Tarix İnstitutunun nəşrləri Küveytdə BMT baş katibinin xüsusi nümayəndəsinə təqdim edilib

0
421

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT baş katibinin humanitar məsələlər üzrə xüsusi nümayəndəsi, Küveyt Əmirinin humanitar məsələlər üzrə müşaviri və Beynəlxalq İslam Xeyriyyə Təşkilatının sədri Abdullah Əl-Mətuq ilə görüşüb.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, nümayəndə heyətinə institutun elmi katibi, dosent İradə Əliyeva, “Qarabağ tarixi” şöbəsinin müdiri, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi” kitabının məsul redaktoru, dosent Güntəkin Nəcəfli, eyni adlı kitabın ərəbcə nəşrinin məsul redaktoru, şərqşünas, dosent Gülnur Mahmud və Sənaye, Mənəvi və Mədəni Tərəqqi naminə Beynəlxalq Təşkilatın Azərbaycan üzrə rəhbəri Elçin Nəsirli daxildir.

Görüşdə Yaqub Mahmudov bildirib ki, Azərbaycan xalqı terrora, soyqırımlarına və deportasiyalara ən çox məruz qalmış xalqlardan biridir: “200 ilə qədər bizim vətənimiz çar Rusiyası və Sovet imperiyasının işğalları altında qalıb və bütün məscidlərimiz dağıdılıb. Cənubi Qafqazda ilk məscid 728-ci ildə Azərbaycanda tikilib. Mən hələ 1967-1968-ci illərdə yazmışam ki, islam xalqımızın təşəkkülündə, Azərbaycan isə müsəlman intibahının yaranmasında böyük rol oynayıb. Hazırda Azərbaycanda yüzlərlə məscid var. Bakıdakı Heydər məscidində şiələrlə sünnilər qardaş kimi bir yerdə, yan-yana namaz qılırlar”.

Yaqub Mahmudov çıxışında qeyd edib ki, XIX əsrin əvvəllərində çar Rusiyası Cənubi Qafqazdakı Azərbaycan dövlətlərini işğal edərək, burada islamı sıxışdırıb: “Tarix İnstitutunda ilk mənbələr əsasında erməni vandallarının yox etdiyi İrəvan məscidlərinin tarixi yazılıb”.

Tarixçi alim deyib ki, ermənilər Cənubi Qafqaza gəlmə etnosdur. Onlar əvvəlcə Balkan yarımadasından Kiçik Asiyaya gəlib, oradan isə digər ölkələrə yayılıblar. 1828-1829-cu illərdə çar Rusiyası onları Qarabağ, İrəvan və Naxçıvan xanlıqlarının ərazisinə köçürdü. Ermənilərin Cənubi Qafqazın ən qədim əhalisi olması fikrinin uydurma olduğunu sübut edən, dünyanın bir çox dillərinə tərcümə olunmuş “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı artıq ərəb dilinə də tərcümə edilib.

Tədbirdə Abdullah Əl-Mətuq bildirib ki, bütün Azərbaycan həqiqətlərini öz səlahiyyətləri çərçivəsində bəyan və müdafiə edəcək: “Dəfələrlə Prezident İlham Əliyevlə görüşmüşəm. O, müasir dünyanın böyük dövlət xadimlərindən biridir. Azərbaycanda gedən sürətli inkişafdan çox məmnunam. Şeyxülislam Allahşükür Paşazadə ilə dostluq əlaqələrim var”.

Görüşün sonunda Yaqub Mahmudov Abdullah Əl-Mətuqa Azərbaycan həqiqətləri ilə dərindən maraqlandığı üçün təşəkkür edib və ona Tarix İnstitutunun ərəb dilindəki nəşrlərini – “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “İrəvan xanlığı: İrəvan qalası – qəhrəmanlıq qalası”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi İrəvan məscidləri”, “Çuxursəd hakimləri və İrəvan xanları”, “İrəvan xanlığı: Erməni vandallarının yox etdiyi Xan sarayı” və “Real tarix və “Böyük Ermənistan” uydurması” kitablarını təqdim edib.

Arazinfo.com