“Sovetski” söküldü, bəs “Kubinka”?

0
729

“Burda, yuxarıda “Kubinka” bazarı vardı. Qabaqlar orda yaxşı alver gedirdi, kim nə istəyirdi, həmin bazardan tapırdı. Elə ona görə də buraya “Kubinka” deyirdilər. İndi həmin bazar da yoxdur”.

70 yaşlı Əhmədağa Bağırov Bakının “Kubinka” adlanan köhnə məhəlləsinin sakinlərindəndir. Deyir, bu illər ərzində köhnə, birmərtəbəli evlərin görünüşü dəyişməsə də, bura gələnlər dəyişib. İndi gözü öz nəslindən olanları, uşaqlıq, gənclik dostlarını axtarsa da, tapmır: “Bura mənə doğma yerdir. Ancaq artıq o doğmalıq itir, köklü adamlar evlərini satıb başqa yerlərə gediblər. Bir mən, bir iki qonum-qonşum qalıb. Çoxu bura təzə gəlib, tanımıram da. Adama heç salam da vermirlər”.

Əhmədağa kişi deyir, vaxtilə “Kubinka”da kiminsə kiməsə salam verməməsi böyük ayıb sayılırdı. Siqaret çəkən cavanlar yaşlıları görəndə gizlənməyə yer axtararmış: “İndi belə deyil, hərdən mənə elə gəlir ki, özüm neçə illər sonra bura gəlmişəm”.

Yastı-yapalaq evlər, dar, köhnə küçələr

Üstünə neçə dəfə əl gəzdirilmiş yastı-yapalaq evlər, arabir bu evlərin hasarlarından boylanan meynələr, evlərin qabağında ipdən asılmış paltarlar, dar, köhnə küçələr, “ay bala, bəsdi də, yığış küçələrdən, gəl evə” çağırışları… Köhnə Bakının özünəməxsus siması. “Kubinka” da bu simalardan biri, bəlkə də axırıncılardandır. Əhmədağa kişi deyir ki, nə qədər doğma olsa da, bu yaşında artıq o da bu məhəllədən köçüb getmək istəyir.

Köhnəlik, nimdaşlıq bu yaşayış yerinin hər məhəlləsindən, hər tinindən boylanır. Neçə illərdir sakinlərinin qulaqlarına “buralar da söküləcək” sədaları çatsa da, ortada heç nə yoxdur. 50 ildir burda yaşadığını deyən Tamam Kərimova oxşar vədləri çox eşitdiklərini söyləyir. Qonşu “Sovetski” məhəlləsi söküləndə bu söhbət bir az da inandırıcı görünüb. Ancaq bir müddət sonra yenə səngiyib:

“Allah kərimdir…”

Bura yaxşı yerdir. İşığımız, qazımız, suyumuz yaxşıdır. Sadəcə, evlərimiz balacadır. Eşitmişik ki, “Sovetski” sökülüb qurtarandan sonra buraları da sökəcəklər. Allah Kərimdir, yəqin bizə də növbə çatar. Neçə ildir deyirlər, “bu gün- sabah söküləcək”, ancaq dəqiqi vaxtı bilinmir”.

Yaşı bir əsrdən çox olan ərazinin böyük hissəsi baxımsızdır. Divarına suvaq çəkən Vahid Məmmədov evlərin çoxu təhlükəli durumda olduğunu deyir. Arada sakinlər özləri əl gəzdirirlər, amma çifayda:

“70 ildir burda yaşayıram. 70 ildir eşidirik ki, “bura söküləcək”. Hələ ki, bir xəbər yoxdur. Bu evlərin yaşı 100 ildən çoxdur, təhlükəli duruma düşüb. Söküləcəyini eşitmişik, ancaq nə vaxt, bu haqda bizə təzəlikcə heç kim heç nə deməyib. Danışırlar, ancaq dəqiq heç nə yoxdur”.

“Böhrana dözmədi, bağladı…”

Qapı ağzında oturan işsiz gənclərdən biri Əkrəm Quliyev əvvəl elə bu məhəllədəki maşınyuma yerində işləyib. Ancaq yenə işsizdir:

“3 ay əvvəl şefim böhrana dözməyib “moyka”nı bağladı. Mən də oldum işsizlərdən biri”.

1500 manata köçmək istəmirlər…

Adamlar danışır ki, neçə illərdir camaatın çoxu söküləcək evlərinə görə onlara veriləcək kompensasiyaya göz dikibmiş. Ancaq “Sovetski”dəki evlərin hər kvadratmetrinə 1500 manat verilməsi, onların bu ümidinin də üstündən xətt çəkib:

– O puldansa, elə bu daxmalarda yaşamaq yaxşıdır. Çünki həmin pula şəhərdə ev ala bilməyəcəyik.

– Vallah, varımız-yoxumuz bu evimizdir. Burdan köçmək istəyirik, şərait pisdir, darısqaldır. Ancaq verəcəkləri o pula heç bu şəraitsiz evi də ala bilməyəcəyik.

Memar: “Kubinka”nın sökülməsi vacibdir

Memarlıq və İnşaat Universitetinin memarlıq fakültəsinin dosenti Ömər Qoçulubildirir ki, şəhərin mərkəzi hissəsi olan bu ərazi Bakının şəhərsalma tələblərinə cavab vermir. Ona görə gec-tez sökülməlidir:

“Oradakı tikililərin sökülməsi vacibdir. Çünki orada nə yeraltı, nə yerüstü kommunikasiyalar yoxdur. Şəhərin ümumi memarlıq, şəhərsalma tələblərinə cavab verməyən bir sahədir. Əhali son dərəcə sıx yaşayır. Heç bir məişət rahatlığı olmayan bir ərazidir. Oranın yenidən qurulmasını vacib hesab edirəm. Şərt o deyil ki, mütləq orda yaşayış binaları olsun. Əsas məsələ oradakı sıxlığı götürməkdir. Ancaq yenidən qurularkən mütləq şəhərsalma yaraşığına, rahatlığına uyğunlaşdırılmalıdır. Magistrallar, küçələrin kəsişməsi, nəqliyyatın hərəkətinə şəraitin yaradılmasıdır. Keçmiş “Zabitlər Bağı”nın uzadılması, genişləndirilməsi daha məqsədəuyğun olardı. Çünki o ərazidə elə bir yaşıllıq sahəsi yoxdur. İllərlə insanlar evləri bir-birinə söykəyə-söykəyə tikiblər, necə gəldi dalanlar, küçələr salınıb”.

“Zerkalo Klara”

“Kubinka” da sökülməlidir. Yaradıcılığında “Kubinka”ya da yer ayıranyazıçı Həmid Herisçi belə düşünür:

““Kubinka”nın ən kamil əsəri “Zerkalo Klara” adlı qadın avtoritet idi. Əsas oradakı köhnə insanlar idi, onlar da çıxıb gedib. Ora da dağılmalıdır, heç nə əbədi deyil”.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanladığı sorğunu qurumun şəhərsalma şöbəsinin müdiri Anar Bayramov bildirib ki, Bakının baş planında “Kubinka”nın sökülməsi və yenidən tikintisi nəzərdə tutulub. Amma “həmin ərazilərdə yeni planlaşdırma layihəsinin həyata keçirilməsi ilə bağlı hazırda Komitəyə hər hansı layihə təqdim edilməyib”.

Ərazinin daxil olduğu Yasamal və Nəsimi rayon icra hakimiyyətlərindən də onlarda bu haqda hər hansı bilgi olmadığını bildirdilər.

“Kubinka”lı Vahid kişi isə qollarını çırmalayıb evinə suvaq vururdu: “Bu müddətdə o qədər “söküləcək” eşitmişəm ki. Elə bir ucdan özü dayanmadan sökülür. Neçənci suvağı vurduğumu da yadımdan çıxartmışam”. (“Azadlıq” radiosu)1

BIR CAVAB BURAXIN