması ilə bağlı idi. Məsələn,  Qətər İranla yaxşı münasibətlərdədir. Məhz bu faktora görə, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri Qətərə qarşı sərt addımlar atdılar və hətta bəzi informasiyalara görə, onun üzərinə hərbi hücum barədə düşünürlərmiş. Bəs indi Qətərin Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri ilə bir hərbi blokda İrana qarşı savaşmaq istəyində olması haqqında danışmaq nə dərəcədə məntiqidir? Bunlardan başqa, Küveyt və Omanın da İranla müəyyən əlaqələrinin olduğu sirr deyil.

Məsələnin bu tərəfinə diqqəti cəlb edən “Nevv Times” o vaxt yazmışdı ki, Yaxın Şərqdə vəziyyət doğrudan da çox həssasdır və istənilən an onu tarazlıqdan çıxarmaq olar:  “Bunun üçün “Ərəb NATO”su yaratmaq mümkündürmü? Mümkündürsə, onun hansı nəticələri ola bilər? Təsəvvür edək ki, regionda bir neçə ərəb dövləti ilə İranın savaşı başlayır. O halda bütün diqqətlər İsrail-Ərəb dünyası ziddiyyətlərindən yayınıb sünni-şiə qarşıdurmasına yönələcək. Və tam əmin olmaq olar ki, maraqlı dairələr məzhəb savaşını qızışdırmaq üçün yeni-yeni təxribat xarakterli informasiyalar yayacaqlar. Nəticədə, faktiki olaraq müsəlman ölkələri arasında uzunmüddətli ixtilaf prosesi başlaya bilər”.
“Ərəb NATO”-sunun yaradılması ilə bağlı məsələ isə əslində reallıqdan uzaq idi və bunu Qərbdə də yaxşı dərk edirdilər.  Ona görə də 2019-cu ilin fevral ayında ABŞ-ın məşhur “Defense News” hərbi-siyasi nəşri bildirdi ki, “Ərəb NATO”sunun yaradılması ideyası  artıq iflasa uğrayıb.

Məhz bu baxımdan ABŞ prezidenti Donald Trampın NATO-nun Yaxın Şərq ölkələri hesabına genişləndirilməsi təşəbbüsü faktiki olaraq anadan “ölü doğulmuş uşağ”a bənzəyir və çətin ki, onu həyata keçirmək mümkün olsun.

Əziz Mustafa

Arazinfo.com