Stalin mükafata görə gec təşəkkür edən aviakonstruktora deyib: “Gecdir, artıq təyyarə uçub”

0
43

Onun “Yak” qırıcı təyyarələri alman faşistlərinin qəniminə çevrilib, dünya şöhrətli təyyarə konstruktoru Aleksandr Yakovlevin hər yeni ixtirası Adolf Hitlerin və Vermaxt zabitlərinin yuxusuna haram qatıb. İosif Stalin isə qələbənin təmin olunmasında bu qırıcılara, onun əfsanəvi müəllifinə, Yakovlevə güvənib…

Arazinfo.com. Musavat.com-a istinadən yazır ki, 1939-cu ilin əvvəllərində konstruktor Aleksandr Yakovlev İosif Stalinin yanına dəvət olunub. Bu, onların ikilikdə ilk görüşü olub. Stalin aviasiya sahəsindəki işlərlə maraqlanıb və Yakovlevə olan böyük inamını dilə gətirib:

– Siz cavan olmağınıza baxmayaraq, öz işinizin bilicisisiniz. Çalışın hər şeyi mənə təffərüatı ilə çatdırasınız. Çəkinmək lazım deyil. Mən real vəziyyəti bilmək istəyirəm. Əvvəlkilər ölkənin aviasiyasını bataqlıqda batırıblar. İndi mən sizə güvənmək istəyirəm və sizə inanıram. Onu da nəzərinizdə saxlayın ki, biz kimə inandığımızı da yaxşı bilirik.

Yakovlev aviasiya sahəsindəki aparılan işlərdən geniş məlumat verib, yaxın günlərdə yeni qırıcı təyyarələrin sınağının keçiriləcətini söyləyib.

Bu görüşdən bir neçə ay sonra konstruktor yenidən dövlət başçısının hüzuruna dəvət olunub. Bu dəfə Stalin kabinetdə tək olmayıb. Vyaçeslav Molotov və Kliment Voroşilov da görüşdə iştirak ediblər. Onlar Yakovlevin yeni ixtirasından, “BB” seriyasından olan “Yak-1” qırıcılarının uğurlu sınağından məmnunluqlarını, razı qaldıqlarını bildiriblər və kiçik müzakirədən sonra təyyarənin istehsalına başlanmasına qərar veriblər. Sonra Yakovlevin gələcək fəaliyyəti ilə bağlı müzakirələr başlanıb. Konstruktor sonralar bu görüş haqqında müəllifi olduğu “Həyat amalı” kitabında yazıb:

“Stalin, Molotov və Voroşilov uzun müşavirə masasının baş tərəfində əyləşmişdilər. Onlar əvvəlcə yeni ixtiramın uğurlu sınağından sonra istehsalına başlanması haqqında qərar verdilər. Hər üçü mənə təşəkkür etdi. Görüş zamanı Voroşilov əlindəki dəftərçəyə nəsə qeyr edirdi və o, bu qeydlərini Stalinə göstərdi. Stalin başı ilə təsdiqini bildirdi və üzünü mənə tutdu:

– Biz sizi “Lenin” ordeni, “ZİS” avtomobili və 100 min rublla mükafatlandırmaq qərarına gəldik. Elə günü sabah işlər idarəsindən sənədlərinizi götürüb makafatlarınıza sahib ola ilərsiniz.

Doğrusu, mən bunu gözləmirdim və etiraf edim ki, həyəcanımı da gizlədə bilmirdim:

– Yoldaş Stalin, bu işlri mən tək görməmişəm, bütöv bir kollektiv çalışıb.

– Siz bu gün onların da siyahısını bizə təqdim edərsiniz.

Mən kabineti tərk etdim. Sonradan yadıma düşdü ki, ordenə, maşına, pula görə Stalinə minnətdarlıq etməmişəm. Buna görə çox narahat oldum. Təcili iş yerinə qayıdıb siyahını tərtib etdim, Kremlə yolladım. Səhərisi günü günorta saatlarından sonra mənə Stalinin katibliyindən zəng vurdular və dəstəkdə qalmağımı xahiş etdilər, bildirdilər ki, indi Stalin mənimlə danışacaq. Bir neçə saniyənin içərisində ağlımdan min fikir keçdi, hətta düşünürdüm ki, bəlkə təşəkkür etmədiyimə görə məni tənbeh edəcəklər. Nəhayət, xəttin o başından Stalinin yorğun səsi eşidildi:

– Salam, indi sizin təqdim etdiyiniz konstruktorların siyahısı mənim qarşımdadır. Amma nədənsə mən bu siyahıda sınaqları həyata keçirən təyyarəçinin adını görmürəm.

– Yoldaş Stalin, mən onu yaddan çıxara bilmərəm. Onun adı siyahıda var, “Lenin” ordeninə təqdim olunacaq siyahıda.

Daha bir neçə saniyə keçdi və yenidən onun səsi eşidildi:

– İndi gördüm, diqqətimdən yayınmışdı. İşləriniz neçə gedir?

– Hər şey qaydasındadır, plan üzrə.

O, dəstəyi yerə qoydu. Mən bu dəfə də təşəkkür etməyi unutdum. Sonralar bu təşəkkür məsələsini Kremldə keçirilən tədbirlərin birində Stalin mənə zarafatla xatırlatdı:

– Hətta balaca bir uşaq da ona bir konfet veriləndə təşəkkür edir.

Səhvimi bilirdim və etiraf etdim:

– Yoldaş Stalin, həyəcanlı olduğumdan belə alınıb. Biz qəlbimizdə hər gün sizə təşəkkür edirik. Üzrlü sayın.

O, gülümsəyərək cavab verdi:

– Gecdir, təyyarə artıq uçub…

Mən uzun illər, hətta müharibənin ən ağır illərində Stalinlə tez-tez ünsiyyətdə olmuşam. O, deyildiyi qədər də amansız və sərt bir insan deyildi…”

Aleksandr Yakovlev 1906-cı ildə Moskvada anadan olub. Hələ orta təhsil aldığı illərdə gənc təyyariçilər dərnəyində hazırladığı uçan avamodellərlə Moskva birinciliyinin qalibi olub. Jukovski adına hərbi-hava qüvvələri üçün mühəndislər hazırlayan akademiyanı bitirib. Akademik təhsildən sonra o, Mejinski adına 39 saylı aviazavodda işləyib. 1934-1940-cı illərdə Aleksandr Yakovlev “Aviaprom” xüsysi təyinatlı trestin baş konstruktoru olub.

Yakovlev 1940-cı ildə Stalinin təşəbbüsü ilə SSRİ Aviasiya Komissarlığında (sonralar nazirliyində) komissar müavini vəzifəsinə təyin olunub. 1946-cı ildə Yakovlev nazir müavini vəzifəsindən azad olunmağı ilə bağlı Stalinə müraciət edib.

Konstruktor bu haqda da xatirlərində yazıb:

“Eyni vaxtda bir neçə vəzifə daşımaq ixtiralarıma, konstruktor fəaliyyətimə mane olurdu. Müharibə sona çatmışdı və belə düşünürdüm ki, nazir müavini kimi fəaliyyətmə son qoya bilərəm. Amma bu mütləq şəkildə Stalinin razılığı ilə olmalı idi. Aviasiya naziri Mixail Xrunçevlə belə qərara gəldik ki, birlikdə Stalinin qəbuluna gedək. Stalin bizi gülərüzlə qarşıladı. Təvaközarlıqdan kənar olsa da, deməliyəm ki, Stalinin mənə böyük simpatiyası var idi, həmişə mənə böyük hörmətlə yanaşırdı. O, əvvəlcə işimizlə maraqlandı, sonra soruşdu:

– Hansı problemləriniz var? Yəqin ki, mənim yanıma sizi hansısa bir ciddi məsələ gətirib.

Mən gəlimizin məqsədini açıqladım:

– Yoldaş Stalin, heç bir problem yoxdur. İşlərimiz qaydasında gedir. Gəlişimizin səbəbi mənimlə bağlıdır. Xahiş edirəm, məni nazir müavini vəzifəsindən azad edin…

Stalin təəccübünü gizlətmədi:

– Siz məni təəccübləndirirsiniz. Yüksək vəzifə, imtiyazlar, xüsusi səlahiyyətlər. Siz bütün bunlardan imtina edirsiniz? Bəlkə nazir olmaq fikrinə düşmüsünüz? Bir az gözləsəniz, bu arzunuz da reallaşacaq.

– Əsla mən bu fikirdə deyiləm. Nazirlik işləri ilə konstruktorluq fəaliyyəti bir-birinə mane olur. Mən öz işimlə konstruktor bürosunda daha çox xeyir verə bilərəm. Siz də yaxşı bilirsiniz ki, mən inzibatçı deyiləm. Xahiş edirəm, bunu nəzərə alasınız.

– Bəli, mənim sizin elmi potensialınıza şübhəm yoxdur. Və hardasa dediklərinizdə həqiqət var. Siz öz elmi fəaliyyətinizlə ölkəyə daha çox xeyir verə bilərsiniz.

Səhərisi gün Stalinin imzaladığı iki sərəncam mənə təqdim olundu. Biri nazir müavini vəzifəsindən azad olunmağım haqqında, digəri isə general-polkovnik rütbəsi almağımla bağlı…”

Aleksandr Yakovlev təqaüdə çıxana, 1984-cü ilə qədər SSRİ-nin Sınaq Konstruktor Bürosunun baş konstruktoru vəzifəsində çalışıb. Bu illər ərzində onun rəhbərliyi ilə 200-dən artıq aviasiya məhsulu ixtira olunub, onlardan 100-ü kütləvi istehsala buraxılıb.

Aviasiya sahəsindəki xidmətlərinə görə Aleksandr Yakovlev 2 dəfə Sosialist Əməyi Qəhrəmanı, 10 dəfə “Lenin” ordeni, 4 dəfə Stalin mükafatı, 1 dəfə Lenin mükafatı və digər çoxsaylı dövlət təltifləri ilə mükafatlandırılıb.

1984-cü ildən təqaüdə çıxan Yakovlev ömrünün son illərində memurlarını yazıb, bir neçə elmi kitabın müəllifi olub.

Aleksandr Yakovlev 1989-cu ildə, 83 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.