Səs təqlidçilərinin ələ saldığı siyasətçilər

0
685

Bu kələkbazlar dünyanı idarə edən şəxslərini barmaqlarına dolamağı bacarırlar

Hər kəs siyasi liderləri, xüsusilə dövlət və hökumət başçılarını saysız-hesabsız cangüdən, köməkçi, məmur ətrafında görür və onların nə qədər əlçatmaz olduğunu zənn edir. Bu adamların nəinki evlərinə, hətta 100 metr aralıqda belə yaxınlaşmaq mümkün görünmür. Ölkə liderlərinin ev və ya mobil telefon nömrələrinə məhdud dairədəki şəxslər xaricində çıxış əldə etmək isə xəyal edilə bilməz.

Lakin dünyada bunu bacara bilən və siyasi liderləri telefonda dolayıb, onları gülünc vəziyyətə salmağı bacaran zirək insanlar var.

Doğrudur, bir çox ekspertin fikrincə, bu işdə onlara mənsub olduqları ölkələrin xüsusi xidmət orqanları da yardım göstərirlər.

Musavat.com xarici mediaya istinadən bununla bağlı maraqlı məlumatları təqdim edir.

1998-ci ildə prankın (başqalarının səsini yamsılayaraq telefonla ələ salmaq xarici mediada belə adlanır-red.) qurbanı şəxsən Böyük Britaniyanın baş naziri Toni Bler olub. Londonun radiostansiyalarından birinin aparıcısı Con Kalşou baş nazirə Mühafizəkarlar partiyasının lideri Uilyam Heyqin adından zəng edib.

Olduqca qısa çəkən görüşdə “Uilyam Heyq” Toni Blerdən amerikalı erməni əsilli müğənni Şerin idman hərəkətlərinin təsvir olunduğu DVD-ni istəyib-istəmədiyini soruşub. Telefon söhbətindəki saxtakarlığı hiss edən Blerin təhlükəsizlik xidməti xətti dərhal kəsməyə müvəffəq olub.

Daha sonra keçmiş baş nazir Kalşounun səsinin həqiqətən Heyqə oxşadını, amma kiçik bir detalla özünü “yandırdığını” bildirib. Belə ki, Kalşou Tonu Blerə adı ilə müraciət edib. Halbuki olduqca nəzakətli adam sayılan Uilyam Heyq onu həmişə “cənab baş nazir” deyə çağırırmış.

2005-ci ilin dekabrında İspaniyanın özəl bir radiostansiyası Boliviyanın yeni seçilmiş prezidenti Evo Moraleslə zarafat edir. Radiopranker özünü İspaniyanın baş naziri Xose Lui Sapatero kimi təqdim edərək Evo Moralesi şəxsən qələbə münasibətilə təbrik etmişdi.

Söhbətin gedişində isə aparıcı hətta belə bir cümlə işlətməyə cəsarət edib: “Düşünürəm ki sizi yeganə təbrik etməyən adam Corc Buşdr. Budur, mən 2 ildir baş nazirəm, o hələ bir dəfə olsun mənimlə əlaqə yaratmayıb”. Daha sonralar radiostansiya canını üzr istəməklə birtəhər qurtara bilib.

2008-ci ildə prankerlərin növəti qurbanı Respublikaçılar parityasından vitse-prezidenliyə namizəd Sara Peylin olub. Kanadanın tanınmış komikləri və radioaparıcıları sayılan, həmçinin “Maskalı intiqamçılar” deyə tanınan Mark Antuan Odett və Sebastyan Trudel S.Peylinə Fransa prezidenti Nikola Sarkozi adından zəng ediblər. Onlar Peylinlə Repsublikaçıların seçkiqabağı kampaniyasını, habelə Sarkozinin həyat yoldaşı Karla Brunini müzakirə ediblər. Söhbət zamanı “Sarkozi” Sara Peylinin özünün prezidentliyə əsl layiq olduğunu söyləyib. Sonradan vəziyyətin ciddiləşdiyini görən komiklər Sara Peylinə bunun bir düzməcə olduğunu söyləməyə çalışsalar da, Fransa prezidentinin şəxsən ona zəng etməsindən vəcdə gələn rezpublikaçı namizəd o dərəcədə qızışıb ki, bunun fərqinə varmayıb.

Hətta yalançı “Sarkozi”nin ABŞ-dakı seçkiqabağı kampaniya barədə şəxsən yaxın müşaviri Coni Hollideydən hər gün məlumat alması barədə sözləri Peylinə “çatmayıb”. Hər kəsə məlumdur ki, Coni Holidey Fransanın olduqca populyar müğənnisidir (keçən ilin dekabrın 6-da vəfat edib-red.). Lakin cavabında Sara Peylin tam ciddiyyətlə, “cənab müşaviri şəxsən tanıdığını və onun Sarkoziyə seçki ilə bağlı məlumat verməsi barədə bildiyini” söyləyib.

Telefonla dolamaq məsələsində ruslar az aşın duzu deyillər. Burada “Vovan” ləqəbli Vladimir Kuznetsov və “Leksus” ləqəbli Aleksey Stolyarovun isimləri önə çıxır. Onların qurbanları içində siyasətçilərdən tutmuş pop-ulduzlar, futbolçular və aktyorlar da var.

Bu iki kələkbazın əsl avam yerinə qoyduğu adam Ukrayna prezidenti Pyotr Poroşenko və baş nazir Vladimir Qroysman olub.

Keçən ilin yanvaırn 1-də onlar NATO baş katibi Yens Stoltenberin adından Ukrayna prezidentinə zəng ediblər.

Heç bir şeydən şübhələnməyən Poroşenko belə bir möhtərəm vəzifəli şəxsin ona zəng etməsinə görə emosiyalarını cilovlaya bilməyib.

Stoltenberqin adından danışan pranker söhbətin gedişində Poroşenkoya az içməyi məsləhət görüb. Bundan sonra əlaqə dərhal kəsilib.

Keçən ilin iyulunda isə “Vovan” və “Leksus” ABŞ-ın energetika naziri Rik Perri ilə əlaqə yaratmağa nail olublar. Özlərini Ukraynanın baş naziri Vladimir Qroysman kimi təqdim edən prankerlər tam 20 dəqiqə amerikalı nazirlə Rusiyaya yönəlik sanksiyalar və ABŞ kömürünün Ukraynadakı qiyməti barədə müzakirə aparıblar.

Ən sonda Kuznetsov və Stolyarov Rik Perriylə əməlli başlı məzələnərək ona Ukrayna prezidenti Pyotr Poroşenkonun şəxsən cecə arağı (samoqon) və peyin qarışığından ibarət yeni bioloji yanacaq növünün kəşf etdiyini söyləyiblər. Lakin bundan heç nə anlamayan Rik Perri yaxınlarda Ukrayna ilə sıx əlaqələri olan senator Con Makkeynlə məsələni müzakirə edəcəyini bildirib. Perri yeni yanacaq növü ilə şəxsən maraqlanacağını sözlərinə əlavə edib.

2017-ci ilin fevralında isə rus ikili yenə də Ukrayna baş naziri Vladimir Qroysmanın adından ABŞ Nümayəndələr Palatasının üzvü Maksin Uotersə zəng ediblər.

“Vladimir Qroysman” amerikalı deputata Moskvanın Limpopo adlı dövlətin daxili işlərinə qarışmasından şikayətlənib.
Saxta baş nazir həmin ölkədə hakimiyyəti doktor Aybolitin ələ keçirdiyini bildirərək xanım Uotersə ABŞ-ın vəziyyətə müdaxilə etməli olduğunu söyləyiblər. Uoters isə özünü əsl amerikalı vətənpərvər və siyasətçisi kimi aparıb : “Narahat olmayın. ABŞ sizin tərəfinizdədir. Lakin mən sizin kəşfiyyatınızın bununla bağlı hansı məlumatlara malik olduğunu bilmək istərdim”, – deyə cavab verib.

Musavat.com

BIR CAVAB BURAXIN