Sənət mənim ikinci həyat yoldaşımdır  

0
44

Sənət İlahi işarədir. Sənətin gücü var. Bir də sənət sahibləri var. O sənət sahibləri ki, sənətinin dəyərini bilir, onun üzərində zərgər dəqiqliyi ilə işləyir. Belə sənət adamlarını tanımaq, onlarla ünsiyyət qurmaq bizim sənətkarlar haqqında anlayışımıza yeni bir məna gətirir. Sənətkar bir sənət ömrünə bərabərdir. Elə müsahibim də sənətinin zirvələrində olanlardandır. Əslən Azərbaycanlı olmasına baxmayaraq okeanın o tayında yaşayan müsahibim öz sənəti ilə doğulub boya-başa çatdığı Azərbaycanını layiqincə tanıdır.

Ürəyi vətən sevgisi ilə dolu olan müsahibim Kanadada yaşayan sənətçi, əslən azərbaycanlı olan Aygün Məmmədovadır.

 

Aygün Məmmədova kimdir? Oxucularımıza özü haqqında məlumat versə pis olmazdı.

– Çox sağ olun. Mən Aygün Məmmədova, Mingəçevirdə doğulmuşam və ilk dəfə 4 yaşında çıxış etmişəm. Məhz ilk dəfə bağçada çıxış edəndən sonra artıq sənətə doğru yolum açıldı.

Sənət sizə nə verdi?

– Sənət mənə hər şey verdi. Məhz sənətim sahəsində həyat yoldaşımla tanış olmuşam.

Deməli?…

– Bəli, ailəliyəm. İki övladım var. Oğlum Kamran, qızım Sofiya.

– Bəs ilk böyük çıxışınız?

– İlk böyük çıxışım Berlində olub.

 

Maraqlıdır, şou biznes sizi qane edir?

 

– Yox.

Yox deyərkən haranı nəzərdə tutursunuz?

– Buranın şou biznesi məni qane etmir.

Xaricdə və burada olan şou biznes arasında nə kimi fərq var?

– Çox böyük fərq var, inanırsınız. Məsələn, burada sənətçiyə dəstək yoxdur, konfliktlər olur. Amma xaricdə tam əksinə, sənətə dəyər verilir.

Hansı janrda oxuyursunuz?

– Bütün janrlarda. Muğamı bitirmişəm, daha sonra vokala getmişəm. Məhz Lalə xanım Rəhimovanın üç tələbəsindən biriyəm. Sevda Ələkbərzadə, Samirə Allahverdi kimi sənətçilərin təhsil aldığı müəssisədə dərs keçmişəm. Əlbəttə təvazökarlıq çıxmasın, Sevda Ələkbərzadə və Samirə Allahverdi bir kurs məndən aşağıda dərs alırdılar.

Bilirsinizmi necədir, mən sənətçiyəm və sənətçi olaraq formalaşmışam. Çünki bu gün Aygün Məmmədova Azərbaycan mədəniyyətini Qərbdə layiqincə təmsil edir. Öz milli musiqilərini yaşadır və tanıdır.

 

Məsələn.

 

– Sadəcə buna sübut “Sarı gəlin” mahnısıdır.

 

Bir az da “Sarı gəlin”dən danışaq…

– Mən xaricdə hər bir konsertdə, hər bir məclisdə bu mahnının ifa edirəm. Xarici vətəndaşlar deyirlər ki, niyə hər dəfə bunu oxuyursunuz? Deyirəm ki, bu mahının dərin mənası var. Bu mahnı bizim musiqimizin “baş tacı”dır. Buna görə də mən bacardığım qədər bu mahnının təbliğ etməyə çalışıram.

 

Geriyə baxanda nəyə heyfslənirsiniz?

 

– Yalnız bir şeyə. Qərbdə yaşasam da elə Vətənim üçün darıxıram.

 

Bəs musiqi?

 

– Musiqi mənim ikinci həyat yoldaşımdır. Mən musiqi ilə yaşayıram.

 

Davamçınız necə, varmı?

 

– Tələbələrim var. Ailəmdə isə yox.

 

Sadəliyiniz, səmimiliyiniz sizi aldatmayıb?

 

– Ara-sıra olur. (gülərək) Əslində kinli deyiləm.

 

Maraqlıdır, bəs Aygün xanım indi nə içlər görür?

 

– Yeni mahnılar üzərində durmadan çalışıram. Çünki Qərbdə buna tələbat var.

 

Bu sənətdə həyat yoldaşınız sizə dəstəkdir?

 

– Əlbəttə. İlk dinləyicim odur.

 

Nəyə bağlısınız?

 

– Ailəmə, sənətimə və dəyər verdiyim təmiz dostlara.

 

Geyimləriniz barəsində danışardınız.s

– Hal-hazırda Azərbaycandayam və gözəl bir modelyer xanımla tanış olmuşam. Saida xanım mənə gözəl libaslar tikir və buna çox şadam.

 

Kimləri dinləyirsiniz?

 

– Sevda Ələkbərzadə, Samira, Röya, Flora Kərimova və sairə.

 

Aygün xanım, braziliyalı futbolçulara futbolu yaxşı oynadıqları üçün “topla doğulanlar” deyirlər. Bəs siz nə üçün doğuldunuz?

– Düşünürəm ki, mən məhz səhnə üçün, oxumaq üçün doğulmuşam. Hərdən həyat yoldaşıma deyirəm ki, mən vətənimi sənə görə tərk edib xaricdə yaşayıram və öz arzularımı sənin arzularına qurban vermişəm. Amma heç də peşman deyiləm. Bu gün gözəl ailəm və iki övladım var.

 

Müğənniliyə istək sizdə nə zamandan yarandı?

 

– Atam deyir ki, mənim dörd yaşım olanda yanımda bir val qoyub. Həmin valdakı mahnıya uyğun səslər çıxarırmışam. Atam hamıya deyib ki, bu uşağın səsi var. Deyiblər ki, o nə bilir oxumaq nədir? Amma zaman gəldi, böyüdüm və bağçada, məktəbdə müxtəlif mahnı yarışmalarının qalibi oldum. O zamandan bu həvəs məndə daha da artmağa başladı.

 

Azərbaycan mühitində olsaydınız, bəlkə də başqa cür olardı. Bəlkə də indi ən populyar müğənnilərdən biri idiniz…

– Düzdür, yoldaşım məni səhnədə görüb bəyənib, amma biz nişanlanan kimi məni işdən çıxartdı, dedi ki, daha oxumayacaqsan. Amma xaricə köçəndən sonra oxumağıma icazə verdi.

Səhnə vizual olaraq gözəl görünüşü sevir. Yeri gələndə, açıq-saçıq da geyinmək lazımdır. Siz bunu bacarırsınızmı?

 

– Məndə belə bir kompleks yoxdur, amma hər bir insanın özünə qoyduğu bir “sərhəd” var. Mən gözəl geyimlər olanda geyinirəm. Lakin çox açıq-saçıqlığı sevmirəm, çünki artıq söz eşitmək istəmirəm. Bir dəfə sinəsi açıq bir paltar geyindim, indiyə qədər də müzakirə olunur. Ona görə də geyimimlə yox, sənətimlə gündəmə gəlməyi üstün tuturam.

 

Yoldaşınız sizi qısqanırmı?

– O, mənə çox dəstək olur, eyni zamanda oğlum da mənimlə qürur duyur. Onlar olmasaydılar, bəlkə də sənətdən gedərdim.

Kanadada, eləcə də digər ölkələrdə konsert proqramları ilə çıxışlar edib ölkəmizi təmsil edirsiniz. Bəs həmin konsertlərdən Bakıda niyə vermirsiniz?

– Bunun üçün külli miqdarda maddi vəsait lazımdır.

Bildiyimə görə, Kanadada vokaldan dərs də deyirsiniz. Tələbələriniz arasında hansı millətin nümayəndələri var.

– Demək olar ki, hər millətdən var. Həm qaradərili, həm də ağdərili.

 

Bakıya köçüb bizim şou-biznesə qatılmaq fikriniz varmı?

– İstəyərdim, amma bir ara yoldaşıma təklif etmişdim ki, altı ay burada, altı ay orada yaşayaq. Hətta işlə bağlı təklif də almışdım. Amma yoldaşım razılaşmadı. Çünki həm yoldaşım, həm də uşaqlarım o mühitə öyrəşiblər. Amma vətənlərinə çox bağlıdırlar. Bəlkə də mən haçansa Bakıya köçə bilərəm, amma onların birdəfəlik Bakıda məskunlaşmaqları inandırıcı deyil.

 

Siz Bakıya tez-tez gəlirsiniz?

– Mahnılarımı yeniləmək üçün, demək olar ki, hər il gəlirəm. Hal-hazırda Əliheydər Mirzəbəyovla birlikdə çalışıram. Bu yaxınlarda qərara gəldik ki, “Sarı gəlin” mahnısını yeni aranjemanda tamaşaçılara təqdim edək. Mən bizim bu sevilən xalq mahnımızı ingilis dilində oxudum ki, xarici millətlərin nümayəndələrinə də çatdırım.

 

Bizim-şou biznesdə müşahidə etdiyiniz neqativ hallar hansılardır?

– Kimsə geyimi ilə, efirdə işlətdiyi sözlə gündəmə gəlmək istəyir. Tamaşaçılar da, media nümayəndələri də ondan danışırlar. Sənətdən danışan yoxdur. Mən “Yarasa” verilişində “Sarı gəlin” mahnısını yeni üslubda oxudum, amma bir nəfər də bu barədə danışmadı. Bu, məni çox üzdü. Bir də ki, bizim çox istedadlı müğənnilərimiz var, amma sənətdən anlayışı olmayanların, xaric oxuyanların səhnəyə çıxmaqlarını anlaya bilmirəm. Onlar səhnəyə niyə çıxırlar?!

 

Ümumiyyətlə, bir müğənninin musiqi savadı mütləq olmalıdırmı?

– Elə insanlar var ki, onlar heç bir yeri bitirməyiblər, amma fitri istedada malikdirlər. Hər halda, məktəb bitirib istedadın üstünə istedad gətirmək pis olmaz. Məsələn, mənim müəllimim Lalə Rəhimova mənə sənətdə çox böyük dəstək olub. Onun ən güclü üç tələbəsindən biri də mənəm.

 

Tələbə yoldaşlarınızla görüşürsünüzmü?

– Bəli, hər dəfə Bakıya gələndə görüşürəm.

 

Gələcəkdə bu səpkidə başqa planlarınız varmı?

– Bəli, gələcəkdə bir və ya bir neçə kişi müğənnimizlə Azərbaycan və İngilis-dillərində duet oxumağı planlaşdırıram. Məqsədim hər iki ölkənin musiqisini birləşdirməkdir.

 

Bir müğənni olaraq nəyi qəbul edə bilmirsiniz?

– Paxıllığı.

 

Sizin paxıllığınızı çəkənlər çoxdurmu?

– Paxıllığımı çəkənlər az, sevənlərim isə çoxdur. Sizi inandırım ki, mən bir ay səhnəyə çıxmayanda zənglər gəlir ki, nə zaman konsert verəcəksiniz? Mən konsertimə gələn hər bir tamaşaçıma bir ömür borcluyam. Onlar mənə səhnədə qalmağım üçün çox böyük stimul verirlər.

 

Müğənnilikdən əldə etdiyiniz gəlir sizi qane edirmi?

– Xaricdə musiqidən gəlir çox az gəlir. Orada şou-biznes deyə bir anlam yoxdur. Buradakı qazanc oradakından qat-qat çoxdur.

 

Nəyin olmağını gözləyirsiniz?

– Gözləyirəm ki, televiziya kanalları məni verilişlərə dəvət etsinlər, media nümayəndələri məni diqqətdən kənarda saxlamasınlar. Amma təəssüf ki, indi səhnəyə də, efirə də çıxmaq ödənişlidir. Mən özümə söz vermişəm ki, heç vaxt nə səhnəyə, nə də efirə pulla çıxmayacağam. Bunu özümə sığışdırmıram. Nə bunu, nə də soyunmağı. Soyunmaq da mənlik deyil!

Aydın Ulusoy

 

 

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here