Romanov və Şerbitskiyə təyyarə əngəli yaradan DTK generalı – Sonda o, Kobzona sığınıb

0
773

Viktor Çebrikov SSRİ-nin siyasi elitasında ən qapalı, çox danışmağı sevməyən, mümkün qədər jurnalistlərin suallarından və müsahibələrdən yayınan simalardan biri olubw. İstər rəsmi tədbirlərdə, istərsə də qeyri-rəsmi görüşlərdə, ziyafətlərdə ordu generalı olduqca darıxdırıcı bir mühit yaradıb. Həmkarları üçün onunla ən qısamüddətli ezəmiyyətlərə birgə yollanmaq arzuolunmaz hal olub. Siyasi Büronun iclaslarında dövlət əhəmiyyətli məsələlər müzakirə olunanda heç kim ondan uzun-uzadı müzakirə, təhlil gözləməyib. Çebrikov qısa, konkret öz təklifini verib, icra mexanizmini söyləyib və bir çox hallarda da onun fikirləri büro üzvləri tərəfindən dəstəklənərək qəbul edilib. Viktor Çebrikovun iş fəaliyyəti bütövlükdə rəhbərliyi tam qane edib.

Viktor Çebrikov Ukraynanın Dnepropetrovsk şəhərində Metallurgiya institutunda təhsil alıb. Amma təhsilini sona qədər başa çatdıra bilməyib. Sonuncu kursda oxuyarkən müharibə başlayıb və o, cəbhəyə yollanıb. Ön xəttə göndərilməmişdən əvvəl Çebrikov Jitomirdə bir illik hərbi məktəbin müdavimi olub. Bütün müharibə boyu ən ağır cəbhələrdə tabor komandiri kimi ağır döyüş yolları keçən Viktor Çebrikov iki dəfə yaralanıb, döyüş qabiliyyəti yüksək olan zabit kimi müxtəlif orden və medallarla təltif olunub.

Müharibə qurtardıqdan sonra Çebrikov Frunze adına hərbi akademiyada təhsil almaq qərarına gəlib. Hərbi biliyi və təcrübəsi yetərincə olsa da, görmə qabiliyyətində olan problemə görə onu akademiyaya qəbul etməyiblər və o, yenidən Dnepropetrovsk şəhərinə qayıdıb, Metallurgiya institutunda yarımçıq qalmış təhsilini davam etdirib.

Çebrikov ali təhsil aldıqdan sonra fəaliyyətini partiya orqanlarında davam etdirib. Dnpropetrovsk vilayətinin ayrı-ayrı rayonlarında 2-ci və 1-ci katib vəzifələrinə qədər irəliləyib.

1967-ci ildə artıq Dnepropetrovsk vilayət partiya komitəsinin 2-ci katibi vəzifəsində işləyən Çebrikov təcili olaraq Moskvaya, Mərkəzi Komitəyə çağrılıb. Çebrikov elə düşünüb ki, bu təcili dəvət onun vilayətə 1-ci katib təyinatı ilə bağlıdır. Ancaq heç vaxt yanılmayan gələcək general bu dəfə öz gümanında yanılıb.

Mərkəzi Komitənin qəbul şöbəsində Çebrikovu təşkilat şöbəsinin müdiri İvan Kapitonovun yanına göndəriblər. Amma görüş Kapitonovun kabinetində deyil, Leonid İliç Brejnevin qəbul otağında baş tutub. Dəvətin hansı məqsəd daşıdığı ilə bağlı bir neçə saat Çebrikova heç bir məlumat verilməyib. Sonralar çox azsaylı müsahibələrinin birində Viktor Çebrikov həmin günü belə xatırlayıb:

“Mən artıq bir neçə saat idi ki, Brejnevin qəbul otağında gözləyirdim. Nəyə görə dəvət olunmağım haqqında mənə heç bir məlumat vermirdilər. Kapitonov tez-tez baş katibin otağına girib-çıxırdı. Qəbul otağında məndən başqa gözləyənlərin bir- ikisini də o, Brejnevin kabinetinə dəvət edirdi və onlar kabineti tez də tərk edirdilər. Nəhayət, daxili telefonla verilən göstərişdən sonra mən Brejnevin kabinetinə keçdim. O, çox yorğun görünürdü. Əvvəlcə sorğu-sual başlandı. Brejnev vaxtilə uzun illər çalışdığı Ukraynadakı tanışlarını soruşdu, ümumi vəziyyətlə maraqlandı. Adətim üzrə cavablarım qısa və konkret olurdu. Hiss edirdim ki, Brejnev cavablarımdan razı qalır. Ümumiyyətlə, Brejnev insanları tanımağı yaxşı bacarırdı. Nəhayət, o, üzünü mənə tutub mətləbə keçdi:

– Biz sizi dövlət təhlükəsizliyi orqanlarında xidmətə dəvət etmək istəyirik. Siz buna necə baxırsınız?

Mən yenə də konkret cavab verdim:

– Bir kommunist kimi partiyanın rəhbərliyinin göstərişi ilə istənilən yerdə xidmət etməyə hazıram.

Brejnevin yorğun simasında bir təbəssüm göründü. O, telefonun dəstəyini götürüb Yuri Andropovla danışdı. Sonra mənə dedi ki, sabah saat 10-da Andropovun qəbulunda olum. Bu həmin ərəfə idi ki, DTK sədri Andropov dövlət təhlükəsizliyi orqanlarında böyük kadr islahatı aparırdı. Sonra Brejnev üzünü mənə tutub dedi:

– İndi azadsınız, gedib nə qədər istəsəniz içə bilərsiniz.

– Leonid İliç, yəqin ki, içmək üçün artıq gecdir.

– Siz deyəsən, Moskvada olduğunuzu unutmusunuz. Moskvada gecə yarısı da içməyə nəsə tapmaq mümkündür. Siz “cavan”lar bu məsələdə çox passivsiniz…

Səhərisi gün DTK sədri Yuri Andropovun qəbulunda oldum və mən SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin kadrlar idarəsinin rəisi vəzifəsinə təyin edildim…”

Qısa müddət ərzində Viktor Çebrikov dövlət təhlükəsizlik orqanlarında öz fəaliyyəti ilə əsas fiqurlardan birinə çevrilib və o, sədr müavini, daha sonra isə 1-ci müavin vəzifələrinə təyin edilib. Xüsusilə 1980-ci ildə SSRİ-də keçirilən Olimpiya oyunlarında fərqlənib. O, zaman-zaman ən yüksək dövlət təltiflərinə layiq görülüb.

1982-ci ildə Brejnevin vəfatından sonra Çebrikov DTK sədri vəzifəsinə təyin edilib. 1988-ci ildə Mərkəzi Komitənin katibi olub, Siyasi Büronun üzvü seçilib.

Viktor Çebrikov həm də Qorbaçovun baş katib seçilməsində müstəsna xidmətləri olan bir şəxs kimi yadda qalıb. 1985-ci ildə Mərkəzi Komitənin növbədənkənar keçirilən plenumunda Qorbaçov tərəfdarlarının plenumda iştirakını təmin etmək üçün Çebrikov hərbi təyyarələri az qala sərnişin təyyarələri əvəzinə istifadə edib. Baş katib kürsüsünə iddialı olan Qriqori Romanovun və Vladimir Şerbitskinin plenumda iştirakına isə süni əngəllər yaradıb.

Belə ki, həmin ərəfədə Romanov Kaunasda istirahətdə olub. Növbədənkənar plenumun keçirilməsi haqqında ona son anda məlumat verilib. Bununla yanaşı, Çebrikov Pomanovun Kaunas-Vilnüs-Moskva reysi ilə təyyarə uçuşuna mane olub. Kaunasdan uçan təyyarə Vilnüsdə çətinliklə eniş edib. Çebrikovun tapşırığı ilə eniş zolaqları qardan təmizlənməyib və Moskvaya uçuş təhlükəsizlik baxımından mümkün və məqbul sayılmayıb.

Vladimir Şerbitski isə plenum öncəsi ABŞ-a ezamiyyətə göndərilib. Onun da təcili Moskvaya dönməsi üçün Los-Anceles aeroportunda uçacağı təyyarədə “texniki problem” yaranıb. Və beləliklə, plenumda iki vacib şəxsin “səs”inin olmaması Qorbaçovun baş katib məsələsini müsbət həll edib.

Ancaq Qorbaçovun baş katib kürsüsündə apardığı siyasətlə Çebrikov bir çox hallarda razılaşa bilməyib. Böyük kütlələr qarşısında etiraf etməsə də, yəqin ki, general özlüyündə Qorbaçova çəkdiyi əziyyəti halal etməyib. Və Qorbaçov öz “ənənə”sinə xilaf çıxmayaraq, ona sədaqət nümayiş etdirən Viktor Çebrikovu 1989-cu ildə təqaüdə göndərib.

Təqaüdə çıxdıqdan sonra sabiq DTK sədri Viktor Çebrikov İosif Kobzonun şəxsi mühafizəsinin rəhbəri olub.

1999-cu ilin iyulun 1-də Viktor Çebrikov uzun sürən xəstəlikdən sonra vəfat edib. Musavat.com

BIR CAVAB BURAXIN