Qoyun oğurluğuna görə 7 il həbs aldılar

0
272

Qoyun ferması (arxiv fotosu).

Qoyun ferması (arxiv fotosu).

Bu yaxınlarda Bakı Ağır Cinayətlər Məhkəməsində bir işdə iki nəfər – Mikayıl ƏndəfilovƏliş Abdulov məhkəmə zalından həbs olundu. Hərəsinə də 7 il həbs cəzası verildi.

Hər ikisi Şamaxı sakinləridi. İkisi də Abşeron rayonu, “Güzdək” qoyunçuluq üzrə Damazlıq Dövlət Kənd Təsərrüfatı İstehsalı Müəssisəsi”ndə çoban olub. Əliş Abdulov baş çoban olub. İndi də elə mal-qaraya görə həbsxanaya düşüblər. Onlar təsərrüfatın 200-dən artıq xırdabuynuzlu heyvanını mənimsəməkdə günahlandırılır. Çobanlara CM-nin 179.3.2-ci (külli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsilə ittiham verilib.

Amma çobanlar özlərini günahkar saymır. Deyirlər ki, yoxa çıxan qoyunları da onlar mənimsəməyib. O heyvanların hara getdiyini müəssisənin direktoru Mübariz Əhmədov bilir.

“SATIB 1800 MANAT GÖNDƏRDİM”

1978-ci ildən 2015-ci ilə qədər bu təsərrüfatda çobanlıq eləmiş 50 yaşlı Mikayıl Əndəfilov deyir ki, müəssisənin direktoru Mübariz Əhmədov mütəmadi olaraq, ya özü gəlir, ya da yaxın adamı Sübhanla ona xəbər göndərirdi. Onun göstərişi əsasında da istədiyi qədər qoyunu ya kəsilmiş, ya da diri formada çobanlar göndərirdilər. Bəzən isə müəyyən sayda qoyunun satılıb, pulunun çatdırılmasını istəyirdi. M. Əndəfilovun sözlərinə görə, direktor hansı qaydada göstəriş verirdisə, ona da əməl olunurdu.

 

“Mən özüm təsərrüfatda maaş almırdım. Öz heyvanlarımı da təsərrüfatın heyvanları ilə birlikdə saxlamağa, yataqlardan, yaylaq sahələrdən istifadə eləməyə imkan verildiyinə görə orada işləyirdim. Heyvanların sayındakı çatışmazlığa görə məndə qətiyyən günah yoxdu. 2014-cü ildə Sübhan, Mübariz Əhmədovun göstərişi ilə 149 baş heyvan apardı. Dedilər ki, işçilərin əməkhaqqısını vermək üçün satılacaq. 2015-ci ilin əvvəlində daha 208 baş heyvan apardılar. Bildirdilər ki, müəssisənin işi üçün lazımdı. Bir dəfə Mübariz Əhmədov göstəriş verdi ki, 60 heyvan satıb, pulunu çatdırım. Mən də satıb, 1800 manatı göndərdim”, – mənimsəmədə suçlanan çobanməhkəmədə belə deyib.

“GÖSTƏRİŞƏ ƏMƏL ELƏMİŞƏM”

Baş çoban Əliş Abdulov da təxminən eyni məzmunda danışıb

İfadələrdə adıçəkilən Sübhan Zaidov da məhkəmədə dindirilib, amma şahid kimi. O da deyilənləri təsdiqləyib. Deyib ki, Mübariz Əhmədov onu yataq və yaylaq ərazilərə aparıb-gətirmək üçün sürücü kimi işə götürüb: “Mənim adımı zootexnik kimi rəsmiləşdirmişdilər, amma mən 9-cu sinif bitirmişəm, zootexniklikdən də başım çıxmır. Adım təsərrüfatın işçisi kimi getsə də, maaş almamışam. Mən sadəcə, Mübariz müəllimin göstərişlərini yerinə yetirmişəm. Zəng eləyib deyib ki, “get, təsərrüfatdan quzu, ya da pul al gətir”, mən də göstərişə əməl eləmişəm”.

Mübariz Əhmədovun özünü isə dindirmək mümkün olmayıb. Çünki o, 2016-cı ilin martında dünyasını dəyişib.

TƏLƏF OLAN HEYVANLAR…

Təsərrüfatdakı yeyintiyə görə cinayət məsuliyyətinə cəlb olunan təkcə Mikayıl Əndəfilov və Əliş Abdulov deyil. Müəssisənin baş baytarı Mirhüseyn Zaidov, briqadiri Seymur Zaidov və qoyunçuluq briqadasının çobanı Cabir Nərimanov da məsuliyyətə cəlb olunub.

Baş baytar CM-nin 314-cü maddəsi ilə səhlənkarlıqda günahlandırılır. Bildirilir ki, o, vəzifəsini layiqincə yerinə yetirməyib, xəstə heyvanları sürüdən ayırmayıb. Nəticədə 10 min 815 manatlıq 133 baş qoyun baxımsızlıqdan, 6 min 164 manatlıq 68 baş heyvan da səhv diaqnozdan ölüb.

 

Beş nəfərin hamısının barəsində həm istintaq, həm də məhkəmə dövründə başqa yerə getməmək iltizam tədbiri seçilib. Amma hökmə əsasən, bu üç nəfər təsərrüfata vurduqları ziyanı ödədiklərinə görə həbs olunmayıb, onlara şərti cəza verilib.

Müəssisə Mikayıl Əndəfilova qarşı 51 min 500, Əliş Abdulova qarşı 60 min manatlıq mülki iddia qaldırıb.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

3 + two =