Stalini necə öldürdülər? (1)\Əziz Mustafa

0
668

 

63 il bundan əvvəl, 1953-cü il mart ayının 5-də SSRİ adlı bir imperiyanı dünyanın siyasi səhnəsinə çıxararaq onu güclü və qüdrətli dövlətə çevirən, Hitler Almaniyasını diz çökdürərək, adını XX əsrin ən görkəmli siyasətçiləri sırasına yazdıran İosif Vissarionoviç Stalin müəmmalı şəkildə dünyasını dəyişdi. Stalinin ölümü, belə demək mümkünsə, SSRİ-dəki sadə xalq tərəfindən böyük kədər və hüznlə qarşılandı, milyonlarla insan onun ölümünə göz yaşları tökdü. Halbuki Stalin həm də XX əsrdə SSRİ-də yüz minlərlə insanı müxtəlif adlar altında həbsxanalarda çürüdən, ölkənin qaymaqları hesab edilən ziyalıların güllələnməsinə imza atan, əlləri günahsız insanların qanına batan bir cəllad, tiran idi. Hələ o vaxt istər SSRİ daxilində, istərsə də beynəlxalq aləmdə Stalinin öz əcəli ilə ölmədiyi, onun yaxın ətrafı tərəfindən zəhərləndiyi iddia edilirdi. Lakin bu iddiaların doğru olduğunu sübut etmək üçün əldə fakt yox idi. Daha doğrusunu desək, Stalinin ölümü ilə bağlı sirrlər Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) arxivlərində qorunurdu və bununla bağlı sənədləri araşdırmağa heç kimə icazə verilmirdi. Yalnız SSRİ dağılandan sonra Stalinin müəmmalı ölümü ilə bağlı bəzi sənədlər üzərindən sirr pərdəsi götürüldü. Stalinin ölümü ilə bağlı sənədlərin araşdırılmasında və əsl həqiqətlərin üzə çıxarılmasında isə tarixçi alim və publisist Nikolay Dobryuxa müəyyən rol oynadı. Dobryuxa Stalinin müəmmalı ölümü ilə bağlı bəzi sənədləri araşdırdı və onların əsasında belə nəticəyə gəldi ki, həqiqətən də, o, heç də öz əcəli ilə ölməyib.

Ölümdən qabaq çox sağlam idi

Stalinin ölümü ilə bağlı yayılan rəsmi məlumatlarda onun beyninə qan sızmasından dünyasını dəyişdiyi iddia edilir. Guya ömrünün sonlarına yaxın Stalin müxtəlif xəstəliklərdən əziyyət çəkirmiş. Amma Stalinin hətta qoca yaşlarında belə olduqca sağlam olduğu hamıya məlum idi. Bunu Stalinin sağlamlığına nəzarət edən həkimlərin qoyduqları diaqnozlar da sübut edir. Məsələn, 1947-ci il sentyabr ayının 16-da Stalin Matsest kurortunda istirahət edirdi. Kurorta getməzdən əvvəl Stalini müalicə edən həkim Kirillov onu yoxlayaraq belə bir diaqnoz qoymuşdu: “Diaqnoz: hipertoniya ilkin mərhələdə, oynaqların xroniki ağrıları, revmatizm, yorğunluq. Nəbzi dəqiqədə 74 dəfə vurur. Arterial təzyiqi 145/85”.

Yaşı 40-dan 60-dək ötən əksər insanlar üçün belə bir təzyiq əslində normal hesab edilir. Stalinin isə həmin dövrdə 67 yaşı vardı. Halbuki 60 yaşda olan insanın arterial təzyiqi 150/ 90 olmalı idi. Stalinin 70 yaşında təzyiqi isə 140/80 idi. Bununla bağlı həkim Kirillovun Stalinin sağlamlığı ilə bağlı 1950-ci il sentyabr ayının 9-da qoyduğu diaqnozda deyilir: “Hamama gedənə kimi nəbzi dəqiqədə 74 dəfə vurub. Hamamdan sonra nəbzi dəqiqədə 68 dəfə vurur. Arterial təzyiqi 138/75-dir. Hamamdan sonra ürəyi daha yaxşı işləyir. Yuxusu normaldır, ümumi vəziyyəti yaxşıdır”.

Stalinin 72 yaşı olanda, 9 yanvar 1952-ci ildə isə onun sağlamlığına cavabdeh olan həkim Kirillov yazmışdı: “09.01. Nəbzi dəqiqədə 70 dəfə vurur. Arterial təzyiqi 140/80-dir”. Kirillov o vaxt Stalinə bu diaqnozu onun qriplə xəstələnməsi və yüksək temperaturu olan vaxt qoymuşdu. Müqayisə üçün deyək ki, ən gənc sağlam adam belə bu cür diaqnozla fəxr edə bilərdi. Çünki belə diaqnoz, adətən, gənc və sağlam adamlara qoyulur. Ona görə də üstündən cəmisi 1 il ötəndən sonra Stalinin ölümü ilə bağlı qoyulan diaqnozda onun xəstə olması və II Dünya müharibəsi zamanı yaşadığı gərgin anların sağlamlığına təsir etməsi barədə deyilənlər heç də həqiqəti əks etdirmir. Stalinin guya ağır xəstə olması ilə bağlı məlumatlar əsasən onun ölümündən bir gün əvvəl, 1953-cü il mart ayının 4-dən verilməyə başlandı. Bu məlumatda deyilirdi: “Martın 1-dən 2-nə keçən gecə Stalinin beyninə qan sızıb… Buna səbəb isə hipertoniya və ateroskleroz olub”.

Bu yalan məlumat Beriya və həmin dövrdə onun tərəfdaşları kimi çıxış edən Malenkov və Xruşşov tərəfindən dəstəklənirdi. Halbuki cəmisi 1 il əvvəl Stalin kifayət qədər sağlam təsir bağışlayırdı.

Zəhəri kim verdi?

Stalinin müəmmalı şəkildə ölməsi ilə bağlı arxiv sənədlərini araşdıran Nikolay Dobryuxa yazır: “Arxiv sənədlərini araşdırarkən Stalinin zəhərlənməsi ilə bağlı cəhdlərə 1953-cü il fevral ayının28-i- 1 martda baş vurulduğu qənaətinə gəldim. 28 fevral şənbə günü idi. Şənbə, bazar günləri isə Stalinin şəxsi həkimləri, adətən, istirahət edir, yalnız fövqəladə hallarda onun yanına çağırılırdılar. Zəhərlənmə üçün vaxt da məhz fevralın 28-i seçilmişdi. Lakin yalnız Stalin deyil, onun oxşarını da zəhərləyə bilmişdilər. Çünki Stalinin və onun oxşarının sağ qalması Beriyaya sərf etmirdi. Buna görə də o, Stalinin tezliklə ölməsini istəyirdi. Stalinin vəziyyətinin artıq ağır olduğunu və onun sağalmayacağını dəqiqləşdirən Beriyanın nəzarəti altında rəsmi dövlət orqanları tərəfindən mart ayının 4-də yayılan xəbərdə deyilirdi: “Mart ayının 2-də gecə yoldaş Stalin Moskvada öz mənzilində olarkən onun beyninə qan sızması baş verib…” Sual ortaya çıxır: nə üçün Beriya Stalinin beyninə qan sızmasının bağda deyil, Moskvada baş verdiyini önə çıxarıb. Bəlkə də Stalin bağda olarkən onun oxşarı Kremldə olub və onu zəhərləyərək təcili şəkildə aradan götürüblər” (Arqumentı i faktı.34-cü say 2005).

Stalinin öldürülməsi planını həyata keçirəndən sonra Beriya Varsonovyev döncəsində yerləşən və gizli zəhər hazırlayan laboratoriyanın rəisi Qriqori Moiseyeviç Mayranovskini həbs etdirmişdi. Sonralar Beriya həbs edildi. Bundan xəbəri olmayan Mayranovski həbsdən Beriyaya belə yazırdı: “Mən hazırladığım zəhərin bu qədər gec təsir göstərəcəyini bilmirdim. Buna görə günahkaram. Xahiş edirəm ki, mərhəmət edərək günahlarımı bağışlayasınız. Onu da deyim ki, məndə öz səhvimi düzəltmək üçün öldürücü təsir bağışlayan zəhərli yuxu dərmanları var. Bizdəki texniki avadanlıq güclü zəhər istehsal etməyə qadirdir.”

Sonralar Mayranovski istintaqa verdiyi ifadəsində isə belə demişdi: “Biz zəhəri yeməklə, o cümlədən mineral sularla verirdik. Zəhəri həmçinin məhv ediləcək insanın dərisinə sıçradır və bununla da onun ölümünə nail olurduq”.

Üç butulka mineral su

Stalinin ən yaxın silahdaşı olan Lavrenti Beriyanın, belə demək mümkünsə, daim sadiq olduğu ağasına qarşı çıxması və onu öldürmək niyyətinə düşməsi günümüzdə belə birmənalı qarşılanmır. Hər halda Beriyanı Beriya edən və onu imperiyanın ikinci adamına çevirən Stalin olmuşdu. Stalin olmasaydı, bəlkə də, Beriya adi əyalət rəhbəri vəzifəsindən irəli getməyəcəkdi. Beriya da həmişə Stalinin ona etdiyi yaxşılığın 5 qat əvəzini çıxmağa çalışıb. Ona görə də Beriyanın birdən-birə ağasına arxa çevirməsi və onu öldürmək niyyətinə düşməsi günümüzdə belə sirr olaraq qalır. Ola bilsin ki, həmin dövrdə Stalinlə Beriya arasında hansısa məsələyə münasibətdə fikir ayrılıqları olub və ya SSRİ-nin rəhbəri özünə sadiq olan adama artıq inanmayaraq onu başqası il əvəz etmək fikrinə düşüb. Hər halda rusiyalı araşdırmaçıların ortaya qoyduqları faktlar doğrudursa, onda Beriyanın Stalini öldürtmək və bu yolla özünə gələn təhlükəni aradan qaldırması üçün əlində hansısa əsası olub. Amma yenə də Beriyanın Stalini aradan götürmək niyyətinə düşməsi ilə bağlı çoxsaylı müəmmalar mövcuddur. Ona görə də araşdırmaçıların Stalinə zəhər verilməsi məsələsində günahı Beriyanın üstünə yıxmasının nə qədər doğru olub- olmadığını iddia etmək çətindir. Hələlik isə, yenə də rusiyalı araşdırmaçıların yazdıqlarından belə məlum olur ki, Beriyanın oğlu Serqonun da atasının Stalinə qarşı müxalifətə keçməsindən xəbəri olub. Bununla bağlı Serqo Beriya deyib: “1952-ci ildə atam başa düşmüşdü ki, bundan sonra onun itirəsi heç nəyi yoxdur; tam qorxaq deyildi və o, eyni zamanda qəssab bıçağı altına gedən qoyun da ola bilməzdi… Belə fikirləşirəm ki, atam Stalindən gələ biləcək təhlükəyə qarşı özünü müdafiə etmək üçün hansısa planlara malik ola bilərdi. Atamın əli hər yerə çatırdı və baş verənlərdən dərhal xəbər tuta bilirdi. Onun özünün müstəqil kəşfiyyat qurumu vardı. Atamın gözündən, diqqətindən ən cüzi şey belə qaçmırdı və o, dərhal ətrafında nələrin baş verdiyini başa düşür və buna uyğun da hərəkət edirdi”.

Oxundu: 226

BIR CAVAB BURAXIN