SOS-Xərçəngə və sonsuzluğa səbəb olan sabunlar

0
626

11

“Üç uşağım var, ikisi tam sağlamdır. Ancaq ikinci uşağımda daun sindromu var. Həkimlərin dediyinə görə, buna səbəb hamilə vaxtı istifadə etdiyim yuyucu vasitələr, sabunlardır. Düzünü deyim ki, əvvəl bu səbəbə inanmadım. Lakin bir həqiqət var ki, təmizlik məsələsində çox həssasam. Gündə əllərimi neçə dəfə yuduğumun sayını belə itirmişəm. Xüsusən də, birinci uşağımdan sonra daha həssas olmuşdum. Hamilə vaxtı təmizlik vasitələri, mikrobları yox edən sabunlarla çox istifadə edirdim”.

Müsahibim Ülkər Həsənova əvvəl həkimə inanmasa da, onun dediklərini tam inkar da edə bilmədiyini deyir. Söylədiyinə görə, onun, və yoldaşının ailəsində heç vaxt bu xəstəlik olmayıb. Üstəlik, nə qohumdurlar, nə yaşları çox deyil. Bir sözlə, dauna səbəb kimi bilinən hallardan heç biri onlarda yoxdur. Uşağın xəstə doğulmasının əllərini, paltarlarını yuduğu vasitələrlə nə qədər əlaqəli olması müəmmadır.

Amma bilinən bir şey var ki, əksər ölkələrdə bu vasitələrə qarşı mübarizə başlanılıb, bəziləri antibakterial sabunlardan istifadəni qadağan edib.

Publika.az-ın “Müfəttiş” layihəsində bu dəfə bir sıra ölkələrdə qadağan edilən antibakterial sabunların ölkəmizdə qadağan edilməsinə əsas olub-olmamasını araşdıracağıq.

Xeyirdən çox zərər

Bakteriyaları 99% məhv edən sabunların reklamını tez-tez görürük. Reklamlarda əsas diqqət bu sabunların istifadəçini xəstəlikdən qoruması məlumatıdır. Nəticədə biz bakteriyanı ən güclü məhv edən sabun axtarışına çıxırıq. Tapırıq da, əllərimizi yuyuruq da.

Ancaq “Müfəttiş” yerli, xarici mənbələrdə antibakterial sabunlarla bağlı neçə yazı “klik”lədi. Lakin marketlərdən böyük həvəslə bütün mikrobları məhv edəcəyinə inanıb aldığınız antibakterial sabunların üzərində qeyd edilən keyfiyyətləri təsdiqləyən heç bir elmi araşdırma tapmadı. Tapmadı, çünki yoxdur. Yəni bu sabunlar heç də deyildiyi kimi insanları qorumur. Əksinə uzun müddət istifadənin xeyirdən çox zərəri var.

Bu ilin sentyabrında Amerikan Qida və Dərman Təşkilatı ölkədə antibakterial sabunlardan istifadəni tamamilə qadağan ediləcəyi ilə bağlı açıqlama yayıb. Təşkilatın nümayəndəsi Canet Vodkok elmi araşdırma apararaq antibakterial sabunların insan sağlamlığı üçün heç bir faydasının olmadığı qənaətinə gəldiklərini bəyan edib.

Triklosan və triklokarbon

Alimlərin qərarı əsassız deyil. Onlar fikirlərini bu sabunların tərkibində triklosan və triklokarbon maddələrinin olması ilə əsaslandırıb. Tərkibində bu maddələr aşkarlanan bəzi firmaların məhsulları ümumiyyətlə satışdan çıxarılıb. Araşdırmalara görə, bu maddələrin insan sağlamlığı ilə yanaşı ətraf mühitə də zərərlidir. Triklosan isə əsasən maye sabunlarda istifadə edilir.

ABŞ mütəxəssisləri hesab edir ki, bu sabunlar həqiqətən antibakterialdırsa, o zaman tərkibinin azı 60 faizi spirt olmalıdır. Bakteriyaları öldürmə özəlliyi olan triklosan maddəsi bir vaxtlar yalnız tibdə istifadə edilirdi. Son dövrlər isə bu maddənin insan və heyvan sağlamlığı üçün zərərli olduğu ilə bağlı müəyyən fikirlər gündəmə gəlib.

Çikaqo Universitetinin açıqlamasına görə, bu maddə insan bağırsağında mikrofloranı dəyişdirir. Hamilə qadınların uzun müddət bu kimyəvi maddə ilə təmasda olması uşağa zərər verir. Avropa Birliyi ölkələrində triklosan maddəsindən istifadə qismən qadağan edilib.

Kanada Tibb Assosiasiyası da evlərin təmizliyində istifadə edilən vasitələrə, habelə sabunlara triklosan vurulmasının qadağan edilməsini istəmişdi. Araşdırmalara görə, triklosan sudakı xlorla reaksiyaya girərək kanserogen tərkibli xloroform adlı maddəyə çevrilir. Həmçinin, triklosan qaraciyəri zədələməklə yanaşı, tənəffüs yolları və qalxanvari vəzin funksiyasını pozur.

Bizdə də var

“Müfəttiş” ABŞ, Avropanı qorxuya salan bu maddənin Azərbaycandakı antibakterial sabunlarda olmasını istisna etmir. Marketlərdəki müşahidələrimiz göstərdi ki, ölkəmiz bu məsələdə istisnalar sırasında deyil. Bəzi maye sabunların içərisində əsasən triklokarbona rast gəlmək olur. Yuxarıda sadaladığım maddələrlə kim bilir neçə dəfə əllərinizi yumusunuz. Bəs qadağan edilə bilərmi? Əlbəttə, bunun üçün həm də bizim alimlər, aidiyyəti qurumlar araşdırma aparmalıdır.

Bəs bizimkilər nə edib?

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Publika.az ölkəmizdə antibakterial sabunlarla bağlı məsələnin qapalı qaldığını deyib: “Ölkəmizdə heç kim bu məhsullarla məşğul olmur. Hesab edirəm ki, amerikalı alimlərin çağırışına dəstək olaraq biz də bu məhsullarla bağlı araşdırmalar aparılmalıdır. Düzdür, bu sabunlardan istifadə edənlər qarşılaşdıqları problemlərlə bağlı heç zaman müraciət etməyiblər. Lakin sabun istehsalçıları reklamlarda istehlakçını aldadaraq “istehlakçıların 67%-i bu məhsula üstünlük verib”, deyirlər. Azərbaycanda istehlakçı hüquqları ilə məşğul olan yeganə təşkilatıq. Lakin biz bu barədə araşdırma aparmamışıq. Həmin məlumatı hansı tədqiqatdan əldə etdikləri bilinmir”.

Ekspert uşaqların bu sabunlardan istifadəsinin doğru olmadığını vurğulayıb: “Bu sabunlardan uşaqların təmizliyində daha çox istifadə edilir. Hesab edirəm ki, bu, doğru yanaşma deyil. Uşaq yaşlarından belə yaşamağı doğru hesab etmirəm. Bu sabunların xəstəliklərdən mütləq şəkildə qoruduğu təsdiqlənməyib. İnsanları 90-99 faiz bakteriyalardan qoruyan vasitələr heç də xeyir gətirmir. Bu maddələr təkcə bakteriyalar yox, həm də bakteriyalarla qidalanan digər canlıları da məhv edir”.

3 xlor atomu və benzol həlqəsi

Eyyub Hüseynovun bu fikirlərini Bakı Dövlət Universitetinin professoru, üzvi kimya kafedrasının müdiri Namiq Şixəliyev də dəstəkləyir. Amma bu sadə bir dəstək deyil. O, ABŞ alimlərinin həyəcan təbili çaldığı maddələrin tərkibini açır: “Triklosan tərkibində 3 xlor atomu, benzol həlqəsi olan kimyəvi maddədir. Bunlar hamısı zərərli maddələrdir. Triklokarbon onun əvəzedicisi kimi yaradılıb. O triklosandan da təhlükəlidir. Bu maddənin kimyəvi tərkibinə baxarkən onun zəhərlənmə verə biləcəyini istisna etmirik. Həmin maddələrlə təmasda olmaq ziyanlıdır. Onlarla ünsiyyətdə olmaq nəsil artımına mənfi təsir göstərir, həmçinin sinir sisteminə də təsir göstərir. Elə bakteriyalar var ki, onlar bu maddələrlə təmasda olanda inkişaf edirlər. Həmin bakteriyalar insan bədəni üçün zərərlidir. Hamilə qadınların isə bu maddələrlə təması ümumiyyətlə qadağan olunmalıdır. Uşaqların istifadəsi məsləhət görülmür”.

Azərbaycanlı alim amerikalı həmkarları ilə həmfikirdir: “Demək olar ki, bütün yuyucu vasitələrinin tərkibində bu maddə var. ABŞ və Kanadada aparılan araşdırmalar nəticəsində yeni doğulmuş uşaqların qanında triklason aşkarlanıb. Bu da hamiləlik zamanı ananın bu maddələrlə çox ünsiyyətdə olmasından irəli gəlir. Bizim satışdakı sabunlarda triklosan maddəsinin olması barədə məlumatım yoxdur. Lakin ölkəmizə idxal edilən yuyucu vasitələr, yarımfabrikat malların tərkibində bu maddənin olması istisna edilmir. Səhiyyə Nazirliyinin bu istiqamətdə araşdırma aparmasına ehtiyac var”.

Kim araşdırır?

Həm alimin təklifi, həm də məntiqi ardıcıllığı pozmadan üz tutduq Səhiyyə Nazirliyinə. Nazirliyin mətbuat xidmətinin rəhbəri bu suala Gigiyena və Epidemologiya Mərkəzindən cavablandıra biləcəklərini dedi.

Mərkəzin mətbuat xidmətinin rəhbəri Anar Qədirli isə idxal edilən məhsulların yalnız saxlanma şəraitinə nəzarət etdiklərini deyərək, bu məsələyə Respublika Sanitar Karantin Müfəttişliyinin nəzarət etməli olduğunu bildirdi.

RSKM-nin epidemiologiya şöbəsinin müdiri Yadulla Balışov Publika.az-a bildirdi ki, aparılan yoxlamalar standartda qeyd olunan istiqamətlər üzrə həyata keçirilir: “Sabunlar üçün standartlarda qeyd olunan maddələr üzrə müayinə aparılması nəzərdə tutulmayıb. Bu barədə araşdırma aparmaq üçün rəsmi məlumat olmalıdır. İnternetdə yazılmış hər hansı məlumat bizim üçün əsas deyil. Ya Ümumdünya Səhiyyə Təşkilatı, ya da Səhiyyə Nazirliyinin bununla bağlı rəsmi məlumat olmalıdır ki, tədqiqat aparılsın. Əgər rəsmi göstəriş əsasında tədqiqat aparılıb, həmin maddələrin insan bədəninə zərəri təsdiqlənsə, bizdə də qadağan edilə bilər”.

SMPDK-nin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı Publika.az-a ölkədə məhz antibakterial sabunlarla bağlı standart olmadığını dedi: “Antibakterial onun reklam adıdır. Ölkəmizdə Türkiyə standartı əsasında hazırlanmış standart tətbiq edilir. Standart sabunların tərifi, tələbləri, yoxlanması, təsnifatı, sınaqlar və təhlükəsizlik tələblərini təmin edir. Bu standartda sabunlar tualet, üzqırxma, hamam və ya paltar, ümumi təmizlik sabunları olaraq bölünüb”.

Amerikada qadağan məsələsini mətbuatdan oxuduğunu deyən F.Talıblı bu vaxta qədər aparılan yoxlamalarda sabun məhsullarının tərkibində qeyd edilən maddələr aşkarlanmadığını bildirdi: “Bu, o demək deyil ki, Azərbaycanda istifadə edilən məhsulların tərkibində bu maddə yoxdur. Əlbəttə, istehlakçılar tərəfindən müraciət olarsa, bu istiqamətdə araşdırma apara bilərik”.

İstehlakçıların şikayəti üçün isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə müraciət edə bilər. Nazirliyin sözçüsü Abbas Əliyev bu vaxta qədər antibakterial sabunlarla bağlı şikayətin daxil olmadığını deyib. O həmçinin vurğulayıb ki, yalnız antibakterial sabunlar deyil, ümumiyyətlə sabun alarkən istehlakçılar saxlanma şəraiti, tərkibi və s. məqamlara diqqət olunmalıdır. Nazirliyin ən əsas tövsiyəsi isə ev şəraitində hazırlanan sabunlar təbii komponentlərdən hazırlandığına görə daha keyfiyyətli hesab etməsidir.

Bu açıqlamalardan sonra biz ya əllərimizi yumaqdan imtina etməliyik, ya da “Cəbiş müəllim” olmalıyıq.

Gülxar Şərif

BIR CAVAB BURAXIN