Sivilizasiyanın məhvi: mif, yoxsa reallıq?

0
1015

 

Elm və texnikanın sürətlə inkişaf etməsinə baxmayaraq günümüzdə mütamadi olaraq bəşəriyyətin məhvi, qiyamətin yaxınlaşması barədə çoxsaylı ehtimallar irəli sürülməkdədir. Bu müstəvidə də Yer kürəsinin məhvinə həsr edilən fantastik filmlərin sayı ildən-ilə çoxalmaqdadır. Doğrudanmı bəşəriyyət istənilən vaxt məhv olma təhlükəsi ilə üzləşə bilər, yoxsa bu, sadəcə olaraq ayrı-ayrı adamların uydurmalarından başqa bir şey deyil? Bu suala tarixi baxımdan cavab tapmaq istəsək, bəşər tarixində müxtəlif sivilizasiyaların məhvinə dair çoxsaylı faktlar mövcuddur. Buna misal kimi qlobal kataklizmlər nəticəsində Ordovik-siluriy, Devon, Trias dövrlərində yaşayan bütün canlıların məhv olmasını göstərmək olar. Tədqiqatçıların fikrincə, məməlilər orta hesabla 4 milyon il yaşayır və bundan sonra onlar müxtəlif səbəblərdən məhv olaraq yerlərini özlərindən sonra gələcək yeni canlılar sinfinə verirlər. Hesablamalara görə Ağıllı insanın ( Homo sapiens) yaşı təxminən 195 min ildir. Ona görə də sivilizasiyamızın bu yaxın vaxtlarda məhv ola biləcəyi ehtimalı olduqca azdır. Amma elm və texnikanın sürətli inkişafının insanın özünə qarşı çevrildiyini və iri dövlətlərin malik olduqları nüvə silahının cüzi hissəsinin bəşəriyyətin məhvi üçün yetərli olduğunu nəzərə alsaq, onda sivilizasiyamızın özünü məhvetmə təhlükəsindən sığortalana bilməməsi aydın şəkildə ortaya çıxır. Nəhayət bir məsələyə də diqqəti cəlb etmək istəyirik. Demək olar bütün dini kitablarda bəşəriyyətin özümü məhvə sürüklədiyi və qiyamətin baş verəcəyi, Yer kürəsində həyatın məhv olacağından danışılır. Buddizm və induizmdə isə bəşəriyyətin müəyyən inkişaf dövründən sonra məhv olacağı, ancaq onun yerində yeni həyatın başlayacağı vurğulanır. Bəşəriyyətin məhvi təhlükəsindən danışarkən əksər tədqiqatçılar günümüzdə belə bir faciənin nüvə müharibəsinin başlamasından əmələ gələ biləcəyini bildirirlər. Hələ soyuq müharibə dövründə akademik Andrey Saxarov xəbərdarlıq etmişdi ki, SSRİ və ABŞ-ın nüvə arsenalı bəşəriyyətin bir andaca məhvi üçün kifayət edir. Nüvə silahından məhdud həcmdə istifadə belə Yer kürəsində həyatın donmasına, temperaturun mənfi 40 dərəcəyə enməsinə gətirib çıxara bilər. Məsələn, ABŞ-ın hərbi arsenalında olan 9,5 min nüvə başlıqlı raket sivilizasiyamızın məhvi üçün kifayət edir. Buraya Rusiyanın da arsenalında olan 11 min ədəd nüvə başlılqı raketi əlavə edəndə adi bir səhvin sivilizasiyamızı yenidən daş dövrünə qayıtmasına gətirib çıxara biləcəyi təhlükəsi mövcuddur. Düzdür, hazırda belə bir təhlükə az hesab edilir. Lakin bütün hallarda nüvə silahını idarəetmə mexanizmində əmələ gələ bilən cüzi texniki nasazlıq bəşəriyyyətin məhvi demək olacaq… Yəni belə təhlükələr cüzi də olsa mövcuddur. Lakin sivilizaisyaya təhlükə yalnız mövcud nüvə arsenalından gəlmir. Belə ki, son 60-70 ildə bakterioloji, bioloji və iqlim silahları üzərində ara vermədən tədqiqatlar gedir. Bioloji və bakterioloji silahlar nüvə silahından fərqli olaraq hədəfə alınan müəyyən insan qruplarının məhvi üçün nəzərdə tutulur. Amma istənilən halda bakterioloji və bioloji silahla hansısa insan qruplarının məhv edilməsi zəngirvarı reaksiya verə və Yer üzərində insan nəslinin kökünün kəsilməsinə yol aça bilər. Çünki bu günə kimi bakterioloji və bioloji silahlarla hədəfə alınan insan qruplarının və ya millətlərin məhvinin onu tətbiq edənlərin özlərinə qarşı çevrilməyəcəyinə zəmanət verilməyib. Eyni sözləri iqlim silahı barədə də demək olar. Hazırda dünyanın aparıcı ölkələrinin gizli tədqiqat mərkəzlərində zəlzələləri, küləyi və digər iqlim proseslərini idarə etməyə yönələn çoxsaylı araşdırmalar apaılır. Bu zaman düşmən ölkələrdə süni şəkildə zəlzələlər törədilməsi, yağış yağdırılması, uzunmüddətli quraqlıqlar sınaqdan çıxarılır. Əgər bu tədqiqatlar uğurla nəticələnsə, onda bəşəriyyəti təbii fəlakətlər öz ağuşına alaraq onu məhvə sürükləyəcək.

Bundan əlavə sivilizasiyanı gözləyə biləcək fəlakətlər sırasında asteroidlərin və kometlərin də adı çəkilir. Diametri 325 metr, ağırlığı isə 27 ton olan Apofis asteroidi daha təhlükəlidir. Onun Yerə yaxınlaşması 2036-cı ildə baş verəcək. Tədqiqatçıların hesablamalarına görə, hazırda diametri 100-150 metr olan və Yer üçün təhlükə mənbəyi ehtimal edilən 5000-dən yuxarı asteroid var. Ancaq onlardan yalnız 30 faizi Yer üçün real təhlükə mənbəyi hesab edilir. Vulkanlar da Yer üçün təhlükə mənbəyi kimi qəbul edilir. Hazırda sönmüş hesab edilən Yellouston və digər vulkanların oyanması bəşəriyyətin məhvi üçün yetərli ola bilər. Bir sözlə Yer kürəsində həyatın məhvi və qiyamət günü heç kimin gözləmədiyi halda təbii fəlakətlər, asteroid, komet yağışı və ya digər amillər nəticəsində baş verə bilər…

Əziz Mustafa

BIR CAVAB BURAXIN