Tanınmış şairdən Alim Qasımova: Zalım adam…

0
761


 

Bu gün Azərbaycanın dünya şöhrətli xanəndəsi Alim Qasımovun 60 yaşı tamam olur.

Kult.az xatırladır ki, xalq artisti Alim Qasımov 1957-ci il avqustun 14-də Qobustan rayonunun Nabur kəndində doğulub. 1978-1982-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində və 1983-1989-ci illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda muğam dərsləri alıb. 1982-ci ildə Birinci Respublika muğam müsabiqəsinin qalibi olub.

Səmərqənddə keçirilən Beynəlxalq Musiqi Simpoziumunda isə ən yüksək mükafata – Qran-priyə layiq görülüb.

1988-ci ildə ABŞ Milli Folklor Festivalında xüsusi diploma layiq görülən Alim Qasımov həmin ildə əməkdar artist, 1993-cü ildə isə xalq artisti adını adını alıb.

Getdikcə şöhrət qazanan xalq artisti 1994-cü ildə isə Hyustonda musiqi medalı ilə təltif olunub, 2000-ci ildə “Avropa Dünya Musiqi xəritəsi”ndə 9-cu yeri tutub.

O, təkcə Azərbaycan musiqisinin deyil, ümumilikdə mədəniyyətinin sonuncu və əsas mogikanlarından biri hesab olunur.

Kult.az tanınmış şair, sənətkarın dostu Rüstəm Behrudinin onun doğum günü ilə bağlı təbrik və şeirini təqdim edir:

“Oxu, Alim, oxu! Göy üzünü sevib, yer üzündə yaşamağın acısı var səsində. Oxu!

Boş bir məzar var uzaqlarda, başdaşını atəşlər yonur cəhənnəmdə. O atəşlərin üstünə oxu!

Kiminsə keçmişi kiminsə gələcəyi, kiminsə gələcəyi kiminsə keçmişidir. Bəs onda hara can atırsan, zalım adam?!

Can atmadan oxu!

Bir sərxoş boş qədəhdən nə umursa buralardan umacağın o qədərdir sənin! Oxu və çıx get!

Oxu! Bəndələri gücsüz Allahdan qaçıb İblisin bərbəzəkli arabasına minməyə qoymamaq üçün oxu!

Bizi yer üzündə təkbaşına buraxıb gedən Tanrını adına dua oxu!

Bizim hamımızın əvəzindən oxu!

Tanrıdan başqa hər şeyi unuda-unuda oxu!

Adsız bəndələrin adı ilə oxu!

OXU:

Çıxıb zaman adlı həddən,
Tanrıya çox yaxınsan sən,
İsa, Musa, Məhəmməddən
Bu divanə halın ilə!
Oxu, Alim, oxu!”

 

BIR CAVAB BURAXIN