‘Status məsələsi sülh prosesini məhv etməkdir’

0
602

11

«Ermənistanın belə xoşagəlməz bəyanatlar səsləndirməsi sülh prosesinə mənfi təsir edir. Prezidentlərin Sankt-Peterburq görüşündə, Nyu-Yorkda həmsədrlərlə birgə keçirilmiş görüşdə də biz müzakirələr aparmışıq ki, ilk növbədə Ermənistan qoşunları işğal olunmuş ərazilərdən çıxarılmalıdır».

«Turan» agentliyinin xəbərinə görə, xarici işlər naziri Elmar Məmmədyarov Ermənistan prezidentinin mətbuat katibinin «Dağlıq Qarabağ ya müstəqil olmalı, ya da bizə birləşdirilməlidir» bəyanatını şərh edərkən belə deyib.

O, dekabrın 2-si Azərbaycanda rəsmi səfərdə olan Bosniya və Herseqovinanın xarici işlər naziri Igor Crnadak-la birgə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Nazirlər iki ölkənin əməkdaşlıq imkanlarından bəhs ediblər. Onlar deyiblər ki, hər iki ölkəyə fayda gətirə biləcək bütün əməkdaşlığa tərəfdardırlar. Ancaq mətbuat konfransında E.Məmmədyarova, əsasən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı suallar verilib.

Nazir Dağlıq Qarabağın statusu ilə bağlı məsələyə gəldikdə, müxtəlif fikirlər səsləndirildiyini deyib.

«Hamıya məlumdur ki, status məsələsini qaldırmaq sülh prosesini məhv etmək deməkdir. Növbəti mərhələdə biz deyə bilərik ki, Dağlıq Qarabağın azərbaycanlı icması da öz torpaqlarına qayıtsın, sonra status müzakirə oluna bilər. Çünki azərbaycanlı icmasız status məsələsini müəyyənləşdirmək mümkün deyil. Yenə deyirəm, status məsələsini qaldırmaq sülh prosesini məhv etməkdir. Bu tip bəyanatlar sülh prosesinə mənfi təsir edir», – nazir bildirib.

«ERMƏNİSTAN CAVAB VERMƏYİB»

E.Məmmədyarov vurğulayıb ki, Azərbaycan imitasiya xarakterli danışıqlar aparmaq niyyətində deyil. «Biz sülh danışıqları üzərində işləməliyik. Fransanın Hamburqda görüş təklifinə Ermənistan, hələ də cavab verməyib. Bu o deməkdir ki, onlar, ümumiyyətlə, sülh prosesinə də dəstək vermirlər», – o, qeyd edib.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Qarabağ danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr ölkələrdir.

 

BIR CAVAB BURAXIN