ŞİŞTƏPƏLİ MAFİOZU BAKIDA TUTUB NECƏ “ŞİŞLƏDİLƏR”? – MTN-də “dost-tanışa zəng” xidməti

0
711

azpolitika mtnO dövrlər mətbuat məlum səbəblərdən yazmasa da ləğv edilmiş MTN-də formalaşmış Çovdarov-Mahmudov mütəşəkkil qruplaşmasının təkcə Azərbaycanda fəaliyyət göstərən iş adamlarını deyil, Rusiyadan vətənə gələn imkanlı iş adamlarını da tutub soyduğu məlumdur. Virtualaz.orgxəbər verir ki, belə epizodlardan biri Rusiyanın Sankt-Peterburq şəhərinin meyvə-tərəvəz bazarının 80 faizindən çoxuna nəzarət edən, Azərbaycandan bu şəhərə meyvə-tərəvəz təchizatını nəzarətdə saxlayan “Akhmed Fruit Co” şirkətinin sahibi Musayev Aydın Paşa oğlunun başına gələnlərlə bağlıdır.

“Axmed” və meyvələri-Afrikadan Azərbaycana qədər

Bəribaşdan qeyd etmək lazımdır ki, “Akhmed Fruit Company” şirkəti 15 ildən çoxdur fəaliyyət göstərir və nəinki Azərbaycandan, eləcə də Avropa ölkələrindən (sanksiyalardan qabaq), Afrikadan, Cənubi Amerikadan Rusiya bazarına meyvə-tərəvəz idxalı ilə məşğul olur. Bu şirkət xırda oyunçuları bazardan müxtəlif yollarla sıxışdırıb çıxarıb və idxalda faktiki olaraq inhisarçıya çevrilib.

Aydın Musayev əslən Şəmkirin məşhur Şiştəpə kəndindəndir, uzun müddətdir Rusiyada yaşayır, bu ölkənin vətəndaşlığını alıb. Musayev hazırda məhkəməsi gedən general Akif Çovdarov və adamlarının işi üzrə zərərçəkmiş kimi tanınıb. O, deyir ki, Rusiyada yaşayıb işləsə də “ailə vəziyyəti ilə əlaqədar” tez-tez Bakıya gəlib-gedirdi.

Şiştəpəli Aydının Parisdən Bakıya gəlişi

Və belə səfərlərdən birində şiştəpəli Aydın MTN-çilərin caynağına keçir. Özü də bu hadisə Eldar Mahmudovun nazir vəzifəsindən qovulmasından və onun mütəşəkkil cinayətkar qruplaşmasına qarşı xüsusi əməliyyatın keçirilməsindən cəmi bir neçə gün əvvəl-2015-ci il oktyabrın 4-də baş verir.
Biznesmen danışır ki, həmin gün Parisdən Bakıya gəlmişdi və Heydər Əliyev Bakı Beynəlxalq Aerportuna enəndə pasportunu yoxlama üçün Dövlət Sərhəd Xidmətinin əməkdaşına təqdim edib. Əməkdaş pasporta baxıb və Aydın Musayevdən bir az gözləməyi istəyib.
Təxminən yarım saat sonra bir neçə nəfər mülki geyimli gəlir və Musayevi sərhədçilərdən təhvil alır. Şiştəpəli biznesmen onlardan kim olduqlarını soruşur, “MTN-dənik” cavabını alır.

Çovdarovun idarəsində, mayor Əliyevin hüzurunda

Həmin MTN-çilər Musayevin qolunu qandallayır, maşına oturdub nazirliyin binasına gətirirlər. MTN-nin binasında onu qolu qandallı halda onu yuxarı mərtəbələrdən birinə qaldırırlar, otaqlardan birinə salırlar. Rusiya pasportunu isə hələ aerportda əlindən alırlar. Təxminən 1 saat sonra Musayevi başqa otağa aparırlar, orada onu hündürboylu, dolubədənli MTN mayoru Akif Əliyev (Çovdarovun idarəsinin işçisi) qarşılayır.
MTN mayoru biznesmenin qarşısına məktub qoyur, deyir: “Sənin Sankt-Peterburqda hansı əməllərlə məşğul olduğunu bilirik. Barəndə şikayət var, səni basarıq podvala, ağlın başına gələr”.

“Nə qələt qarışdırmısan, hamısını danış!”

Akif Əliyevin hədə-qorxusuna cavab olaraq biznesmen deyir ki, heç bir pis əməli yoxdur. Ancaq mayor qəzəblənir: “Bura MTN-dir. Sən orada nə qələt qarışdırırsan, hamısını danış, hansı işlərlə məşğul olduğunu de!”.

Musayev bir daha deyir ki, işi-gücü meyvə-tərəvəz biznesidir, Rusiyanın hüquq-mühafizə orqanları ilə heç bir problemi yoxdur. Və mayor başlayır alov püskürməyə: “Kəs səsini! İndi biz sənin Bakıdakı böyük oğlunu basarıq podvala, evində axtarış aparıb istənilən əşyanı çıxardarıq, ailə üzvlərinə divan tutarıq!”.
Biznesmen nəql edir ki, Akif Musayev onunla cəmi 30 dəqiqəyə yaxın söhbət etdi, söhbət deyəndə ki, ancaq hədə-qorxu gəldi, təhdidlər yağdırdı. Və axırda dedi: “Sabaha kimi ağıllanmasan səni Rusiyaya deportasiya edəcəm”.
Biznesmen bu təhdidlərdən qorxur, ancaq onun “heç bir problemi olmadığı” Rusiyaya qaytarılmaqdan niyə qorxduğu iş üzrə materiallardan anlaşılmır.

Kağıza “500 min manat” yazıb qabağına qoydu

Hədələrdən sonra biznesmeni başqa otağa salırlar, o, gecəni MTN-də keçirir. Səhər tezdən Musayevi yenidən Akif Əliyevin yanına aparırlar. Bu dəfə mayor onunla həm hədə, həm nəsihət dili ilə danışır, deyir ki, ağıllı olsun, taleyini qəlizləşdirməsin. Başına iş açmasın, elə eləsin ki, qayıdıb meyvə-tərəvəzini yenə sata bilsin.
Musayev nəhayət ağıllanır, mayordan soruşur ki, ondan istədikləri nədir, hansı məbləğdir. Bu zaman Akif Əliyev görünür kabinetində gizli dinləmə qurğusu yerləşdirilə biləcəyindən ehtiyatlandığı üçün yavaşdan pıçıldayır: “Baş idarənin rəisi (Akif Çovdarov) ilə danışmışam”. Və kağıza “500 min manat” yazıb Musayevin qarşısına qoyur.
Musayev nə qədər iri biznesmen olsa da həmin məbləğ onun üçün əlçatmaz görünür. Deyir ki, bu lap çox oldu, 500 min verə bilməz, hazırda buna imkanı yoxdur. Nəticədə onu həmin gün axşama qədər MTN-də saxlayırlar. Akif Əliyev ona deyir ki, general bundan aşağı məbləğə razı olmaz, mümkün deyil və 500 mini verməsə MTN-dən çıxa bilməyəcək.

MTN-də “arvada, dost-tanışa zəng” xidməti

Axşama doğru Çovdarovun döyüşçüləri başa düşür ki, şiştəpəli iş adamından 500 min qoparmaq mümkün olmayacaq. “Bəs nə qədər verə bilərsən?”-deyirlər. Ona mobil telefon gətirirlər, biznesmen MTN-dən arvadı Minarəyə zəng vurur. Telefonda deyir ki, ona təcili 100 min manat pul lazımdır, həmin pulu təcili hazırlasın. Bu zaman mayor onun telefon danışığına müdaxilə edir, “100 min azdır, 150 elə” deyir. Biznesmen yenə zəng vurur, arvadına 150 min pul düzəltməyi, həmin pulu Ruslan adlı yaxın tanışlarına verməyi tapşırır. Ancaq harada olduğunu demir.  Pul hazır olanda biznesmen Ruslana zəng vurur və ona hansı ünvana gəlməli olduğunu başa salır.

150 min manat hələ ilkin ödənişdir, daha 150 min …

Nəhayət Ruslan pulu MTN-in qarşısına aparır. Akif Əliyev “ov”la birlikdə aşağı düşür, Musayev MTN-in giriş qapısı ağzından Ruslanın maşınını nişan verir. Mayor yanındakı MTN işçisinə əmr edir ki, gedib maşında torbanı götürüb qayıtsın. MTN-çi pulu gətirəndən sonra Akif Əliyev biznesmeni MTN-ə geri qaytarır. Ona pasportunu geri verirlər, ancaq deyirlər ki, 150 min manat hələ ilkin ödənişdir. Məsələni tam bağlamaq üçün bir gün sonra daha 150 min verməlidir.

Musayev evə qayıdır, başına gələnləri arvadına nəql edir. Evdə ona deyirlər ki, həmin 150 min manatı dost-tanışdan toplayıblar və qızıl-zinət əşyalarını təcili satıb düzəldiblər. Oktyabrın 6-da Akif Əliyev ona zəng vurur və qalan 150 min manatı da gətirməyi tələb edir. “Birdən ağlına başqa fikir gələr, pulu verməkdən imtina edərsən, sənin üçün pis olar aa! Tez pulu tap gətir”deyir.

Bu dəfə “lap pis qorxur”…

Şiştəpəli biznesmen bu hədədən özünün dediyi kimi “lap pis qorxur”, daha 150 min manat axtarmağa başlayır. Dediyinə görə, pulu Rusiyadakı Kiril, Kostya, Andrey adlı dostlarından, habelə bu ölkədə yaşayan qardaşı Bayramdan alır. Həmin gün axşam saat 23-ə, ultimatumun başa çatmasına cəmi 1 saat qalmış pulu düzəldir. Akiflə əlaqə saxlayır, 150 min manatı yenə Ruslanla MTN-ə göndərdiyini xəbər verir.

Cəmi bir neçə gün sonra Əliyevlərin, Çovdarovların, Mahmudovların və digərlərinin taxtı çevrilir. Aydın Musayev MTN-dəki qruplaşmanın üzvlərinə qarşı cinayət işi qaldırıldığını eşidən kimi Akif Əliyevə zəng vurur, “mənim pulumu qaytar” deyir. Mayor bu telefon danışığından iki-üç gün sonra ona 75 min manat geri qaytarır.
Belə məlum olur ki, Musayevin barəsində MTN-ə doğrudan da şikayət daxil olmuşdu. Bu şikayət əsasında cinayət işi qaldırılıb, Musayevin haqqında “Saxla” qərarı verilib.

Keçmiş kimya müəlliminin şikayəti: “Aydın Musayev mənim biznesimi məhv etdi”

Şikayətçi isə yenə Şəmkir rayonundandır. İstintaq şahid qismində onun da ifadəsini alıb. Həmin şəxs Əliyev Hüseyn Nəbi oğlu bildirir ki, 1979-1993-cü illərdə Şəmkirin Kür qəsəbəsində kimya müəllimi işləyib. 1994-cü ildə Rusiyaya gedib və 2009-cu ilə qədər Sankt-Peterburqda meyvə-tərəvəz alveri ilə məşğul olub. 2009-cu ildə onun firması ilə Aydın Musayevin rəhbərlik etdiyi “Akhmed Fruit” arasında münaqişə yaranıb.

Aydın və onun reket dəstəsi Hüseyn Əliyevə təzyiq edib, onu bazardan sıxışdırıb çıxarmağa çalışıb. Əliyev təzyiqlərə dözməyib Azərbaycana qayıdıb, Sankt-Peterburqdakı biznesi məhv olub. Bundan sonra Əliyev Aydın Musayevin barəsində Rusiya hüquq-mühafizə orqanlarına şikayət edib. Bu şikayət əsasında Musayevin adamlarından 4-ü reketliyə görə həbs edilib, 2-i axtarışa verilib. 
Keçmiş kimya müəllimi bununla kifayətlənməyib və 2015-ci ilin sentyabrında Aydın Musayevlə adamları barəsində milli təhlükəsizlik naziri Eldar Mahmudovun adına şikayət ərizəsi yazıb. Ancaq həmin şikayət ərizəsinin nəticəsi barədə ona məlumat verən olmayıb, habelə Əliyev deyir ki, Aydın Musayevin tutulub MTN-ə aparılmasından da xəbəri yox idi…

BIR CAVAB BURAXIN