Soyqırım dəhşətlərinə məruz qalan xalq: Tatarlar (2)\Əziz Mustafa

0
401

“Rusların cəza dəstələri yol üstündə qarşılarına çıxan hər şeyi məhv edirdilər. Onlar kənddən kəndə keçir, əllərinə keçən əhalinin hamısını ya yerindəcə öldürür, ya da əsir götürürdülər. Onlar evləri yandırır, heyvanları müsadirə edir, özlərindən sonra canlı yaşaya bilməyəcək odlara qalanan kəndlər qoyurdular. 1553-1554-cü illərin qışında rus cəza dəstələri qızğın döyüşlərdən sonra üsyançıların Meşə çayı ətrafındakı qalasını ələ keçirərək yandırdılar. 6 min nəfər kişi, 15 min nəfər də qadın və uşaq əsir alındı”. (M. Xudyakov, “Oçerki po istorii Kazanskoqo xanstvo”)

1554-1565-cü illərdə Mamış Berdı üzərinə edilən hücumlar nəticəsində Çalım qalası ruslar tərəfindən ələ keçirildi. İşğalçılarla baş verən qızğın döyüşlərdə Kazan xanı Əli Əkrəm öldürüldü. Savaşın həlledici anında üsyançılar sırasında ruslara qarşı döyüşən çuvaşlar Mamış Berdıyə xəyanət edərək onu aldatdılar və ruslara təhvil verdilər. Üsyan rəhbəri Moskvada edam edildi. Mamış Berdıdan sonra tatarların azadlıq mübarizəsinə Əhməd Batır rəhbərlik etmək istədi. O məğlub olan üsyançıları bir araya yığmaq və yenidən Kazan xanlığını bərpa etmək istəyirdi. Lakin onun bu cəhdləri uğursuzluğa düçar oldu. Belə ki, qüvvələr bərabər deyildi və ruslarla ilk döyüşdəcə Əhməd Batır məğlub oldu və ələ keçirilərək edam edildi. Buna paralel olaraq işğal edilən Kazan xanlığının torpaqları ruslara paylanırdı. Bu məqsədlə bölgəyə Rusiyanın içərilərindən assimilyasiyaya uğradılaraq ruslaşmış müxtəlif xalqlar ( o cümlədən türk kökənli fin-uqorlar) köçürülməyə başlandı.

Buna etiraz edən əhali 1572-1573-cü illərdə yenidən üsyan qaldırdı. Üsyançıların əsas qüvvəsini Kazan xanlığının işğalı zamanı İvan Qroznının tərəfində vuruşan və sonralar bu yerdə məskunlaşan dağlı xalqları təşkil edirdilər. Minlərlə tatar və başqırd da üsyançılara qoşulmuşdular. Üsyançılar rus dəstələrinə ağır zərbələr vurdular. Bunu görən İvan Qroznı bölgəyə əlavə hərbi qüvvələr göndərməyə məcbur oldu. Ordu çətinliklə azadlıqları uğrunda ayağa qalxan dağlıların üsyanını yatırda bildi. On mindən artıq üsyançı edam edildi. Onların ailələri və uşaqları, təxminən 25 min nəfər qadın və uşaq xristianlığı qəbul etdirmək şərtilə ruslara qul kimi verildi.

Lakin üsyanlar davam etməkdə idi. 1582-ci ildə Povoljyedə üsyanlar yenidən baş qaldırdı. Üsyançılara qarşı Moskvadan xüsusi cəza dəstələri göndərildi. Lakin onlar üsyanı yatırda bilmədi. Üsyançılar yalnız 1584-cü ildə İvan Qroznı öləndən sonra müqaviməti dayandırdılar. Onlar ümid edirdilər ki, çarın ölümü ilə vəziyyətləri yaxşılaşacaq. Lakin bu ümidlər özünü doğrultmadı. Buna görə də, 1592-ci ildə Kazan xanlığında üsyanlar yenidən başladı. Amma çar hökuməti üsyanları amansızlıqla yatırdı.

Yeri gəlmikən onu da deyək ki, Kazan xanlığı işğal edilən kimi İvan Qroznı müsəlman əhalinin xristianlaşdırılması üçün orada yeni kilsə mərkəzi-Yeparxiya yaratdı. 1555-ci ildə yaradılan bu Yeparxiyanın rəhbəri Quriya ordunun və xristian missionerlərin yardımı ilə tatarları və başqırdları xristianlaşdırmağa başladı. Kazanda dağıdılan məscidilərin yerində kilsələr inşa edilir və eyni zamanda İslamı xatırladan nə varsa məhv edilirdi. Bu məqsədlə Kazandan 50 verst məsafədə yerləşən ərazidəki kəndlər, o cümlədən məscidlər də yerlə yeksan edildi, onların yerində isə kilsələr inşa edildi. Bu yolla Kazan xanlığındakı müsəlmanlara zorla xristianlığı qəbul etdirməyə çalışırıdlar. Xristianlığı qəbul etməyən tatarları isə ya öldürür, ya da digər yerlərə sürgün edirdilər.

Tatar zadəganları hiylə ilə ələ alınır

1593-cü ildə arxiyepiskop Qermoqen çar Fyodor İvanoviçə tatarların hələ də məscidlərdə öz dinlərinə sitayiş etməkdə olduğunu və bu səbəbdən də xristianlığı az adamın qəbul etdiyindən şikayət etdi. O bu məsələdə çıxış yolunun müsəlmanlar yaşayan bütün Kazan xanlığında, Povoljyedə, Uralda və Sibirdə məscidlərin yerlə-yeksan edilməsində olduğunu söylədi. Çar dərhal işğal edilən torpaqlardakı bütün məscidlərin dağıdılması barədə fərman imzaladı. Bu da yeni üsyanlara səbəb oldu. 1606-1607-ci illərdə baş verən Bolotnikov üsyanının da əsas qüvvəsini tatarlar, başqırdlar və digər müsəlmanlar təşkil edirdi. Bu üsyan da amansızcasına yatırıldı. Tatarların hərbi yolla iradəsini qıra bilməyəcəyini anlayan hökumət bicliyə əl atmağa başladı. Onlar müxtəlif yollarla tatar zadəganlarını-murzaları ələ almağa başladılar. Bu məqsədlə 1613-cü ildə keçirilən Zemskiy Sobora (parlamenti xatırladan qurum) Kazan xanlarının nəslindən olan adamları da dəvət etdilər. Hətta formal şəkildə olsa belə Rusiyanın taxt-tacına onlardan bəzilərinin namizədliyini belə irəli sürdülər. Amma Sobor yekdiliklə Mixail Romanovu çar seçdi. Bununla bağlı sənədi imzalayaraq onun çar olmasını təsdiq edən boyarlar arasında 7 nəfər Kazan xanının varisi də vardı.

Bunun ardınca çar tatarların üzərinə əlavə vergilər qoydu və bu da yeni üsyanlara səbəb oldu. Üsyana Canqali Şuqurov (tarixçi Qubaydullinə görə onun familiyası Canməmmədov idi) rəhbərlik edirdi. Üsyançılar Kazana, Sarapula, Nijni Novqoroda, Arzamasa, Muroma və Sviyajska hücum etdilər. Amma üsyançılara qarşı ordu hissələri göndərildi. Qızğın döyüşlərdən sonra üsyan amansızcasına yatırıldı. Üsyana rəhbərlik edən Canqali ələ keçirildi və onu Kazanda qabırğalarından asaraq dəhşətli cəza ilə öldürdülər. Tarixdə Yenaliyev üsyanı adı ilə tanınan bu üsyan 1616-cı ildə qan içində yatırıldı.1628-ci ildə çar tatar xanlarının (murza) təhkimçi kəndlilər üzərində olan hüquqlarını ləğv etdi. 1648-ci ildə verilən digər fərmanla isə qeyd edildi ki, murzalar yalnız xristianlığı qəbul etdikləri halda onların təhkimçi kəndiliər üzərində ağalıqları tanınacaq. Bundan sonra mal-mülklərindən məhrum olmaq istəməyən bəzi tatar murzaları xrisitanlığı qəbul etmək məcburiyyətində qaldılar. Buna baxmayaraq tatarların üsyanları davam etməkdə idi. 1662-ci ildə onlar yenidən üsyan qaldırdılar və Çelninsk qarnizonunu məhv etdilər. Stepan Razinin üsyanı başlayanda üsyançılara dərhal tatarlar və başqırdlar dəstək verdilər. 1682-ci ildə tatarlar yeni üsyan qaldırdılar. Üsyana səbəb işğal altında olan ərazilərə rusların köçürülməsi və tatarlara məxsus topraqların rus mülkədarlara verilməsi idi. Üsyana Seyid Yaqafarov və Tülekey Batır rəhbərlik edirdilər. Üsyançılar 7 şəhəri ələ keçirdilər və Ufanı mühasirəyə aldılar. Onların sayı 30 min nəfər idi. Amma bu üsyan da qan içində yatırıldı. Təəssüflər olsun ki, üsyana rəhbərlik edən Seyid Yaqafarovun taleyinin necə olması barədə məlumat yoxdur. Xalq arasında gəzən rəvayətlərə görə isə onu ələ keçirən rus cəlladları bu qəhrəman insanın əvvəlcə gözünü çıxarmış, sonra isə onu şaqqalamışdılar.

Aldar-Kusumov üsyanı

Bu arada isə işğal edilmiş ərazilərdə rus məmurlarının özbaşınalığı davam edirdi. Hakimiyyətdə olan I Pyotr qeyri-rusların üzərinə əlavə vergilər qoymuşdu. Hətta müsəlmanlardan gözlərinin rənginə görə belə vergi alırdılar. İndi boz gözlülərdən 6, qara gözlülərdən isə 8 qəpik vergi tutulurdu. Bu da əhali arasında narazılığa səbəb oldu. Ona görə də, başqırd və tatar ağsaqqallar çarın bu fərmanının icra edilməsi ilə bağlı onlara təqdim edilən sənədi cıraraq çaya atdılar. Bunu görən yerli hökumət onları həbs etdirdi. Bu da üsyanlar üçün bir siqnal oldu. Əvvəlcə Kazan əyalətində Dümey İşkeyev, sonra isə İman Batır üsyan qaldırdı. Bunun ardınca Həştərxanda streleslər çara qarşı ayağa qalxdılar. İsyançılar arasında əlaqə yarandı və onlar Moskva üzərinə yürüşə hazırlaşdılar. Bundan qorxuya düşən çar cəza dəstələrinin rəhbəri Şeremetyev əlavə vergilərin ləğv ediləcəyini bildirdi. Bu məqsədlə İşkeyev başda olmaqla nümayəndə heyəti Moskvaya getdi. Onlar çarla görüşə bilmədilər. Ancaq bu barədə I Pyotra məlumat verdilər. I Pyotr dərhal əlavə vergilərin ləğvi barədə fərman imzaladı. Amma nümayəndə heyəti geri qayıdan kimi yerli hökumət orqanları Moskvaya şikayətə gedənləri, o cümlədən İşkeyevi həbs edərək asdılar.

1707-ci ildə cəza dəstələri Burzyanski qəzasında bölgənin ən varlı feodalı olan Aldar İsyangildinin kəndlərini taladılar. Rus ordusu tərkibində döyüşdə göstərdiyi qəhrəmanlıqlara görə Aldara şəxsən I Pyotr bu torpaqları bağışlamışdı. Amma cəza dəstələrinin özbaşınalığına dözməyən Aldar üsyan qaldırdı. Kazanda isə 1684-cü ildə edam edilən üsyan başçısı Tülekeyin oğlu Kusum üsyana rəhbərlik etməyə başladı. Aldar və Kusum birgə hərəkət edərək cəza dəstələrini darmadağın etdilər. Üsyançılar Kazan xanlığını bərpa etmək istəyirdilər. Onlar bu məqsədlə Qaraqalpak şahzadəsi Muradı Kazan xanı elan etdilər. Üsyançılar Kazanı mühasirəyə aldılar. Ancaq onlar Kazanı hücumla ələ keçirməkdə ləngidilər. Buna səbəb Kazan xanı vəzifəsinə Aldar tərəfindən Muradın əvəzinə Hacı Sultanın (başqırd Hacı ( Həzi) Akkuskarov) irəl sürülməsi idi. Bundan istifadə edən hökumət qoşunları üsyanı yatırda bildilər. Üsyan yatırılan zaman Kazan əyalətində 11 min nəfər, digər yerlərdə isə 2500 nəfər öldürüldü, 300 kənd başdan-ayağa yandırıldı. Cəzadan yaxa qurtarmaq üçün 14 min adam əsgər əli çatmayan çöllərə qaçdı (”Oçerki po istorii Başkirskoy ASSR). Həmin dövrdə çar hökuməti tatar soyqırımını yenə də davam etdirməkdə idi. Belə ki, tatar və başqırdları tamamilə məhv etmək istəyən ruslar yandırılmış torpaq siyasətini həyata keçirirdilər.

1736-1737-ci illərdə İdel-Ural torpaqlarında rus işğalçıları tərəfindən 696 tatar-başqırd kəndi başdan-ayağa yandırılaraq yerlə-yeksan edilmişdi. Həmin dövrdə 17 min nəfər tatar-başqırd öldürülmüş, 4 min nəfər sürgünə göndərilmiş, 10 min nəfər tatar və başqrıd qadın və uşaq ruslara qul kimi verilmişdi.

İşğalçı orduya komandanlıq edən general Soymonovun əmri ilə 1740-cı ilin avqust-sentyabr ayında Uralda, Sibirdə və Noqay yolu ətrafında yerləşən 537 tatar-başqırd kəndi yandırılmışdı. Təkcə Ufa qəzasında 725 tatar-başqırd kəndi yandırılmış, 4 min nəfər öldürülmüş, 802 nəfər sürgünə göndərilmiş, 3026 qadın və uşaq ruslar tərəfindən qul edilmişdi. 1740-cı il avqust ayının 25-də general Urusov tərəfindən 6 min tatar və başqırd öldürülmüş, 85 nəfər dar ağacından asılmış, 21 nəfərin başı kəsilmiş, 11 adam qabırğasından asılmış, 5 nəfərə dəhşətli əzab verilmiş, 301 nəfərin dili və burnu kəsilmiş, 100-lərlə insanın diri-diri dərisi soyulmuş, minlərlə adamın alnına qızdırılmış dəmirlə “Vor”-”oğru” damğası vurulmuşdu. (Vaxit İmamov: “Zapryatannaya istoriya tatar” Naberejnıe Çelnı,1994, İ. K. Akmanov “Başkirskoe Vosstaniya XVII- pervoy treti XVIII vekov”. Ufa 1987)

Buna baxmayarq üsyanlar dağınıq halda davam etməkdə idi. 1755-ci ildə Batırşa üsyan qaldırdı. Amma bu üsyan da qan içində yatırıldı. Tatarlar sonuncu dəfə Puqaçov üsyanında fəal iştirak etdilər Üsyan yatırılandan sonra çar tatar siyasətini yumşaltmağa məcbur oldu. Onlara din azadlığı verildi. Çünkü artıq tatarların 80 faizi xrisitanlaşdırılaraq ruslar arasında assimilyasiya edilmiş və onlardan rus dövlətçiliyinə gələ biləcək təhlükə aradan qaldırılmışdı.

Əziz Mustafa

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

8 + 11 =