Tofiq Zülfüqarov: “Təzyiq vardı, amma Ermənistan buna tab gətirə bildi”

0
593

Prezident İlham Əliyev Qarabağ münaqişəsinin həllinə tərəflərin hazır olmaması barədə ABŞ dövlət katibi Con Kerry-nin fikrinə münasibət bildirib: “Azərbaycanı münaqişənin həll olunmamasında günahlandırmaq, ən azı, insafsızlıqdır”.

Dövlət başçısının fikrincə, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir” demək, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir.

O, ABŞ-dan bu bəyanatla bağlı düzəliş gözlədiyini söyləyərək, fikrini belə tamamlayıb: “Əks halda vasitəçilik missiyası sual altına düşə bilər”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov AzadlıqRadiosu-na bildirib ki, Azərbaycanın dövlət başçısı düzəliş tələb etməkdə haqlıdır: “Təbii ki, haqlıdır. Apreldən sonra ümidlər yaranmışdı və o zaman belə bir bəyanat səsləndi ki, artıq Ermənistana tarixdə olmayan təzyiq var. Amma hadisələr onu göstərir ki, təzyiq vardı, amma Ermənistan bu təzyiqlərə tab gətirə bildi. İndisə himayədarları – Rusiya və ABŞ ona dəstək verməkdə davam edir. Rusiya hərbi dəstək verir, Birləşmiş Ştatlarsa siyasi dəstək”.

 

“Bu, əlbəttə, səhv addımdır…”

Keçmiş nazir olub-bitənləri başqa bir hadisə ilə əlaqələndirir: “Bu yaxınlarda məlum oldu ki, Rusiya “İskander” raket kompleksini Ermənistana ötürüb. Yəni iyulda Sankt-Peterburqda keçirilən görüşdən sonra Rusiya Ermənistana hərbi kömək göstərir, digər tərəfdən ABŞ onların qeyri-konstruktiv siyasətinə dəstək verir. Bu, çox narahatedici haldır və onu göstərir ki, apreldən sonra ermənilərin bu və ya digər formada kompromisə gedəcəyinə yaranan ümidlər doğrulmadı. Görünən odur ki, vasitəçilər, ələlxüsus Rusiya və ABŞ, heç də Ermənistana təzyiq göstərmək niyyətində deyillər”.

Tofiq Zülfüqarov da “Vaşinqtondan düzəliş gözləyirik” deyir. O, işğalçının və işğalın qurbanı olan ölkənin tərəzinin eyni gözünə qoyulmasını “qəbuledilməz hal” adlandırır:

“Ermənistanda belə əhval-ruhiyyə vardı ki, Azərbaycan güclənir. Rusiya raketləri verməklə bu narahatlığı aradan qaldırdı. Ermənilər, dediyim kimi, ikitərəfli dəstək alır. Bu problemin həllinə gətirəcəkmi? Bu, əlbəttə, səhv addımdır. Həmsədrlər Ermənistana, ən azı, təzyiqi davam etdirməliydilər ki, proses sülh istiqamətində irəliləsin”.

“Ilham Əliyev ad çəkmədən işarə etdi”

Prezidentin çıxışını şərh edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Con Kerry-nin açıqlamasının təəssüf doğurduğunu söyləyir və səbəbini də belə açıqlayır: “ABŞ bu prosesi sürətləndirmək istəmir. Bunun da obyektiv səbəbləri var. Müxtəlif beynəlxalq məsələlərə ABŞ-la Rusiyanın baxışları kəskin fərqlənir. Ukrayna məsələsinə görə Amerika Rusiyaya sanksiyalar tətbiq edib, Suriya məsələsinə görə ciddi fikir ayrılıqları var və yeni sanksiyalar gündəmdədir. Bu iki böyük dövlət arasında dərin fikir ayrılıqları olduqca, onların Dağlıq Qarabağ məsələsində ortaq baxış ortaya qoyması mümkün deyil”.

Elxan Şahinoğlu İlham Əliyevin çıxışında sezilən bir məqama da diqqət çəkir:“Prezident ad çəkməsə də, orda işarə var ki, bir dövlət Ermənistana pul verir, digəri silah. Silah verən Rusiyadır. Pul verən də Rusiyadır, bir az da Amerika verir. İlham Əliyev ad çəkmədən Amerika və Rusiyanın münaqişənin həllini sürətləndirməkdə maraqlı olmadıqlarına işarə edir”.

 

Elxan Şahinoğlu “düzəliş” məqamına da toxunur və buna ehtiyac görmür: “Bu gün ABŞ-ın Azərbaycandakı səfiri Robert Cekuta da rəsmilərlə görüşünün davam etdiyini, münaqişənin həllində maraqlı olduqlarını dedi. Səfir dövlət katibi Con Kerry-nin açıqlamasını bir qədər korrektə etməyə, yumşaltmağa çalışdı. Bu açıqlama səfiri də pis vəziyyətdə qoyub, amma məsələ ondadır ki, Kerry iki ay sonra vəzifədən gedir, ABŞ-da yeni seçkilər keçirilir və yeni prezident öz komandası ilə gələcək. Ona görə Kerry-nin bu fikri üzərində çox dayanmağa dəyməz. Gələcəyə baxmaq lazımdır. Görək yeni gələn prezidentin komandası Qarabağ məsələsində hansı siyasəti yürüdəcək”.

BIR CAVAB BURAXIN