Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitabları dünya kitabxanalarına göndəriləcək

0
230

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun xarici dillərdə nəşr olunan kitablarının M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasına təqdimetmə mərasimi keçirilib.

Arazinfo.com-a İnstitutdan verilən məlumata görə, tədbirin təşkilatçıları Mədəniyyət Nazirliyi, Tarix İnstitutu və Milli Kitabxanadır.

Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq bildirib ki, kitabxana Tarix İnstitutu ilə sıx əməkdaşlıq edir: “Hər il Tarix İnstitutunda çap olunan kitablar Milli Kitabxanaya təqdim edilir, kitabxana da onları dünya kitabxanalarına çatdırır. İnstitutda Qarabağın, İrəvanın, Naxçıvanın, soyqırımlarının və itirilmiş torpaqların tarixi araşdırılaraq, tarixi həqiqəti əks etdirən əsərlər yazılıb. Elmi müəssisə əsərlərin xarici dillərdə nəşr olunması və dünya ölkələrində yayılmasını diqqət mərkəzində saxlayır”.

Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov çıxışında deyib ki, Prezident İlham Əliyevin təşəbbüsü, çağırışları və tapşırıqları əsasında son illərdə Tarix İnstitutunda 500-ə yaxın tədqiqat əsəri, o cümlədən dünyanın müxtəlif dillərində – rus, ingilis, alman, fransız, ispan, italyan, ərəb, gürcü, fars, erməni və başqa dillərdə kitablar işıq üzü görüb. Xarici dillərdə olan nəşrlər arasında “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Azərbaycan: qısa dövlətçilik tarixi”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “1918-1920-ci illərdə Azərbaycanın türk-müsəlman əhalisinin soyqırımı”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix”, İrəvan xanlığının tarixi ilə bağlı broşürlər və digər kitablar var.

Tarixçi alimlər Nərgiz Axundova, Tofiq Nəcəfli, Aypara Rüstəmova və Şahin Fazil qeyd ediblər ki, bu gün Tarix İnstitutunun nəşrləri türk, ingilis, rus, ərəb, alman, fransız, italyan və başqa dillərdə oxunur. Azərbaycan tarix elmi İrəvan xanlığına, Qarabağ və Naxçıvan tarixinə həsr olunmuş fundamental əsərlərdə erməni saxtakarlarını ifşa edib. Dövlət başçısı bütün bu uğurlara görə institutun 13 əməkdaşını Azərbaycanın Dövlət mükafatına layiq görüb.

Milli Kitabxana tərəfindən Tarix İnstitutuna mikrofilmlərin oxunması üçün Yaponiya istehsalı olan xüsusi avadanlıq hədiyyə edilib.

Sonda AMEA-nın I vitse-prezidenti yanında fəaliyyət göstərən ictimai elmlər üzrə Elmi Şuranın sədr müavini, akademik Nərgiz Axundova Yaqub Mahmudova Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının “Türk dünyasında ilin elm adamı” beynəlxalq mükafatını və İsveçrənin Cenevrə şəhərində fəaliyyət göstərən “UN Council for Public Awards” (UNCOPA) təşkilatının “Avropa lideri ulduzu” ordenini təqdim edib. Yaqub Mahmudova akademiyanın mükafatı 2019-cu ildəki uğurlarına görə, təşkilatın ordeni isə dünya elmi və təhsilindəki xidmətlərinə görə verilib.

Xatırladaq ki, Yaqub Mahmudov bundan əvvəl Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü seçilib və türk dünyası elmi və təhsilinə verdiyi böyük töhfələrə görə akademiyanın “Beynəlxalq Qızıl Ulduz” medalı və Beynəlxalq Atatürk Mükafatı ilə təltif edilib.