Rusiyada bəzi dairələrin təxribatı Azərbaycanla tərəfdaşlıq münasibətlərinə necə xələl gətirir? – Video

0
464

Azərbaycanda tarix boyu müxtəlif dinlərin, millətlərin, etnik qrupların nümayəndələri qarşılıqlı hörmət, birgəyaşayış şəraitində bir ailə kimi yaşayıb. İndiyə kimi ölkəmizdə etnik, dini, milli səviyyədə hər hansı qarşıdurma baş verməyib. Bütün millətlərin, dinlərin, etnik qrupların nümayəndələri Azərbaycan vətəndaşları olaraq hər hansı ayrı-seçkiliyə məruz qalmayıblar. Ölkəmiz bu sahədə yaratdığı modeli, öz tolerantlığı, multikultural dəyərləri ilə bütün dünyaya nümunə olmağı bacarıb. Təsadüfü deyil ki, bu gün dünyada toleratlığın Azərbayan modeli yüksək qiymətləndirilir.

Bütün dinlərin nümayəndələrinin öz inanclarını həyata keçirmək üçün  hər bir şərait yaradılıb. Ölkəmizdə məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar fəaliyyət göstərir. Hətta Azərbaycanın işğal edilmiş ərazilərində bütün dini abidlərin dağıdılmasına, proflinin dəyişdirilməsinə baxmayaraq, paytaxt Bakının mərkəzində erməni kilsəsi heç bir zərər görmədən saxlanılıb.

Beynəlxalq qurumların hesabatlarında da Azərbaycanda bu sahədəki vəziyyət müsbət qiymətləndirilib. Amma təəssüflər olsun ki, hər zaman təxribatçı qüvvələr tapılır ki, onlar Azərbaycanda bu sahədə mövcud vəziyyəti başqa cür təqdim etməyə, doğru olmayan məlumatları dövriyyəyə buraxmağa çalışırlar. Bunun üçün isə bəzi KİV-lərdən sosial şəbəkələrin imkanlarından istifadə edirlər.

Bir neçə gün əvvəl yenidən belə bir təxribata şahidlik etdik. Belə ki, bir müddət öncə Səudiyyə Ərəbistanının maliyyə resursu olan Hawamer.com saytında Azərbaycanda sünnilərin, xüsusən ləzgi və sələfilərin sıxışdırılması haqda material yayımlandı. Maraqlıdır ki, sayt Rusiyanın İslamRF.ru saytına istinadən bu məlumatı vermişdi. Sujet köhnədir, 4-5 il əvvəl “Russian Today”-in ərəb redaksiyası tərəfindən hazırlanıb, amma Səudiyyə Ərəbistanı və körfəz ölkələrinin sosial şəbəkə istifadəçiləri arasında indi yayılır. Burada söhbət konkret “Əbubəkr” və “İçərişəhər” dəki “Aşur” məscidindən (Ləzgi məscidi də adlandırılır) gedir. Bir məqamı da əlavə edək ki, İslamRF.ru saytında gedən və Hawamer.com saytında verilən materialda Bakıda keçirilən beynəlxalq əhəmiyyətli dini tədbirin Rusiyanın bəzi sünni icma liderləri tərəfindən boykot edilməsi barədə əlavə də öz əksini tapmışdı. Buna səbəb kimi də yuxarıda təqdim olunan “faktlar” əsas gətirilmişdi.

Bu, əlbəttə ki, birinci olmadığı kimi, sonuncu eynitipli material deyil. Əvvəllər də biz belə yalanlarla, ölkəmizin əleyhinə kampaniya cəhdləri ilə qarşılaşmışıq. Son günlər isə bir artım tendensiyası müşahidə olunur və təəssüf ki, mənbə də həmişəki kimi Rusiya informasiya mənbələri  olur.

Əslində, burda məqsəd aydındır. İlk növbədə həssas bir mövzuda yalan informasiya yayaraq ölkədə etnik səviyyədə hansısa gərginliyə nail olmaq, ikincisi Azərbaycanın qonşusu, strateji tərəfdaşı olan Rusiya ilə əlaqələrə xələl gətirmək, nəhayət, Azərbaycanın çox yaxın dostluq əlaqələri olan Səudiyyə Ərəbistanı, digər körfəz ölkələri ilə münasibətlərini pisləşdirmək cəhdi… Bu sıranı genişləndirmək də mümkündür.

Nəzərə almaq lazımdır ki, Səudiyyə Ərəbistanı məhz Dağlıq Qarabağ münaqişəsinə görə Ermənistanla heç bir əlaqə qurmayan, daim beynəlxalq platformalarda Azərbaycanı tam şəkildə dəstəkləyən az sayda dövlətlərdən biridir.

Həmin pis niyyətli dairələr dini, etnik mövzunu seçməsi də təsadüfi deyil. Yuxarıda qeyd etdiyimiz kimi bu sahədəki mövcud vəziyyət, Azərbaycan nümunəsi onları narahat edir.

Məlumat üçün bildirək ki, həmin dairələrin istinad etdiyi İçərişəhərdə yerləşən “Aşur” məscidi  ölkə əhəmiyyətli abidədir. Bura sadəcə insanlar arasında “Ləzgi məscidi” adlandırılıb. Yəni onun ləzgilərlə hər hansı bağlılığı yoxdur. Bunun üçün məscidin tarixinə nəzər salmaq kifayət edir.

Sadəcə İçərişəhərin tarixi mərkəzində Qız qalası ilə Sınıqqala məscidi arasında yerləşən qədim məscid XIX əsrin sonu XX əsrin əvvəllərindən etibarən əsasən Dağıstandan köçmüş, xalq arasında ləzgi adlanan camaatın daha çox toplanması ilə əlaqədar olaraq Ləzgi məscidi kimi də tanınıb. Belə ki, həmin vaxt Azərbaycanda nеft sənаyеsinin inkişаfı ilə bağlı  Dаğıstаn fəhlələri Bаkı sənаyе müəssisələrinə qаzаnc dаlıncа ахışıblar və İçərişəhərin sаkinləri ibаdət üçün оnlаrа məhz bu məscidi həvаlə diblər. Dağıstandan gələn fəhlələrin uzun müddət burada ibadət etmələri, məscidin xalq etimalogiyasında “ləzgi məscidi” adını almasına səbəb olub.

Məscid Sаsаnilər dövrü аbidəsi üzərində tikilib. Məscidin üzərindəki kitabəyə görə bura Şirvanşahların hakimiyyeti dövründə, 1169-cu ildə Nəcəf Aşur İbrahim oğlu tərəfindən tikilib.

1970-ci ildə məscidin bərpа prоsеsi zаmаnı аrхеоlоji qаzıntılаr nəticəsində binаnın cənub hissəsinin аltındаn sаsаnilər dövrünə аid iki yаrımdаirəvi tipli tаğlаr, tаğlаrın аrхаsındаn isə qübbəli оtаq аşkаr оlunub. Məscidin qədim atəşpərəstlik məbədi üzərində inşa olunduğu ehtimal edilir.

Abidə kiçik ölçülü zirzəmi və üst ibadət salonundan ibarətdir. Bərpa zamanı torpaq altından çıxarılmış torpaq yerləşgəsi tağbənd örtülü, planda uzunsov biçimlidir və yarım dairəvi tağlı iki gözlə bayıra yönəlir.

Aşur məscidi bayırdan sadə prizmatik tutum şəklindədir. Daş hörgü sistemindən onun üst hissəsinin sonralar yenidən tikildiyi hiss olunur. Daha qədim hörgü – məscid divarının alt hissəsi nisbətən iri və müxtəlif ölçülü daşlardan ustalıqla yerinə yetirib.

İkincisi bu məscid kiçik tutumlu olduğu üçün eyni anda orada insanların namaz qılması mümkün olmurdu və onlar məscidin ətrafında, küçədə namaz qılmalı olurdular. Nəzər almaq lazımdır ki, bu gün Azərbaycanda bütün şəraitlə təmin olunmuş çoxsaylı məscidlər var. Təkcə paytaxt Bakıda onların sayı 140-a yaxındır.

Ümumilikdə ölkə ərazisində 2250 məscid mövcuddur. Həmçinin, 14 kilsə, 7 sinaqoq fəaliyyət göstərir. Ölkə ərazisində 748 pir və ziyarətgah var, onlardan 25-i Bakı-Abşeron bölgəsinin payına düşür.

Əbu Bəkr məscidinə gəlincə, 17 avqust 2008-ci ildə baş vermiş hadisəni hər kəs yaxşı xatırlayır. Məscidə iki əl qumbarası atılması nəticəsində 2 nəfər ölür, 18 nəfər ağır bədən yaraları alır. Yaralananlar arasında məscidin imamı Qamət Süleymanov da olur. Azərbaycan dövlətinin borcu bütün vətəndaşlarının təhlükəsizliyini, həyatını qorumaqdır. Hüququ-mühafizə orqanlarının apardığı əməliyyat nəticəsində terror aktının İlqar Mollaçıyevin rəhbəri olduğu “Meşə qardaşları” qrupunun törətdiyi aşkarlanıb.

Özünü müsəlman hesab edən istənilən millətdən olan hər bir şəxsin məsciddə ibadət etmək hüququ vardır. Yəni, məscid milliyyət tanımır. İslam insanları millətə görə ayırmır, əksinə, İslam birlik dinidir. Belə olan halda, öz çirkin məqsədləri üçün dini alət seçən Azərbaycanı, mövcud sabitliyi, inkişafı istəməyən qüvvələr öz niyyətlərinə çata bilməyəcəklər.

Söz yox ki, bu tipli materiallar Azərbaycana qarşı təxribat xarakteri daşıyır və ölkəmizin dost və tərəfdaş dövlətlərlə əlaqələrinə zərbə vurmaq məqsədi güdür. Təəssüf doğuran hal odur ki, bir çox hallarda bu tipli təxribatlar dost və strateji tərəfdaş olan Rusiyanın KİV-ləri tərəfindən törədilir. Təbii ki, bu kimi məsələlərdə həmin dairələrin məxsus olduqları dövlətlərin rəsmi qurumları da səssiz qalmalı deyillər. Çünki rəsmi münasibət, reaksiya olmadıqca, belə cəhdlər də artacaq və artıq bu tendensiya da müşahidə olunmaqdadır. Rəsmi Moskva ikitərəfli əlaqələrə, tərəfdaşlıq münasibətlərinin ruhuna zidd olan bu cür təxribat cəhdlərini ciddiyə almalıdır. Başqa bir maraqlı məqam da bu cür qüvvələrin Azərbaycanda mühüm beynəlxalq tədbirlərin keçirilməsi əsəfəsində “aktivləşməsidir”.  Qarşıdan isə Bakının ev sahibliyi edəcəyi Qoşulmama Hərəkatına  üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü gəlir…

1news.az