Tarix İnstitutunda Gənclər günü ilə bağlı Elmi Şura keçirilib

0
397

 

 

Fevralın 2-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu 2 fevral – Gənclər günü ilə bağlı genişləndirilmiş Elmi Şura keçirib.

Tarix İnstitutundan Arazinfo.com-a verilən məlumata görə, Elmi Şuranın iclasında institut direktoru, akademik Yaqub Mahmudov gənclərin cəmiyyətdəki rolundan, ölkəmizdə onlara göstərilən diqqət və qayğıdan danışıb.

Akademik bildirib: “Ümummilli lider Heydər Əliyev gənclərlə bağlı siyasətini müstəqil Azərbaycan dövlətinin ən mühüm fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirirdi. Hələ ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin diqqət və qayğısı sayəsində minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin aparıcı ali məktəblərinə müxtəlif ixtisaslar üzrə təhsil almağa göndərilib”.

İnstitut direktoru qeyd edib ki, Ulu öndər Heydər Əliyevin 1995-ci ildə irəli sürdüyü Gənclər Forumu ilə bağlı təşəbbüsündən sonra 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilib: “1996-cı il fevralın 2-də keçirilən I Forumda Heydər Əliyev gənclər qarşısında tarixi bir vəzifə qoydu: “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”.

AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri Famin Salmanov bildirib ki, dövlətimizin yaratdığı geniş imkanlar nəticəsində gənc alimlərimiz cəmiyyətin avanqard qüvvəsinə çevriliblər.

Tarix İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Rəşad Mustafa qeyd edib ki, institutda 40 nəfər gənc çalışır: “İnstitutun gənc alimləri 2017-ci ildə 24 beynəlxalq elmi konfransda iştirak ediblər”.

Bildirilib ki, institutun gənc alimlərindən olan Lamiyə Qafarzadə 2017-ci ildəki uğurlarına görə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin Gənci” mükafatına layiq görülüb. Digər gənc alim Elnur Nəciyev isə Azərbaycan dilli vikipediyanın zənginləşdirilməsində fəal iştirakına görə müxtəlif səlahiyyətli qurumlar tərəfindən mükafatlandırılıb.

Xatırladaq ki, 2015-ci ildən AMEA-da ilk dəfə magistratura təhsilinə başlanılıb. Hazırda Tarix İnstitutunda 3 magistr təhsil alır. İnstitutun magistrları Azərbaycanın qədim və orta əsrlər tarixi üzrə ixtisaslaşır, o cümlədən qədim mixi yazıları (Şumer, Akkad, Elam, hurri və Urartu) və osmanlı xətlərini (siyaqət) öyrənirlər.

Bildirilib ki, institutda yeni yaradılan 2 şöbənin – İctimaiyyətlə əlaqələr və Təhsil şöbələrinin müdirləri gənclərdir.

Digər çıxış edənlər əlamətdar gün münasibətilə gənc alimləri təbrik edib və uğurlar arzulayıblar.

Sonda institutun bir qrup gənc aliminə fəxri fərmanlar təqdim olunub.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

4 − three =