RƏİS MÜAVİNİ ƏRİNİ ÖLDÜRƏN QADININ MƏHKƏMƏSİ YEKUNLAŞIR

0
539

Məmur ərini öldürməkdə təqsirləndirilən qadının məhkəməsi başa çatmaq üzrədir. Artıq məhkəmə istintaqı başa çatıb. Maddi sübutlar məhkəmədə tərəflərin iştirakı ilə müzakirəyə çıxarılıb, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları məhkəmə zalında elan olunub.
Ən səs-küylü məhkəmə proseslərindən olan və dəhşətli qətlin üstünün açılması üçün açılan cinayəti işi üzrə artıq 2 ilə yaxındır araşdırmalar davam edirdi.
Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsində ərini, Daşınmaz Əmlak üzrə Dövlət Reyestri Xidmətinin rəis müavini olmuş Füzuli İsgəndərovu öldürməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın cinayət işindən gedir.
Qətl hadisəsi 2014-cü ilin senyabrında baş verib. Xalidə İsgəndərovanın və hadisə zamanı yanında olan kiçik qızı Əmanənin istintaqa verdikləri ilk ifadələrə görə qətli törədən naməlum bir şəxs olub və o, evə tamah məqsədi ilə girib. Lakin hadisədən 8 ay sonra Xalidə İsgəndərova ərinin qətlində şübhəli bilinərək həbs edildi. Həm də qızı Əmanənin ifadəsi əsasında. Lakin sonradan məhkəmədə ifadə verən Əmanə bu dediklərini inkar edib.
“Müstəntiq məni aldatdı. Dedi ki, belə ifadə versən, ananı dəlilik kağızı ilə azadlığa buraxa bilərik. Yoxsa, ömürlük həbs ediləcək”– Əmanənin məhkəmədəki ifadəsindən.

Məhkəmə istintaqı başa çatdı

Sonuncu məhkəmə prosesində hakim Əfqan Hacıyev məhkəmə istintaqının başa çatdığını elan edib. Prosesin əvvəlində zərərçəkmiş kimi tanınan mərhumun atası Haqverdi İsgəndərov nəvəsi Əmanənin müstəntiqə verdiyi ilk ifadəsinin, hadisə yerində yoxlanması zamanı çəkilən videogörüntülərin məhkəmə zalında izlənilməsini istəyib.Əmanənin hər iki ifadəsi məhkəmədə izlənilib.

Əmanənin həmin ifadələrindən sitatlar:

“Hadisə yerindən tapılan medalyonu ora anam atmışdı. İz itirmək üçün. Sonradan həmin medalyonun qatilə aid olduğunu dedik”.
“Evimizin yanında olan torpaq ərazidə olan ayaq izlərini də anam qoymuşdu. Qatilin ayaq izi olduğu kimi bilinsin deyə”.
“Bacımın toyundan gəldik. Axşam xalam zəng elədi ki, nənəmin vəziyyəti pisləşib. Anam getmək istədi. Ancaq atam aparmadı. Mübahisə etdilər. Axşam yatdıq. Səhər isə bu hadisə baş verdi. Anam skaypla Türkiyədə olan İlyas dayımla mənim telefonumla danışdı. Hadisəni törətdiyini dedi. Dayım 1 ay sonra Bakıya gəldi”.
Daha sonra izlənilən videogörüntüdə Əmanə müstəntiqlə birlikdə hadisənin baş verdiyi evlərində ifadəsini təkrarlayıb.
Məhkəmə prosesində hakim Əfqan Hacıyev maddi sübutlar arasında yer alan, hadisə yerindən tapılan medalyonu vəkillərə göstərib.

Ərini öldürməkdə təqsirləndirilən qadının məhkəmədəki susqunluğu

Məhkəmə istintaqı başa çatarkən hakim tərəflərə müraciət edərək başqa tələblərinin olub-olmamasını soruşub. Tərəflər məhkəmə istintaqının yekunlaşmasına etiraz etməyib. Hakim Xalidə İsgəndərovadan da məhkəmənin bu mərhələsi ilə bağlı fikrini soruşub. Lakin X.İsgənədərova əvvəlki proseslərdə olduğu kimi bu dəfə də susqunluğunu qoruyub və danışmayıb.

Dövlət ittihamçısı Xalidə İsgəndərovaya iş istəyəcək .

Növbəti məhkəmə prosesi avqustun 24-də keçiriləcək. Prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsə iş istəyəcək. Daha sonra isə təqsirləndirilən şəxsin və zərərçəkmiş tərəfin vəkilləri çıxış edəcək. X.İsgəndərovaya da son söz veriləcək.

Qətldə bu günə qədər müəmmalı qalan məqamlar 

19 bıçaq zərbəsi ilə öldürülən F.İsgəndərovanın qətlində əsas şübhəli olaraq xanımı həbs edilsə də işdə bəzi müəmmalı məqamlar diqqət çəkir. Bu müəmmalar təqsirləndirilən şəxsin vəkilləri tərəfindən məhkəmə proseslərində səsləndirilib.Müəmmalı məqamlardan biri şahidlərdən birinin gördüyü naməlum şəxsdir. Belə ki, şahid kimi ifadə verən Sahib İbrahimov qətlin baş verdiyi mənzilin yaxınlığındakı tikinti şirkətində sahə rəisi olaraq çalışır. O, polisə ifadəsində hadisə baş verəndən bir neçə dəqiqə sonra naməlum şəxsin ondan avtomobil yoluna necə çıxa biləcəyini soruşduğunu deyib.

Digər bir məqam isə hazırlanan fotorobotla bağlıdır. Fotorobot təqsirləndirilən şəxsin, onun kiçik qızı Əmanənin və tikinti şirkətinin əməkdaşı olan Sahib İbrahimovun ifadəsi əsasında hazırlanıb. Vəkillər bildirib ki, hər üç şəxsin verdiyi ifadələrə əsasən hazırlanan fotorobotlarda böyük oxşarlıq var.

Ən əsas müəmma isə qətlin baş verdiyi evin yaxınlığından tapılan maska ilə bağlıdır. Cinayət işi materiallarında yer alan Su Anbarının ərazisinə baxış protokolunda maskanın tapıldığı qeyd edilir. Həmin maskanın qadın corabından düzəldiyi qeyd edilir. Sonradan həmin maska maddi sübutlar sırasından çıxarılaraq məhv edilib. X.İsgəndərovanın vəkilləri bununla bağlı öz etirazlarına bildiriblər.

Sahə rəisinin dediyi ifadələr də diqqət çəkən olub. Belə ki, polis əməkdaşı ifadəsində hadisə yerinə baxış zamanı nəzarət kamerasında naməlum şəxs gördüklərini, ancaq sonradan həmin şəxsin kimliyinin araşdırılmadığını deyib.

Bir qətllə dağılan iki ailə…

Ailənin böyük qızı Bülbül isə məhkəmədə verdiyi ifadəsində qətldə anasından və bacısından şübhələndiyini bildirirdi. Bülbül bacısının ona hadisəni etiraf etdiyini iddia edirdi. Hadisədən sonra Əmanə xalası və dayısı, Bülbül isə bibisi və əmisinin himayəsində yaşamağa başlayıb. Bülbül daha sonra bibisindən ayrılaraq tək yaşamağa başlayıb.

Qətl hadisəsi Bülbülənin toyundan bir gün sonra baş vermişdi. Bülbülənin yeni qurduğu ailədə də xoşbəxtliyi uzun çəkməyib. O, hadisədən qısa müddət sonra boşanıb.

Bülbülə ifadəsində atasının ölümü ətrafında baş verən qalmaqalların mülklərlə bağlı olduğunu deyirdi. Atası məmur olduğundan ona məxsus obyektlər, mənzillər və digər mülklər qohumlarının adına olub. O, bəzi qohumlarının mülk üstündə olan maraqlarına görə işə müdaxilə etdiklərini söyləyirdi.
Musavat.com qətli törətməkdə təqsirləndirilən Xalidə İsgəndərovanın eksklüziv fotosunu əldə edib. Bu günə qədər məmur ərinin qətlində təqsirləndirilən X.İsgəndərovanın fotosu yayımlanmamışdı.

Xatırladaq ki, qətlə yetirilən F.İsgəndərov həm də sabiq maliyyə naziri Əvəz Ələkbərovun xalası oğludur.(musavat.com)

 <

BIR CAVAB BURAXIN