Rəşid Mahmudovdan pensiya yaşı ilə bağlı Hadı Rəcəbliyə sərt cavabVİDEO

0
603

 

“Əmək pensiyaları haqqında” qanuna dəyişiklik təklifi – pensiya yaşının 65-ə qaldırılması məsələsi birmənalı qarşılanmayıb. Layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, pensiya yaşı Azərbaycanda insanların ömrünün uzanması ilə əlaqədar artırılır.

Rəşid Mahmudov: “Hadı Rəcəbli yenə başlayıb camaatın əleyhinə getməyə”

Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov “Yeniavaz.com” saytına açıqlamasında Hadı Rəcəblinin bu fikirləri ilə razılaşmayıb və bu təkliflə bağlı sərt fikirlər səsləndirib: “İnsanların ömrünün uzanması ilə bağlı kim deyirsə, yalan deyir. 12 il pensiya alma müddəti müəyyənləşdirilib. Hər pensiyaçı üçün 12 il nəzərdə tutulub. Deyək ki, 65 yaşında pensiya verilib, 66 yaşında insan ölüb, bəs onun 11 ilinin pulunu kimə verəcəksiniz? Belə şey yoxdur, bunlar gülməli şeylərdir. Hadı Rəcəbli yenə başlayıb camaatın əleyhinə getməyə. Mən onun cavabını vermişəm. Ayıbdır belə şeylər. Millətin əksinə getmək olmaz. 65 yaş nədir, nəyə görə artırırlar? Hadı Rəcəbli qeyd eləyir ki, 12 ildən artıq pensiya vermək olmaz insanlara. Nə üçün vermək olmur? Hamıya 12 il pensiya verəcəksinizmi? Öləndən sonra da verəcəksinizmi? Biri 66 yaşında öləcək, biri 67, biri 68 yaşında, biri 69, biri 70 – 12 il verməlisən, verməyəcəksən axı ölənlərin pensiyasını. Belə şey ola bilməz. Necə deputatdılar bunlar? İnsanları məhv eləməyə aparırlar, yoxsa nədir?”.

“65 yaşdan sonra insanların hamısı 12 il yaşayırmı?”

Azərbaycanda insanların ömrünün uzanması ilə bağlı, deyilənlərə gəlincə, Rəşid Mahmudov bununla da razılaşmayıb: “Kim deyir uzanır? Orta yaş 59-dur Azərbaycanda. Mən həkiməm kimə deyirsiniz? Nə danışırsınız siz? Bu nə söhbətdir? Onlar hər vəchlə istəyirlər ki, bu insanları yazıq eləsinlər. Dedilər ki, qazın qiymətini artırırıq, kasıblara təsiri olmayacaq. Mən də dedim ki, çörək qazla bişir, kasıb çörək yemir?

Belə şey ola bilməz. 65 yaşdan sonra insanların hamısı 12 il yaşayırmı? Yox. Bütün dövlətlər, hökumətlər, deputatlar çalışır ki, millətinə qulluq eləsin, kömək eləsin, yaxşılaşdırsın. Bizdə isə tərsinə edirlər. Mən belə düşünürəm”.

“Bizdə pensiya islahatları hələ davam edir, yekunlaşmayıb”

İqtisadçı ekspert Akif Nəsirli isə dəyişiklik təklifini “Yeniavaz.com”a açıqlamasında belə şərh etdi: “Azərbaycanda həyata keçirilən pensiya islahatları layihəsində insanların şəxsi hesabında yığılan pensiya kapitalının öləndən sonra onun oğluna, qızına, həyat yoldaşına – ən yaxın adamına ödənilməsi nəzərdə tutulur. Amma Azərbaycan hökumətinin bu sahəyə yetkili olan şəxsləri bildirirlər ki, layihə hələ o mərhələyə gəlib çatmayıb ki, təsdiq olsunsun. Bildirirlər ki, bizdə pensiya islahatları hələ davam eldir, yekunlaşmayıb. Layihədə qalıq pensiya kapitalının vətəndaşa qaytarılması nəzərdə tutulub. Bu, iki halda mümkündür. Birincisi, vətəndaş dünyasını dəyişəndə, ikincisi, şəxs vətəndaşlıqdan imtina eləyib başqa bir ölkənin vətəndaşlığını qəbul edəndə. Bu halda onun qalıq pensiya kapitalı mütləq ödənilməlidir. Amma bizdə pensiya islahatı layihəsi bayaq dediyim kimi, bu mərhələyə çatmayıb”.

“Xərclərə qənaət etməkdən ötrü bu cür addımlar atılır”

Ekspertin sözlərinə görə, dünya təcrübəsində pensiya yaşı orta ömür yaşından 10 il öncə götürülür: “Tutaq ki, Azərbaycanda orta ömür yaşı 70 yaşdırsa, deməli, vətəndaşların pensiya yaşı maksimum 60 yaşa qədər olmalıdır. Ölkəmizdə elan olunub ki, örta ömür yaşı guya 73-dür. Ona uyğun da 63 yaş pensiya həddi müəyyənləşdirilmişdi. İndi Azərbaycan hökuməti iddia edir ki, guya onun uğurlu iqtisadi siyasəti nəticəsində əhalinin ömrü uzanıb. Çox təəssüf ki, biz bunu müşahidə edə bilmirik – xəstəliklər gəncləşib, gənc yaşda dünyasını dəyişənlərin sayı çoxalıb, amma Azərbaycan hökuməti bunu hansı metodologiya ilə hesablayır, bu nəticəni necə alır – mənim üçün çox maraqlıdır. İnsanların orta ömür yaşının 73-dən yuxarı qalxdığını hələ elan eləməyiblər. 73 yaş hazırda orta yaş götürülür və ona uyğun da 63 yaş pensiya həddidir. Bunun artırılması üçün hökumət yenidən hesablamalar aparmalıdır, sübut eləməlidir ki, doğrudan da əhalinin orta yaş həddi artıb. Mənim fikrimcə, reallıq ondan ibarətdir ki, son 20 ildə Azərbaycanda əhalinin orta yaş həddi aşağı düşüb. Vətəndaş müşahidələrindən də bunu görmək olur. Bir vaxtlar Azərbaycanda gənc insanlar əsasən qəzalarda, bədbəxt hadisələrdə dünyalarını dəyişirdilər. Amma hazırda kifayət qədər gənc insanlar xəstəliklərdən dünyalarını dəyişirlər.

Pensiya yaşının artırılmasında isə məqsəd odur ki, dövlət büdcəsinə, pula qənaət edilsin, başqa məsələ yoxdur. Hökumət konkret olaraq öz xərclərinə qənaət etməkdən ötrü bu cür addımlar atır. Xəstəxanaların publik şəxs kimi elan olunub ödənişli sistemə keçirilməsi də bu qəbildəndir. Bu istiqamətdə işlər bütün sahələrdə var. Ola bilər ki, hansısa hökumət nümayəndəsi bunu başqa cürə izah eləyəcək, amma o izah real deyil. Məqsəd konkret olaraq vəsailərə qənaət eləməkdir ki, bunu da bu yolla edirlər”.

BIR CAVAB BURAXIN