Sinay Alban yazısı

0
188

Ermənilərin iddialarına görə, albanların yazılı abidələri mövcud deyil. Onlar əmin idilər ki, alban dilində yazılmış bütün yazılı abidələri məhv ediblər.

Gözlənilmədən Sinay yarımadasından, Qırmızı dəniz sahilindəki Müqəddəs Katerina monastırından Alban perqamenti tapıldı, onların çoxillik cəhdləri toz kimi havaya sovruldu (Zaza Aleksidze 2003.s.3-129; İlhami Cəfərsoy 2014.s.33-52).

Düzdür, keçmiş Rusiya dövründə Azərbaycan ərazisindən Alban əlifbası ilə yazılmış mətnlər tapılmışdı. Ancaq bizim dilçilərin həmin mətnlər üzərində işləməsinə imkan verilməmişdi.

Konkret faktlara müraciət edək. 1926-cı ildə Göyçay qəzasının Quşçu və Qurdlar kəndlərindən türk-runik əlifbası ilə yazılmış mətnlər tapıldı. Ancaq Azərbaycan alimləri onlara yaxın buraxılmadı.

A.P.Fituni soyadlı Şamaxı ermənisi yazır: – Biz Azərbaycan hökumətinin bütün cəhdlərinə baxmayaraq həmin yazılı abidələrin Bakıda qalmasına imkan vermədik. Onları Tiflisə və Peterburqa göndərdik (Фитуни 1926.s.3-25).

Alban və türk əlifbaları ilə yazılmış kitabələri yalnız ermənilər yox, gürcülər də məhv edirdilər. Çünki Moskvanın himayəsi altında onların gizli niyyətləri var idi.

Həmin niyyətin nəticəsi olaraq Azərbaycanın Borçalı mahalı gürcülərə, Göyçə mahalı ermənilərə verildi. İş o yerə çatdı ki, Mingəçevirdən tapılan V əsrə aid yazılı şamdan Tiflisə aparıldı.

Akaki Şanidze yazır ki, o şamdan üzərindəki yazı ən qədim Alban yazısıdır (Шанидзе 1938.s.6). Ancaq dilində gətirmədi ki, şamdanın üzərində tanrı sözü aydın oxunur.

Sual verilə bilər ki, Azərbaycan alimləri nəyə görə bu saxtakarlığa qarşı səslərini ucaltmırdılar? 

Ona görə ucaltmırdılar ki, 30-cu illərdə onların yarısı torpağın altında, yarısı Sibirin qarlı meşələrində idi.

Alban əlifbası ilə yazılmış başqa bir qiymətli abidə Borçalıdan tapıldı. Akaki Şanidze həmin abidənin dili barədə bir söz demir. Yalnız onu qeyd edir ki, V əsrə aid Bolnisi kitabəsi Alban əlifbası ilə yazılmışdır (Шанидзе 1960.s.8).

Erməni və gürcü tarixçilərinin iddialarına görə, onların əcdadları Qafqazda xristian mədəniyyətinin yaradıcılarıdır. Halbuki həmin mədəniyyətin böyük bir qolunu xristian türk və alban nəsilləri – erlər, çorlar, utilər, uçarlar və başqaları yaradıblar. Qonşularımız mərhələlərlə həmin abidələri öz dillərinə tərcümə edib, ilkin nüxsələri yandırdılar.

Gürcüstanda ilk belə hadisə 1121-ci ildə III Georgi Tiflisi tutanda baş verdi. Katolikos I Antoninin əmri ilə gürcü dilinə tərcümə olunan qədim salnamələrin nüsxələrini Kür çayına atdılar.

Sonra əlyazmaların məhvi 1712-1720-ci illərdə çar VI Vaxtanqın zamanında davam etdirildi. Tərcümə olunan mətnlərdən bəzi fəsillər çıxarıldı, bəzilərinə əlavələr edildi (МариБроссеФП N 566.s.3-26; Вермишев 1904.s.89; Сенковский 1859.s.169-175; Буачидзе 1983.s.283).

Fransız şərqşünası Mari Brosse XIX əsrin əvvəllərində Tiflisə dəvət edildi. O, salnamələr üzərində tədqiqat apararkən görmüşdü ki, fəsillərin arasında erməni və gürcü əlifbası ilə yazılmış türk dilində şeirlər vardır. Bunu ermənilər inkar etsələr də, bəzi gürcü alimləri boyunlarına alırlar (Буачидзе 1983.s.283).

İlya Çavçavadze “Erməni alimləri və ağlayan daşlar” kitabında yazır ki, ermənilər gürcülərin yazılı abidələrini məhv ediblər.

Ona cavab olaraq X.A. Vermişev 1904-cü ildə Peterburqda “Gürcü-erməni münasibətlərinin tarixinə dair materiallar” kitabını nəşr etdirdi. 

Tarixi sənədlər əsasında sübuta yetirdi ki, ermənilər gürcülərin yox, İberiyada gürcülərdən qabaq yaşayan albanların və türklərin yazılı abidələrini məhv ediblər (Вермишев 1904.s.46).

Xristofor Vermişevin bu kitabında türkoloji tədqiqat üçün çox qiymətli məlumatlar vardır. O, gürcülərə necə qəzəblənibsə, bizim istinad edəcəyimiz bəzi faktları mətndən çıxartmayıb.

O, məşhur mətnşünas alim Kerop Patkanova və Baron Brambaus ləqəbli Senkovskiyə istinadən yazır ki, 1121-ci ilə-III Georgi Tiflisi tutana qədər gürcülərin yazılı abidələri yox idi. Tiflis ilə Qırmızı körpü arasının şəhər mədəniyyətini albanlar və türklər yaratmışlar (Вермишев 1904.s.5-6, 46, 77-78).

Erməni və gürcü salnamələrində Azərbaycan tarixinə aid çox qiymətli bilgilər vardır. Ürəyimdən gələn bir hiss deyir ki, o mətnlərin hamısı məhv edilməmişdir. Biz erməni və gürcü dilləri üzrə mətnşünaslar hazırlaya bilsək, o bilgilərin bəzilərini əldə edə bilərik.

Əldə olan sənədlər göstərir ki, böyük güclərin təzyiqilə Azərbaycandan İberiyaya köçən elitar nəsillər orada şəhərlər salmış, kilsələr, monastırlar tikmiş, ilk xristian mədəniyyətinin əsasını qoymuşlar.

Hələ V əsrdə İberiya hakimi Qorq Aslan Tiflis şəhərini Kala adı ilə saldırmışdı. Mari Brosseyə istinadən Senkovski yazır ki, Qorq Aslan İber deyildi. Hansısa türk tayfasının başçısı idi (Хантадзе 1970.s.83).

Albanların İberiyada saldıqları şəhərlərdən biri Ocan adlanırdı (İоселиани 1866.s.7-8, 14). Ucan türk boyudur. Cənubi Azərbaycandakı Ucan şəhərini onlar salmışlar.

Ucan sakinləri Kaxetidə xristianlıqdan qabaq Çoxra kapi məbədi tikmişdilər. Orada Tanrılarıların anası ayini keçirilərdi. Platon İoseliani yazır ki, çoxra Alban dilində bulaq deməkdir (İоселиани 1866.s.9).

Albanlar türklərlə oxşar dildə danışmasaydılar, bulağa çoxrax deməzdilər. Krımda yaşayan karaimlər, Azov dənizi sahilindəki urumlar bulağa, su quyusuna çoxrax deyirlər.

İndim çoxrax başına,

Yazı yazdım tasına.

Sevda nedir bilmedim,

O da qeldi başıma.

Albanlar indiki Gürcüstanın aran torpaqlarında Çoban, Bazar, Safar, Ucarma, Kara Bulaq, Torağay, Er, Kür, Çumlak, Avçala adlı şəhər və kəndlər salmışdılar (İоселиани 1866.s.7-8). Bunlar hamısı etnik mənşəli türk yer adlarıdır.

Erməni və gürcü tarixçilərinin son iddialarına görə, albanlar çoxdan yer üzündən silinib getmişdir. Albanların türk mənşəyinə toxunmasa da, onların əksinə olaraq Akaki Şanidze yazır

:- Albaniya dövləti IV əsrdən XIII əsrə qədər mövcud olmuş, XVII əsrə qədər Alban əlifbası ilə salnamələr yazılmışdır (Шанидзе 1938.s.3-4; Шанидзе 1960.s.1-2, 6).

Alban əlifbasından monqollar da istifadə edirdilər (Шанидзе 1938.s.3). Birmənalı şəkildə bildirirəm ki, monqolların zamanında yaşamış Muxtar Qoç (Mxitar Qoş) və Gəncəli Kürək (Kirakos Qandzaketsi) öz ərərlərinin alban əlifbası ilə alban dilində yazıblar.

1938-ci ildə Albaniya ilə İberiya arasındakı Berdax (Bərdə) monastırından Alban əlifbası ilə yazılmış salnamə tapıldı. Erməni və gürcü mətnşünasları əsərin dili barədə bir söz demirlər, ötəri şəkildə yazırlar ki, salnamənin üzü 1580-ci ildə köçürülmüşdür (Zaza Aleksidze 2003.s.39).

Kerop Patkanov yazır ki, həmin Berdax sonrakı Debeddir (Патканов 1883.s.226, 234). Gürcülərin Debed adlandırdıqları monastrın əsil adı Tibet olmuşdur. Bu məlumat onu göstərir ki, İberiyanın çoxlu etnosları yalnız Alban yox, Altay və Tibet mənşəlidir.

Tibet, Ucar, Şatberdi, Bərdə monastırlarında Alban əlifbası ilə salnamələr, dua kitabları yazılırdı.

Əgər 1580-ci ildə salnamə üzü köçürülübsə, deməli o zamana qədər monastırlarda Alban din xadimləri yaşayırmış.

İlya Abuladze 1937-ci ildə Matenadaranın Eqmiadzin fondundan Alban əlifbası ilə yazılmış bir salnamə tapdı və oxumaq üçün Akaki Şanidzeyə göndərdi. Bunu eşidən ermənilər L.M.Meliksetbekov başda olmaqla mətnin çap olunmasına qarşı çıxdılar (Меликсетбеков 1942.s.25-55).

Bundan 63 il sonra Sinay dağının ətəyindəki Müqəddəs Katerina monastırından Alban əlifbası ilə yazılmış perqament tapıldı. Məlum oldu ki, həmin perqament nə gürcü, nə erməni dilindədir. Zaza Aleksidze Mingəçevir yazılarının köməyi ilə həmin mətni oxudu və belə bir fikri əsaslandırmağa çalışdı ki, perqamentin dili son Alban dilidir (Zaza Aleksidze 2003.s.5-126).

Zaza Aleksidze perqamentin dilindəki çoxsaylı türk sözləri barədə bir söz deməsə də, belə bir gerçəkliyi də gizlədə bilmir ki, Sinay monastırı Məhəmməd peyğəmbərin qayğısı nəticəsində salamat qalmışdır.

Peyğəmbər Əleyhissəlam xüsusi sərəncam verib, monastırı vergilərdən azad etmiş, məbədin toxunulmazlığı bununla təmin olunmuşdu. Monastırın keşişləri indiyədək həmin fərmanı qoruyub saxlayırlar (Aleksidze 2003.s.46-49).

Xilafət zəifləyəndə Avropanın xaçlı döyüşçüləri Sinay yarımadasını tutdular. 1099-cu ildə monastırı ələ keçirib, 1270-ci ilə qədər əllərində saxladılar.

170-ci ildə monastırın bir neçə hücrəsini at tövləsinə çevirdilər. Əlyazmaların bir hissəsi onların zamanında yanıb külə döndü (Zaza Aleksidze 2003.s.16).

Bizim peyğəmbərimiz xristian abidəsini xüsusi sərəncam verib qorudu. Özünü xristian adlandıran Avropa səlibçiləri isə onu at tövləsinə çevirdilər. Avropa siyasətçiləri son zamanlar ağız dolusu öz insani dəyərlərindən danışırlar. Biz o dəyərləri onlardan qabaq yaratmışıq və onlardan yaxşı qoruyuruq.

Səlibçilər qovulandan sonra müsəlmanlar monastırın bircə daşına toxunmadılar. 1515-ci ildə müqəddəs torpaqlar Osmanlı sultanlığının tərkibinə daxil oldu. Monastırın bütün imtiyazları özünə qaytarıldı.

Yad dinlərə hörmətimizin nümunələri kimi Müqəddəs Katerina monastırında Osmanlı sultanlarının sərəncamları bugünədək saxlanır.

Sinay perqamenti haqqında ilk məlumatlar Gürcüstan Elmlər akademiyasının xəbərlərində dərc olunanda İqrar Əliyev daş atıb baş tutdu ki, perqamentin mətnində türk sözləri yoxdur (ИграрАлиев 2002.s.284). Əksinə, perqamentdə buxa, yəni buğa, kulqol, kala qala, tanqri tanrı sözləri aydın oxunur.

Aran nəslindən Xaçın hakimi Həsən Cəlal xristian olsa da, əski tük inancı ilə oğluna Ağ Buğa adı vermişdi. Başqa bir Ağ Buğa Hülakülər dövründə Metex vilayətinin hakiminin atabəyi idi (Петрушевский 1949.s.252).

Güman edirik ki, Sinay perqamenti Alban tayfa dillərinin birində yazılmış son abidə deyil. Müqəddəs torpaqlarda başqa yazılı abidələr də tapılacaqdır.

Ona görə ki, albanlar öz məbədlərini yalnız Albaniyada tikməmişlər. Yerusəlim şəhərinin ətrafındakı dağlarda onların 6 kilsəsi, 9 monastırı var idi ( Albaniya tarixi 1993.s.172-174).

Zaza Aleksidze yazır ki, Sinay perqamentinin dili son alban dilidir. Əksinə, o dil Alban dili deyil, albanlara qohum olan utilərin dilidir. Alban tayfa ittifaqına müxtəlif mənşəli etnoslar daxil idi. Utilər onlardan biridir.

Əgər ermənilərin Erebuni, gürcülərin Ereti adlandırdıqları vilayətin xristian dualarında ari- təmiz, yuca-uca, tanqri-tanrı, xaça çəktənk xaça çəkilmək sözləri var idisə (Шанидзе 1938.s.43-44) o dil arxaik türk dillərindən biridir.

Əgər Baron Senkovskinin, Mari Brossenin dediyi kimi Cənubi Qafqazın xristian abidələrinin çoxu türk dillərində yazılmışdırsa (Вермишев 1904.s.5,75,77), biz o yazılı abidələrin sağ qalanlarını tapmalı, yalnız Elmlər Akademiyasının dövlət plan işləri kimi yox, dövlətin plan işləri kimi tədqiqatın obyektinə çevirməliyik. Belə olmasa, İqrar Əliyevin tariximizin başına saldığı daşlar Keşikçi dağda sərhədçilərimizin başına düşəcəkdir. 

İlhami Cəfərsoy

Filologiya elmləri doktoru.

AMEA-nın İ.Nəsimi adına Dilçilik İnstitutu Qədim dillər şöbəsinin müdiri.