Akif Çovdarov gizli agentinin adını açıqladı

0
595

Bu gün Sabunçu Rayon Məhkəməsinin binasında ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarov və onunla birlikdə həbs edilən üç MTN əməkdaşının məhkəmə baxışı davam etdirilib.

Bugünkü iclasın birinci hissəsi cəmi yarım saat sürdü. Saat 10-a təyin olunmuş proses 1 saat 45 dəqiqəlik gecikmə ilə başladı və bu dəfə iclasın başlamasına nəinki vəkillər və təqsirləndirilənlər, həm də məhkəmə heyəti gecikdi.

 

Şahmar Qurbanov sexini neçəyə satıb?

Cinayət işinin Şahmar Qurbanovun şikayəti əsasında baxılan epizoduna artıq yekun vurulsa da, Akif Çovdarovun vəkillərinin Vergilər Nazirliyindən zərərçəkmişin qazancı və ödənişləri ilə əlaqədar sorğularına aldıqları cavabları aydınlaşdırmaq üçün bu gün yenidən həmin məsələyə qayıtdılar.

Xatırladaq ki, Şahmar Qurbanov Akif Çovdarovun ondan 500 min dollar pul və 280 min dollarlıq qiymətli daşlar aldığını iddia edir. Bu qədər pulu toplamaq üçün zərərçəkmiş direktoru işlədiyi “Riyad Prodakşn” MMC-nin zərgərlik sexini, avtomobillərini və mənzilini satıb, müflisləşdikdən sonra yenicə evləndiyi həyat yoldaşından boşanıb, Türkiyəyə qaçmağa məcbur olub.

Çovdarovun vəkilləri sorğularına aldıqları cavablarda müəyyən ediblər ki, 2007-ci ildə zərgərlik sexini Şahmar Qurbanov, özünün dediyi kimi, 470 min dollara deyil, iki hissədən ibarət olmaqla cəmi 100 min manata yaxın məbləğə satıb. Eyni zamanda, vergi orqanlarının məlumatına görə, “Riyad Prodakşn” MMC heç vaxt qeydiyyatda olmayıb.

Bütün bu deyilənlərə cavab olaraq Şahmar Qurbanov bildirdi ki, istənilən vaxt bütün sənədləri təqdim edə bilər: “Hansı sənəd lazımdırsa, gətirə bilərəm. Vergimi də vermişəm, lisenziyam da olub. O ki qaldı sexin satış qiymətinə, onu rüsumu az ödmək üçün az göstərmişdilər. Bir də mən anlamıram, bura vergi idarəsidir? Hər şeyimi əlimdən alıblar, hələ məndən sənəd də istəyirlər”.

Hakim Şahmar Qurbanovdan növbəti iclasda vəkillərin maraqlandıqları sənədləri təqdim etməsini istədi.

Akif Çovdarovu vəkilləri idarə edir

Bundan sonra müzakirə olunan işlə bağlı Akif Çovdarovun fikri öyrənildi. General vəkilləri ilə məsləhətləşirmiş kimi, göz-gözə gəldi. Vəkil Şahin Rəfiyev: “Akif müəllim, sonra, axırda danışarsınız” deyəndən sonra general vəkilinin sözünü təkrarladı.

Dövlət ittihamçısı Akif Çovdarovun ötən dəfə söz verdiyi kimi, “Metak” MMC epizodu üzrə ifadə verməsini istədi. Təqsirləndirilən çıxışa hazır olduğunu bildirdi.

 

“Metak” MMC MTN-ə niyə çağırılmışdı?

Plastik boru istehsalı ilə məşğul olan “METAK” MMC-nin üç vəzifəli şəxsinin təqsirləndirilən Akif Əliyevə qarşı şikayətinə bir müddət öncə baxılmışdı.

Zərərçəkmiş, şirkətin maliyyə direktoru Fuad Zülfüqarov ifadəsində demişdi ki, 2015-ci ilin fevral ayında onun telefonuna MTN-dən zəng daxil olub. Zəng edən şəxs MMC-nin fəaliyyəti ilə bağlı məsələnin araşdırılması üçün onun xüsusi xidmət orqanına təşrif buyurmasının zəruri olmasını bildirib.

F.Zülfüqarov qeyd etmişdi ki, MTN-in nəzarət-buraxılış məntəqəsinə getdikdən sonra onu düz 10 saat sorğu-sual ediblər və təzyiqlər göstəriblər. Səbəb isə belə izah olunub: “Qazanırsınız, bizi görmürsünüz”. Xeyli dindirmədən sonra idarə rəisi Akif Əliyev zərərçəkmişi başa salıb ki, “söhbəti” 50 min manat gətirməklə bağlamaq mümkündür.

Şirkətin təsisçisi ilə məsləhətləşdikdən sonra maliyyə direktoru Fuad Zülfüqarov 10 min manatı Akif Əliyevə verib və “söhbət” doğrudan da bağlanıb. Hətta sonradan şirkətin əməkdaşı ilə MTN-də idarə rəisi işləmiş Akif Əliyev arasında mehriban münasibət yaranıb və yaranmış bir sıra problemlərlə bağlı “METAK” MMC-nin rəhbər şəxslərindən biri onunla dəfələrlə əlaqə saxlayaraq görüşüb. Keçmiş MTN-lə bağlı həmin iş hələlik istintaq mərhələsindədir və bu məhkəmə baxışının predmeti deyil.

 

Akif Çovdarov ad çəkmək istəmədi

“Metak” MMC işi ilə bağlı Akif Çovdarov ifadə verdi. Onun sözlərinə görə, MTN-ə bu şirkətin ofşor hesablarına külli miqdarda pul köçürməsi barədə məlumat daxil olmuşdu.

“Şirkətin əməkdaşını dəvət etdik və o, bizə MMC-nin rəhbərliyi barədə məlumat verdi. Ad çəkmək istəmirəm, aləm qarışar bir-birinə. Bu məlumatı nazirliyin rəhbərliyinə çatdırdım. Təxminən 1 saatdan sonra mənə bildirildi ki, işi dayandırım və həmin məsələ ilə bağlı araşdırmanı yekunlaşdırım”, – A.Çovdarov bildirdi.

 

General Eynulla Fətullayevdən niyə qorxur?

A.Çovdarov konkret adlar çəkmək istəməməsinin səbəbini də açıqladı:

“Bilirsiniz, elə şeylər var ki, onlar demək olmur. Mən indi burda ad çəksəm, iki dəqiqədən sonra Eynulla Fətuillayev bunu yazacaq. Olmaz belə şeyləri demək. Qapalı bir görüş təşkil edin, mən olum, iki prokuror və üç hakim, hər şeyi olduğu kimi danışım”.

Məhkəməyə sədrlik edən hakim Həbib Həsənov bildirdi ki, məhkəmə prosesinin dövlət sirlərinin açıla biləcəyi bəzi hissələri qapalı keçiriləcək, lakin qanuna görə, zərərçəkmişlərin baş verənlərdən xəbərdar olmasını məhdudlaşdırmaq olmaz. Buna görə də, belə “dar çərçivədə” görüş və araşdırma mümkün deyil.

Çovdarova kababxanada “Feliçita” mahnısını kim oxuyub?

Akif Çovdarov ifadəsini davam etdirdi: “Gəlin sizə bir hadisə danışım, kefiniz açılsın. “Nəriman Nərimanov” metro stansiyasının yaxınlığında bir “Kəpəz” kababxanası var idi. Bakıda ilk kababxanalardan idi. Orada bir aşıq vardı. Bir gün oturmuşuq həmin kababxanada, bu aşıq gəldi ki, bəs sizə mahnı çalacağam. İstəmədik. 2-3 dəfə də cəhd edəndən sonra gəldi ki, yox e, çalmalıyam. O vaxt da “Feliçita” adlı italyan mahnısı dəbdə idi. Dedik onu çal. Aşıq da başladı ki, “nənəm sənə qurban, ay Feliçita”.

İndi burda da hər şeyi fırladıb mənim üstümə gətirirlər ki, günah Çovdarovdadır. Bu işin necə qurtaracağını yaxşı bilirəm. Amma bu uşaqların günahı yoxdur, onları buraxın getsinlər”. Generalın növbəti komediya janrında centlmenlik cəhdi beləcə baş tutdu.

 

İki saatlıq fasilə

Prosesə sədrlik edən hakim Həbib Həsənov növbəti zərərçəkmişin dindiriləcəyini bildirəndə Akif Çovdarovun vəkilləri təşvişə düşdülər. Vəkil Sadiq Rəsulov bildirdi ki, onlar bu işə hazır deyillər: “Mən 59 cildlik cinayət işini maşınımda gəzdirə bilmərəm ki. Bizə əvvəlcədən hansı epizod üzrə iclasın keçiriləcəyi deyilməyib ki, hazırlaşaq. Heç olmasa, icazə verin, ofisə gedib həmin epizodla bağlı sənədləri gətirim”.

Qısa mübahisədən sonra hakim saat 14:00-a qədər fasilə elan etdi.

 

Almaniya vətəndaşı MTN-ə çağırılıb

Məhkəmədə zərərçəkmiş Fikrət İbrahimovun şikayəti əsasında baxılmış epizod üzrə şahid Vidadi Hüseynov ifadə verdi. Xatırladaq ki, “Süleyman Transport” nəqliyyat şirkətinin sahibi Fikrət İbrahimov MTN-ə 62 min manat verdiyini iddia edir.

Almaniya vətəndaşı olan azərbaycanlı Vidadi Hüseynov bildirib ki, Fikrət İbrahimovla müəyyən müddət ərzində şərik olub. Günlərin birində zərərçəkmiş V.Hüseynova zəng edərək, MTN-ə çağırıldığını və ondan 30 min manat alındığını deyir və şərik kimi bunun 15 min manatını şahidin ödəməli olduğunu qeyd edir. Şahidin sözlərinə görə, onun özünü də somradan MTN-ə dəvət ediblər və orada məlum olub ki, F.İbrahimov heç kimə pul verməyib. Bunu zərərçəkmiş MTN-dəki üzləşmə vaxtı da etiraf edib.

Lakin F.İbrahimov məsələnin bu cür olmadığını, əslində MTN-ə pul versə də, bunu həmin an etiraf etmək istəmədiyini deyib.

İş üzrə təqsirləndirilən, MTN-in idarə rəisi işləmiş Orxan Osmanov söz alaraq, bu işdə əsas motivin heç də hansısa şərikin o biri şərikinə borcunun olmadığını göstərib. O.Osmanov deyib ki, “Süleyman Transport” şirkətinin Fətullah Gülən tərəfdarları ilə əlaqələri, FETÖ-yə pul köçürmələri araşdırılırdı. Konkret olaraq, MMC-nin əməkdaşı Rəşad Babazadənin nurçularla əlaqələrinin yoxlanması tapşırılmışdı.

 

Akif Çovdarovun gizli agenti kim imiş?

Bu yerdə təqsirləndirilən Akif Çovdarov ifadə vermək istədiyini bildirdi. Onun ifadəsini kiçik ixtisarla diqqətinizə çatdırırıq:

“Bu elə bir işdir ki, işin mexanizmini bilmirsiniz, amma ittiham edirsiniz. 2013-2014-cü illərdə bizə tapşırıq gəlmişdi ki, şirkətlərdə, təşkilatlarda, təhsil müəssisələrində nurçuları müəyyən edib təmizləyək. MTN-in işi isə elədir ki, bir nəfəri dindirmək üçün, şübhə yaranmasın deyə, həmin təşkilatdan, yaxud da şirkətdən 5-10 nəfəri dəvət edirik. Çünki burda “verbovka” söhbəti ola bilər, sonradan heç kim kimdənsə şübhələnməsin.

Sorğu-sualı uzadırsınız, mən indi ad çəkməliyəm. “Süleyman Transport”da işləmiş Rəşad Babazadə MTN-in gizli agenti olub. Məni məcbur edirsimiz ki, belə şeyləri deyim”.

Xatırladaq ki, sözügedən Rəşad Babazadə “Süleyman Transport”da ştatdankənar çalışıb və şirkət üçün müştəri axtarmaqla məşğul olub.

 

Tağı Əhmədov məhkəməyə gəlmədi

Məhkəmənin baxdığı növbəti epizod bu cinayət işinin ən səs-küylü hissələrindən biri – Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun şikayət ərizəsi üzrə iş oldu.

Hamı T.Əhmədovun məhkəməyə gəlişini gözləsə də, Bakı metrosuna uzun illər rəhbərlik etmiş keçmiş məmur gəlib çıxmadı və onun ifadəsi növbəti iclasa qaldı.

Həmin iş üzrə digər zərərçəkmişlər – Tağı Əhmədovun qardaşı oğlu, “Qara Qarayev” stansiyasında rəis müavini işləmiş Şövqü Əhmədov və “Koroğlu” stansiyasında ticarət mərkəzini çalışdırmış Elşən Tağıyev ifadə verdilər.

Zərəçəkmişlər eyni gündə MTN-ə çağırıldıqlarını, təzyiqlərlə üzləşərək, döyülərək, metrodakı ticarət obyektlərindən yığdıqları pulları Tağı Əhmədova verdikləri barədə izahata imza atmağa məcbur edildiklərini bildirdilər.

Qeyd edək ki, Elşən Tağıyev, bütün hədə-qorxulara və təzyiqlərə baxmayaraq, izahata qol çəkməyib. Şövqü Əhmədov isə yaşadığı təhqirlərə dözməyərək, bunu edib.

Zərərçəkmişlər dövlət ittihamçılarının və vəkillərin suallarına cavab verdilər.

Məhkəmənin növbəti iclası çərşənbə günü, dekabrın 28-də keçiriləcək.

Virtualaz.org

BIR CAVAB BURAXIN