Rusiya yeni sərhədlər çəkir

0
567

Rusiya dünyada ən yeni və bəlkə də, ən əcaib beynəlxalq sərhəd çəkməkdədir. «The New York Times» qəzeti Gürcüstanın daxilində sərhədlər yaratmaqdan çəkinməyən Rusiyanın son irəliləyişləri haqda yazır.

«Yerə gecə ilə sancılmış payalar, bəzi yerlərdə qəfil peyda olmuş buldozerlər, ya da sərhədin başlandığını göstərən qəfil yaşıl işıqlar Rusiyanın zirəkliklə Gürcüstanın içərilərinə doğru irəliləməkdə olduğunu göstərir», -məqalədə oxuyuruq.

«RUSİYA BURDAN BAŞLAYIR»

Müəllif yazır ki, 2008-ci ildə Rusiyanın müdaxiləsindən sonra Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi elan etməsiylə Gürcüstan bu ərazilərə nəzarəti itirib və indi bu yerlərə də Rusiya baxır.

Gürcüstanın əsas şərq-qərb magistralından cəmi bir neçə yüz metr aralıda ingilis və gürcücə yazılmış bir plakat Azərbaycandan Gürcüstanın Qara dəniz limanına gedən neft kəmərinin kiçik bir hissəsinin də Rusiyanın nəzarət etdiyi ərazidə yerləşdiyini göstərir.

«Rusiya burdan başlayır», – evi buldozerlərin qazdığı xətdən o tərəfdə qalan Gürcüstan sakini Tatiashvili deyir. «Amma Rusiyanın sabah, ya da o biri gün haradan başlayacağı bəlli deyil. Belə davam etsə, bir gün hamımız Rusiya-Gürcüstan Federasiyasında yaşayacağıq».

Gürcüstanı Cənubi Osetiyadan ayıran dəmir məftillər.

Gürcüstanı Cənubi Osetiyadan ayıran dəmir məftillər.

«The New York Times» yazır ki, Cənubi Osetiya müstəqilliyini elan edəndə də, Rusiya Osetiyaya daxil olub onun müstəqilliyini tanıyanda da kimsə buna fikir vermədi, nəticədə Cənubi Osetiya da Gürcüstanın digər ərazisi Abxaziya, Moldovadan ayrılan Dnestryanı, Ukraynadan qopmuş şərq bölgələri kimi Rusiyanın nəzarətində olan ərazilərin cərgəsinə qoşuldu. İndi Rusiya bu bölgələrin hamısından NATO-nun dayaq nöqtələrinə əngəl olmaq, həmçinin istədiyi vaxt bu ölkələrdə qeyri-sabitlik yaratmaq üçün yararlanmaqdır.

HƏR GÜN BİR SƏRHƏD

Cənubi Osetiyanın lideri Leonid Tibilov Krımdakı kimi onların da referendum keçirəcəyini, Rusiyaya ilhaq olunmaq barədə qərar verəcəklərini bildirib. Amma referendum keçirildi, ya keçirilmədi, Cənubi Osetiyanın bircə adı müstəqildir. Respublikanı maliyyələşdirən də, onun ərazisini qoruyan da, ərazisinə nəzarət edən də Rusiyadır. Öz silahlı qüvvələri olsa da, sərhədlərində dayanan Rusiya Federal Təhlükəsizlik Xidmətinin əsgərləridir. «The New York Times» hazırda Osetiyada 3 rus bazasının olduğunu, bu bazalara minlərlə rus əsgərinin yerləşdirildiyini də xatırladır.

İndi isə heç bir razılaşma-filan olmadan Rusiya Gürcüstanın bu bölgələriylə sərhədlərini müəyyənləşdirməkdədir. Avropa Birliyinin Gürcüstanda Müşahidə Missiyasınınrəhbəri Kestutis Jankauskas-ın dediyinə görə, Rusiya Sovet ordusunun baş qərargahının 80-ci illərdə hazırladığı xəritədən istifadə edir.

Gürcüstanın separatçı Cənubi Osetiya ilə sərhədi.

Gürcüstanın separatçı Cənubi Osetiya ilə sərhədi.

Sərhəd xətti çəkilmədiyindən və ortada heç bir razılaşma olmadığından gürcü kəndliləri bir gün ayılıb özlərini başqa ərazidə görür, bəzən Rusiya sərhədçiləri tərəfindən həbs edilirlər. Onları qaytarmaq, hansı bağın, üzümlüyün kimə aid olduğunu ayırd etməkdən ötrü AB missiyası hər ay gürcü, rus və osetin rəsmilərinin iştirakıyla toplantı keçirməli olur.

RUSİYAYLA QARŞIDURMAYA GETMƏYƏCƏKLƏR

Bu qeyri-müəyyən sərhədlərin çəkilməsi seçkidən əvvəl Gürcüstanın hakim partiyasından ötrü əsl başağrısına çevrildi. Düzdür, oktyabr seçkilərində hakim «Gürcü Arzusu» koalisiyası qalib gəldi, amma rəqibləri onları Rusiyanın ilhaqa doğru irəliləyişlərinə mülayimcəsinə cavab verməkdə günahlandırırlar.

Gürcüstanın baş naziri Giorgi Kvirikashvili rus əsgərlərinin ölkənin içərilərinə doğru irəliləməsi barədə deyilənlərə cavab olaraq deyib: «Təəssüf ki, Rusiya ona doğru atılan addımı, yaxud güzəşti heç vaxt qiymətləndirmir. Bunu «belə də olmalıdır» kimi qəbul edirlər».

Bununla belə, Kvirikashvili Saakashvili-nin səhvini təkrarlamayacaqlarını, Rusiyayla hərbi qarşıdurmaya getməyəcəklərini bildirib. «Belə siyasətinperspektivi yoxdur», – deyən nazir rus əsgərlərinin Gürcüstanın daxilində sərhəd yaratması, divar çəkməsi cəhdlərinin müvəqqəti olduğunu vurğulayıb.

BIR CAVAB BURAXIN