Rusiya, Türkiyə, İran ABŞ-ı hesaba almırlar

0
284

Dünən – dekabrın 20-də Moskvada Rusiya, Türkiyə və İran xarici işlər nazirləri toplanıb Suriya məsələsini müzakirə ediblər. ABŞ-ın iştirakı olmadan…

«The New York Times» yazır ki, ABŞ-ın, eləcə də BMT-nin danışıqlardan çıxdaş edilməsində məqsəd Suriya münaqişəsini iştirakçıların xeyrinə yönləndirməkdir.

ABŞ əslində son vaxtlar bu məsələdə qəti mövqe göstərə bilmir. Qəzet Birləşmiş Ştatların prezidenti Barack Obama-nın fəaliyyətinin son dövründə Suriya məsələsində qətiyyət göstərmədiyini, yeni prezidentə bu böhranla bağlı çox az vasitə qoyub getdiyini yazır.

Yeni seçilmiş prezident Donald Trump isə Suriya haqda son vaxtlar yalnız keçən həftə danışıb, orada durumun acınacaqlı olduğunu, Suriya xalqına kömək edəcəklərini deyib.

SƏRBƏSTLİK

Analitiklərin fikrincə, ABŞ-ın keçid dövrü Rusiya üçün fürsətdir, o, durumdan yararlanaraq münaqişəyə Suriya liderinə, həm də Moskvanın özünə sərfəli şərtlərlə son qoymaq istəyir.

«Rusiya bilir ki, kimsə kimsəyə nə isə vermir, o nəyi isə götürmək lazımdır. Və indiki halda –ABŞ-ın sürətlə geri çəkildiyi vaxtda hamı üçün sərbəstlik yaranıb». Bunu Yaxın Şərq üzrə Vaşinqton İnstitutunun Suriyanı araşdıran əməkdaşı Andrew J.Tabler «The New York Times»a müsahibəsində deyib. Onun fikrincə, Rusiya, Türkiyə və İranın ABŞ-sız razılıq əldə etməsi Vaşinqtondan ötrü problem deməkdir.

Rusiya rəsmiləri Birləşmiş Ştatların diplomatik cəhdlərinə məhəl qoymadıqlarını gizlətmirlər. Keçən həftə Rusiyanın xarici işlər naziri Sergei Lavrov deyib ki, ABŞ-ın dövlət katibi John Kerry-nin başçılıq etdiyi Suriyaya Beynəlxalq Dəstək Qrupu mühüm sənədlərlə məşğul olur, amma öz vacib rolunun – qərarların icrasının öhdəsindən gələ bilmir.

Hökumət qüvvələri Hələbdə.

Hökumət qüvvələri Hələbdə.

Suriyadakı rejim Hələbi qiyamçılardan təmizləyəndən sonra Rusiya Suriyayla bağlı yeni sülh danışıqlarına başlamağı təklif edib. Hələbdəkilərin evakuasiyası məsələsini isə birbaşa Türkiyə ilə müzakirə etməyə başlayıb. S.Lavrov deyib ki, Türkiyəylə danışıqlar ABŞ-la «bəhrəsiz» görüşlərdən səmərəlidir.

SƏFİRİN QƏTLİ DƏ TƏRƏFLƏRİ YAXINLAŞDIRDI

«The New York Times» yazır ki, 2011-ci ildə Suriyada münaqişə başlayanda, ABŞ prezidenti B.Obama Suriya rejiminin devrilməsini istəyirdi. Amma Suriyanın Vaşinqtonun prioriteti olmadığını, birbaşa müdaxilənin durumu yaxşılaşdırmayacağını söyləyərək, qiyamçılara dolayı yolla yardıma üstünlük verdi. Bu isə Suriya müxalifətini qəzəbləndirdi. Vaşinqtonun İraq və Suriyadakı terrorçu qruplara qarşı əməliyyatlarda kürd yaraqlılarıyla əməkdaşlığı isə Ankaranı hiddətləndirdi. Kürd təşkilatlarıyla mübarizə Türkiyənin Assad-ı devirmək arzusuna üstün gəldi.

Qəzet başqa bir faktorun da Suriyaya yanaşmaya təsir etdiyini vurğulayır. Bu da D.Trump faktorudur. «Onun ilk siqnallarından biri ABŞ-ın Suriya müxalifətinə yardımı azaldacağıyla bağlı eyhamları oldu», – Atlantik Şurada Türkiyəni araşdırmaqla məşğul olan Aaron Stein belə deyir. D.Trump Suriyayla bağlı siyasətinin nədən ibarət olacağını detallı açıqlamayıb, amma bir çox məsələlərdə, o cümlədən «İslam Dövləti» kimi ekstremistlərlə mübarizədə Rusiyayla əməkdaşlıq edəcəyinə söz verib.

Müəllif Rusiyanın Türkiyədəki səfirinin qətlinin də Ankarayla Moskvanı yaxınlaşdırdığını qeyd edir. Moskva görüşündə S.Lavrov bu faciənin onları terrorla daha qətiyyətli mübarizəyə vadar etdiyini, görüşlərinin əhəmiyyətini artırdığını söyləyib.

J.Kerry və S.Lavrov

J.Kerry və S.Lavrov

TÜRKİYƏNİN RUSİYAYA ƏYİLMƏSİ

Moskva görüşündə Rusiya, Türkiyə və İran Suriya münaqişəsinə son qoymaqdan ötrü Moskva Deklarasiyası qəbul ediblər. Analitik A.Stein-nin fikrincə, bütün bunlar Türkiyənin Rusiyaya əyilməsinin nəticəsidir və Türkiyənin Assad rejimini devirmək siyasətindən imtina etdiyini göstərir.

«The New York Times» İranın da deklarasiyada iştirakının vacibliyini vurğulayır. Əvvəl Rusiya evakuasiya məsələsini təkcə türklərlə müzakirə edirdi. Amma Suriyada İranın yardımıyla vuruşan şiə yaraqlıları Hələb əhalisini daşıyan avtobusları saxlayaraq, onların da danışıqlara cəlb olunmasını istədilər. İranın ali lideri Ayətullah Ali Khamenei-nin hərbi köməkçisi Yahya Rahim Safavi isə keçən həftə Hələbin Rusiya, həm də İranın, o cümlədən Livanın «Hizbullah» təşkilatının köməyiylə qaytarıldığını elan etdi. Onun sözlərinə görə, Hələb əməliyyatı bu koalisiyanın üstünlüyünü və yeni ABŞ prezidentinin bu koalisiyanın nüfuzuyla üzləşəcəyini göstərdi.

Birləşmiş Ştatlar Moskva Deklarasiyasının qəbulunu alqışlayıb. Dövlət katibi J.Kerry Rusiya və Türkiyədən olan həmkarlarıyla telefonla danışaraq, Suriyada sülhə nail olmaq uğrunda atılmış istənilən addıma sevindiyini, amma bu deklarasiyanın uğur qazanacağına ümid etmədiyini söyləyib.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

twenty − 13 =