Sevgiləri tükənməyən Baş katib və sədaqətini əsirgəməyən tibb bacısı…

0
966
Leonid İliç Brejnevin böyük həyat eşqinin, zövqlə yaşamaq həvəsinin əsas səbəblərindən biri də qadınlar olub. Böyük dövlətin böyük rəhbərinin ürəyindəki çoxsaylı sevgilər Baş katibi ömrünün sonuna kimi tərk etməyib. Vəzifə pillələrini qalxdıqca, böyük kürsülərə sahib olduqca Leonid İliçin sevgiləri də böyüyüb.

Bu sevgilərin sırasında tibb bacısı  Nina Korovyakovanın yeri məxsusi olub, Leonid İliçin bu xanıma olan tükənməz məhəbbəti, tibb bacısının isə ona olan sədaqəti az qala dillər əzbərinə çevrilib.

Modern.az saytı SSRİ rəhbərləri ilə bağlı növbəti yazısında bu “cütlük”dən bəhs edir.

Brejnevin Nina Korovyakovaya qarşı olan istəyi hədsiz ehtiraslı olmağı ilə yanaşı, həm də səsli-küylü hadisə kimi yadda qalıb. Hətta bu məhəbbətin söhbəti Kremlin otaqlarında da marağa və mübahisələrə səbəb olub.

Baş katiblik kürsüsündə on səkkiz illik hakimiyyətin əksər illərində xəstəliklər Brejnevi çox da rahat yaşamağa qoymayıb. Bu xəstəliklər təbii ki, Kreml komandasını da narahat edib. SSRİ-nin hamıya sərfəli və “əvəzolunmaz” liderinin sağlamlığı naminə ciddi tədbirlər görülüb və xüsusi həkim personalı gecə-gündüz Baş katibin qulluğunda dayanıb.

Baş katibin tibb bacısı Nina Korovyakova da bu personalın arasında olub. Brejnev tibb bacısına hədsiz dərəcədə bağlanıb. Sözsüz ki, bu münasibəti daha da ehtiraslı edən səbəblər isə Ninanın Baş katibə qarşı qayğısı, nəvazişi və nəhayət Brejnevi “yolundan çıxmağa” vadar edən hərəkətləri olub.

Nina Korovyakova gözəl qadın olmaqla yanaşı həm də savadlı, dünyagörüşlü, tez ünsiyyət qurmağı bacaran, siyasi mühitdən xəbərdar olmağı ilə fərqlənib. O uzun illər SSRİ Səhiyyə nazirliyinin 4-cü idarəsində işləyib. Bu idarə dövlət rəhbərlərinin sağlamlığına məsuliyyət daşıyan qurum sayılıb. 4-cü idarədə işlədiyi dövrdə müsbət tərəfdən özünü tanıtdıran Nina məhz bu idarə vasitəsi ilə Baş katibin keçilməz qalasından onun yaxın ətrafında məskən salmağa nail olub.

Brejnevin müalicə həkimi Rodionov yumşaq xarakterli olduğundan Nina onu bir çox məsələlərdən uzaqlaşdırmağı bacarıb. Bütün məsələlərdə təşəbbüskarlığı ələ almağı bacaran Nina ailədə demək olar ki, sözü keçən birinci adama çevrilib. Hətta Baş katibin rəsmi həyat yoldaşı tibb bacısı qədər öz halal əri ilə yaxın ola bilməyib.

Yuxususluqdan əziyyət çəkən Leonid İliçi psixotrop və yuxu dərmanlarına “otuzduran” və onu bu dərmanlardan asılı vəziyyətə salan da məhz Nina Korovyakova olub. Dozadan artıq verilmiş dərmanlar Baş katibi müvəqqəti sakitləşdirsə də ümumilikdə onun sağlamlığına, xüsusilə də nitqinə ciddi zərbələr vurub. Nina isə Baş katibin çox sevdiyi bu dərmanları Brejnevə çox böyük səxavətlə içirdib.


Bu məsələdən xəbərdar olan Siyasi Büro üzvləri tibb bacısını Brejnevdən ayırmaq istəsələr də mümkün olmayıb. Dövlət Təhlükəsizlik Komitəsinin sədri Andropov məsələnin ciddiliyini nəzərə alaraq Brejnevlə açıq danışmaq qərarına gəlib:

– Leonid İliç, Nina Aleksandrovnanın həyat yoldaşı sizin münasibətləriniz haqqında cəmiyyət arasında xöşagəlməz fikirlər söyləyir. Bəlkə bu münasibətlərə son qoymağın vaxtıdır?

Andropovun daha çox ittiham kimi səslənən bu fikri Brejnevin xoşuna gəlməyib və o qətiyyətlə cavab verib:

– Yura, bu mənim problemimdir, xahiş edirəm məni bir də bu məsələ ilə bağlı narahat etməyəsiniz.

Əsasən bağ evində yaşayan Brejnevin iş otağına icazəsiz giriş-şıxış səlahiyyətini qazanan Nina ilə Baş katibin bütün söhbətləri məhz bu otaqda baş tutub. Sağlamlıq mövzusundan tutmuş sevgi oyunlarına qədər bütün hadisələrin şahidi bu otaq olub.

Leonid İlic istirahətə getdiyi vaxtlarda da Nina ilə birgə olub. Mühafizəçilərin onun ətrafında olmasına baxmayaraq o istirahət dövrünü səmərəli keçirib. Tibb bacısı ilə əylənməkdən, əl-ələ verib sahildə gəzməkdən, süfrə arxasında əlində “Zubrovka” arağı ilə dolu qədəh öz sonuncu məhəbbəti haqqında sevgi dolu nitqindən həzz alıb.

Brejnev öz səxavətini Ninadan əsirgəməyib. Mərkəzi Komitənin Moskvanın mərkəzində yerləşən yaşayış binasında üç otaqlı mənzil, avtomobil, böyük məbləğlərdə pul mükafatları və tibb bacısının hərbçi həyat yoldaşını kapitan rütbəsindən generaladək yüksəlməsi təsadüfi olmayıb. İki sevgili arasında münasibətlər o qədər yaxın olub ki, Brejnev bir çox dövlət məsələlərinin həllində nəinki Ninanın məsləhətlərinə qulaq asıb, hətta onun dediyi kimi qərar çıxarıb. Araşdırmaçıların fikirlərinə görə həmin yaxınlıq dövründə SSRİ-ni iki nəfər idarə edib: Leonid İliç və Nina Aleksandrovna.

Brejnevin ölümündən sonra Nina Korovyakova onu həmişə xoş təəssüratlarla xatırlayıb:

– Leonid İliç əsl kişi idi. Onunla istənilən mövzu haqqında söhbət etmək olardı. Biz uzun-uzadı fikir mübadiləsi aparırdıq, müxtəlif mövzuları müzakirə edirdik. Brejnev daha çox müharibə illərindən danışmağı sevərdi. O illərdən söhbət açanda ilk sevgilisi Tamaranın adını tez-tez çəkərdi və deyərdi ki, mən Tamaraya çox oxşayıram. Qayğıkeş insan idi, ürəyi yumşaq, xarakteri mülayim. Bizim yaxınlığımız çoxlarının xoşuna gəlmirdi. Haqqımızda çox şeylər danışırdılar. Biz isə sadəcə dost idik, bir-birinə etibar edən yaxın dostlar…

 

İlham Cəmiloğlu

BIR CAVAB BURAXIN