Rusiyanın Qarabağ oyunları davam edir?/Əziz Mustafa

0
687

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiya prezidenti Putinin təşəbbüsü ilə iyun ayının 20-də Sankt-Peterburqda Azərbaycan və Ermənistan prezidentləri arasnda keçirilən görüşün əks-sədası hələ də özünü hiss etdirməkdədir. Buna əsas səbəb də Sankt-Peterburq görüşünün nəticələrinin istər Azərbaycan, istərsə də Ermənistan, o cümlədən Rusiya mətbuatında fərqli prizmalardan şərh edilməsidir. Məsələn, bir müddət əvvəl Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov Sankt-Peterburqda tərəflərin əvvəl 5 rayonun, daha sonra 2 rayonun qaytarılmasına dair mərhələli plan əsasında danışıqları davam etdirməyə razılıq verdiyini açıqlayıb. Lakin Novruz Məmmədovun bu açıqlamasına sərt reaksiya verən Ermənistan xarici işlər naziri Nalbandyan onun ümumiyyətlə danışıqlar prosesində iştirak etmədiyini və bu barədə onun tam məlumatının olmadığını bəyan edib. Nalbandyanın iddiasına görə Azərbaycan və Ermənistan prezidentləri atəşkəsin davam etdirilməsi və münaqişə bölgəsindəki müşahidəçilərin sayının artırılması barədə razılığa gəliblər. Onun sözlərindən belə çııxb ki, prezidentlərin görüşündə ümumiyyətlə işğal edilmiş ərazilərin azad edilməsi məsələsi müzakirə edilməyib. Öz növbəsində məsələyə Nalbandyanla eyni prizmadan yanaşan Rusiya Xarici İşlər Nazirliyi də N. Məmmədovu “görüşün nəticələrini təhrif etməkdə” günahlandırıb. Rusiya XİN xatırladıb ki, prezidentlərin görüşü ilə bağlı yayılan rəsmi məlumatda danışıqlardan məqsədin tərəflərin atəşkəs rejimini qoruyub saxlaması və problemin dinc yollarla həlli edilməsi olduğu vurğulanıb.

Bu isə o deməkdir ki, Rusiya faktiki olaraq prezidentlərin görüşündən öz məqsədləri üçün istifadə edib.

Ermənistan Rusiyaya Azərbaycana təzyq üçün lazımdır

Rusiyanın Ermənistan vasitəsi ilə Azərbaycanın özünün siyasi təsir dairəsi altında saxlamaq istəməsi və iki ölkə prezidentlərinin Sankt-Peterburq görüşünü də buna görə təşkil etməsi barədəki ehtimallar Ermənistanda da birmənalı qarşılanmır. Ermənistanın əksər aparıcı siyasi müşahidəçiləri də ölkələrinin Rusiyaya Azərbaycana təzyiq etmək üçün lazım olduğu qənaətindədirlər. Məsələn, ötən gün Ermənistan Milli Təhlükəsizlik Xidmətinin sabiq rəhbəri, Regional Araşdırmalar Mərkəzinin analitiki David Şahnazaryan “Qarabağ problemi və onun demokratikləşmə və daxili hadisələrə təsiri” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı deyib ki, Ermənistan Azərbaycana təzyiq vasitəsi rolunu oynayır. David Şahnazaryan: “Bu gün Ermənistanın Rusiya üçün ancaq bir rolu var: Azərbaycana təzyiq göstərməklə öz məqsədinə çatmaq. Başqa sözlə, rus əsgərlərini Qarabağ münaqişəsi zonasında yerləşdirmək üçün vasitə olmaq”.

  1. Şahnazaryanın sözlərinə görə, son vaxtlar Rusiyada dövlət səviyyəsində Ermənistanın və ermənilərin xalq, millət, dövlət kimi ləyaqəti təhqir olunur: “Mən sadəcə olaraq bildirmək istəyirəm ki, Ermənistan və Rusiya Federasiyasının heç bir ümumi marağı mövcud deyil”.

Yəni, faktiki olaraq Ermənistanda Rusiyanın onlardan ermənilərin deyil, özlərinin milli, hərbi-strateji maraqlarının qorunub saxlanılması üçün istifadə etdiyi artıq sirr deyil. Bu isə Ermənistanda Rusiyaya olan ümidlərin yavaş-yavaş azalmaqda olduğunu göstərməkdədir.

5 rayonun azad

edilməsi Putinin

planıdır, yoxsa?..

Rusiya rəsmilərinin inkar etməsinə baxmayaraq prezidentlərin Sankt-Peterburq görüşündə münaqişənin mərhələli həlli ilə bağlı planın danışıqlar masasında olduğunu və müzakirə edildiyini Ermənistanda da istisna etmirlər. Prezidentlərin son görüşündə məhz mərhələli həll planının müzakirə edildiyini Ermənistanın ANİ araşdırmalar mərkəzinin rəhbəri, Qarabağ üzrə ekspert Tatul Akopyanın açıqlaması da sübut edir. Akopyanın iddiasına görə, diplomatik mənbələrdən Rusiya prezidentinin Qarabağ nizamlanmasına dair tərəflərə təqdim etdiyi planı əldə edib. Akopyan deyib ki, həmin nizamlama planı ilə Prezident Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov tərəfləri tanış ediblər: “Əslində planda yeni heç nə yoxdur, ancaq münaqişənin mərhələli həllini nəzərdə tutur və 1997-ci ildə tərəflərə təqdim edilmiş plana yaxındır.

Putinin planı iki əsas paketdən ibarətdir. Birincisi: erməni qüvvələri işğal edilmiş rayonların 5-dən (Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı) çıxarılır. İkincisi: Dağlıq Qarabağ möhkəm aralıq status əldə edir, bu status regionun Azərbaycanın tərkibinə qaytarılmasını nəzərdə tutmur, ancaq həmin status o demək deyil ki, Dağlıq Qarabağ görünən gələcəkdə müstəqillik əldə edəcək”.

Mərkəzin məlumatına görə, Madrid prinsiplərində və Kazan sənədində əksini tapmış öz müqəddəratını təyinetmə hüququ nizamlama paketindən çıxarılmayıb, ancaq Putinin planında Dağlıq Qarabağda referendumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınır.

Bildirilir ki, Azərbaycan ərazilərin qaytarılması-statusun müəyyən edilməsi formuluna razıdır, ancaq bunda israr edir ki, Qarabağ formal da olsa, Azərbaycanın tərkibində olmalıdır. Çünki Konstitusiyanın dəyişdirilməsi mümkün deyil. Əgər Azərbaycan Kazan sənədinə razılıq versəydi, o zaman ilk növbədə Konstitusiyanı dəyişdirməliydi.

Ermənistan isə Dağlıq Qarabağın Azərbaycanın tərkibinə qayıtmasını nəzərdə tutan hansısa variantla razı deyil. Bu səbəbdən Rusiya tərəfi yeni yanaşma təklif edir: 5 rayon – əvəzində Madrid prinsiplərində təklif olunan aralıq statusdan daha möhkəm status. Bundan əlavə Putinin təkliflərində Kəlbəcər və Laçının qaytarılması barədə heç nə deyilmir.

Rusiya işğal altındakı torpaqların qaytarılmasına razı deyil

Kremlin Qarabağ münaqişəsi ətrafında prezidentlərin görüşünü təşkil etmək pərdəsi altında manevr etdiyini Rusiya siyasi və hərbi analiz institutunun şöbə müdiri, politoloq Sergey Markedonovun açıqlaması da sübut etməkdədir. O bildirib ki, Moskva özünü Qarabağ münaqişəsinin həllinin tərəfdarı kimi göstərsə də, əslində bunda maraqlı deyil.

Rus politoloq Ermənistanın “1in.am” portalına verdiyi müsahibəsində bir daha vurğulayıb ki, Moskva Qarabağ ətrafı rayonları Azərbaycana qaytarmaq fikrində deyil: “Əgər bu rayonlar Azərbaycanın nəzarətinə verilsə, Rusiya Ermənistanı itirə bilər. Azərbaycanın buna görə sağ ol deyib-deməyəcəyi də hələ ki, sual altındadır”.

Sergey Markedonov iddia edib ki, rayonların verilməsi yeni toqquşmalara səbəb ola bilər ki, bu, Moskvaya lazım deyil.

Rus politoloq həm də münaqişənin həlli ilə bağlı ermənilərin ümid etdiyi hansısa Vyana prosesinin də olmadığını bildirib. Ermənistan tərəfi qoşunların təmas xəttində xüsusi mexanizmlər yerləşdirməklə status-kvonu əbədiləşdirmək istəyirlər və Vyanada bu məsələ ilə bağlı razılıq əldə edildiyini iddia edirlər. Markedonov isə münaqişənin həlli üzrə baza prinsiplərinin olmadığını bildirib.

Onun fikrincə, qərb ölkələri də bu münaqişəni həll etməyə ciddi maraq göstərmirlər: “Vaşinqton, ola bilər ki, problemin hansısa siyasi həllinə hazırdır, buna görə də status-kvonun müəyyən qədər dəyişməsi Birləşmiş Ştatlar üçün prioritetdir. Moskva da deyir ki, status-kvo ləğv edilməlidir, amma bunu könülsüz deyir”.

Rus politoloqun fikrincə, Qarabağ münaqişəsinin həlli bundan sonra 50-60 il çəkə bilər: “Keyfiyyətli dəyişikliklər baş verməyənə qədər indiki “nə müharibə, nə sülh” vəziyyəti hələ 50-60 il də davam edə bilər. Atəş açacaqlar, görüşəcəklər, sonra yenidən atəş açacaqlar, sonra danışıqlar aparacaqlar”.

Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov isə ANS PRESS-ə müsahibəsində Sergey Markedonovun fikirlərində müəyyən qədər həqiqət olduğunu vurğulayır: “Markedonov Rusiyanın müəyyən şovinist dairələrinin fikirlərini ifadə edir. Ola bilər ki, bu fikirlər həmin dairələr üçün doğrudan da vacibdir. Rusiyanın Ermənistanda hərbi bazası var, hava hücumundan müdafiə sistemi üzrə sazişə qol çəkilib və s. Həmin dairələr iki yüz ilə yaxındır ki, Ermənistanı Rusiyanın əlində bir alət sayırlar”.

Lakin bununla belə, Fikrət Sadıqovun fikrincə, indi vəziyyət dəyişib və Azərbaycan Rusiyanı Ermənistanla müqayisədə daha lazımlı olduğuna inandırmalıdır: “Ermənistan Rusiya üçün getdikcə əlavə yükə çevrilir. Bu ölkənin ordusu, yanacaq sektoru və s. Rusiyadan daima güzəşt tələb edir. Azərbaycan isə Rusiya ilə bir sıra əlverişli layihələr çərçivəsində əməkdaşlıq edir. Buna görə də, Moskvanın Ermənistana baxışı dəyişə bilər və Qafqazda strateji tərəfdaş kimi Azərbaycan seçilə bilər. Onda Rusiya Ermənistanı itirməkdən qorxmaz”.

Türkiyə-Rusiya yaxınlaşması münaqişənin həllinə yardım edə bilər

Son vaxtlar Türkiyə və Rusiya münasibətlərində yenidən canlanma əmələ gəlib. Hətta tərəflər yaxın vaxtlarda yüksək səviyyəli rəsmi görüşlərin təşkili barədə razılığa gəliblər. Ankara və Moskva arasında münasibətlərin istiləşməsi isə öz növbəsində Qarabağ münaqişəsinin həllində müəyyən rol oynaya bilər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu deyib ki, Türkiyə-Rusiya münasibətlərinin normallaşması Azərbaycanın da xeyrinədir. O belə hesab edir ki, bu yaxınlaşma Qarabağ münaqişəsinin həllinə də müyyən qədər təsir edəcək. Bununla belə hadisələrin gedişi göstərir ki, Rusiya Qarabağ münaqişəsinin həlli ətrafında oyunlarını davam etdirir və faktiki olaraq hər iki tərəfi özünün təsiri altında saxlaya bilmək üçün münaqişənin tam həllində maraqlı deyil. Rusiyanın münaqişə ətrafındakı oyunlarının nə vaxta qədər davam edəcəyi isə məlum deyil…

Səlcuq Oğuz

BIR CAVAB BURAXIN