Tarix İnstitutu ilə “Voprosı İstorii” jurnalı arasında müqavilə bağlandı

0
48

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutu Rusiyanın “Voprosı İstorii” jurnalı ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Arazinfo.com-a Tarix İnstitutundan verilən məlumata görə, müqaviləni institutun direktoru, akademik Yaqub Mahmudov və jurnalın baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Pyotr İsgəndərov imzalayıblar.

Müqaviləyə əsasən, jurnalda institut alimlərinin müntəzəm olaraq məqalələri çap olunacaq.

Yaqub Mahmudov görüşdə bildirib ki, Azərbaycan və Rusiya arasında sıx elmi əməkdaşlıq var: “Məmnunam ki, Azərbaycan tarix elmindəki yeni araşdırmalar bu jurnal vasitəsilə Rusiya elmi ictimaiyyətinə çatdırılacaq”.

Akademik rusiyalı alimə Tarix İnstitutu barədə ətraflı məlumat verərək deyib ki, institutun elmi tədqiqat fəaliyyəti ölkə rəhbərliyinin daim diqqət mərkəzindədir: “Prezident İlham Əliyev Tarix İnstitutunu “ölkəmizdə tarix üzrə araşdırmaların mərkəzi” adlandırmaqla institutumuza çox yüksək qiymət verib. Azərbaycan tarixinin saxtalaşdırılmış səhifələrinin yenidən yazılması və müxtəlif tarixi dövrlərdə itirilmiş torpaqlarımızın tarixinin araşdırılaraq bugünkü nəsillərə olduğu kimi çatdırılması institut əməkdaşlarının əsas tədqiqat obyektidir. Müstəqillik illərində institutda aparılan tədqiqat işləri ilə Rusiya və dünya alimlərinin tanış edilməsi olduqca vacibdir”.

Görüşün sonunda Yaqub Mahmudov “Voprosı İstorii” jurnalının redaksiyasına Tarix İnstitutunun rus dilindəki nəşrlərini – “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “Real tarix və “Böyük Ermənistan” uydurması”, “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Saxtakarların yalançı elmi, yaxud ermənisayağı “tarix” və digər kitabları hədiyyə edib.

Xatırladaq ki, institut bundan əvvəl “Sovremennaya nauçnaya mısl” (Rusiya) və “Akademik Tarix və Düşüncə” (Türkiyə) jurnalları ilə də əməkdaşlıq müqavilələri imzalayıb.