Qondarma erməni soyqırımı: tarixi saxtalaşdırmaq mümkündürmü?/Əziz Mustafa

0
767
 

Aprelın 24-də ermənilər növbəti dəfə qondarma soyqırımının ildönümünü qəbul edəcəklər. Hər il olduğu kimi, ermənilər bu il də dünyanın müxtəlif bölgələrində qondarma soyqırımının yad edilməsi ilə bağlı çoxlu sayda tədbirlərə əl atmaq niyyətindədirlər. Aprelin 24-də isə Obama öz çıxışında qondarma soyqırımı ilə bağlı məsələyə toxunacaq. Lakin ABŞ mətbuatının yazdığına görə, hər il olduğu kimi, bu il də Obama öz çıxışında soyqırımı ifadəsini işlətməyəcək. Xatırladaq ki, adətən, ABŞ prezidentləri öz çıxışlarında soyqırımı əvəzinə, fəlakət və ya ona alternativ olan ifadədən istifadə edirlər. Bu isə ABŞ-dakı erməni lobbisi tərəfindən narazılıqla qarşılanmaqdadır. Təbii ki, erməni soyqırımının saxta olduğu və bunun hər hansı əsasa malik olmadığı Qərbin aparıcı dairələrinə də məlumdur. Bununla belə, Qərbdə türk düşməni olan ölkələr Ankaraya təzyiq vasitəsi kimi qondarma erməni soyqırımını mütəmadi olaraq körükləməkdə davam edirlər. Məsələnin bu tərəfinə diqqəti cəlb edən tanınmış türk tarixçisi Kemal Karpat “erməni məsələsı”nin 19-cu yüzilliyin 70-ci illərində ortaya çıxdığını xatırladıb. Kemal Karpatın sözlərinə görə, 1877-1878-ci illərdə rus orduları Osmanlı torpaqları olan bugünkü Bolqarıstana daxil olarkən orada xristian bolqarlardan ibarət dövlət qurulması gündəmə gəldi. Lakin həmin ərazilərdə xristian bolqarların müsəlman əhalidən az olması nəticəsində bu niyyəti həyata keçirmək üçün türklərin Anadoluya köçürülməsi, bir hissəsinin isə məhv edilməsi qərara alındı. Nəticədə 300 min nəfərdən çox türk qətlə yetirildi, 1 milyondan yuxarı müsəlman isə yurd-yuvasından zorla qovuldu.

Kemal Karpat yazır: “1878-ci ilin iyun ayında Berlində böyük bir konqres toplandı. O konqresdə Bolqarıstana muxtariyyət verilməsi barədə qərar qəbul edildi. Bundan əlavə, konqres Osmanlı torpaqlarındakı Serbiya, Rumıniya və Qaradağa müstəqillik verdi. Berlin konfransında Batum və Qars, həmçinin Ərdahan Rusiyaya verildi. Bu, Osmanlı üçün dağılma dövrünün başlaması demək idi. Belə bir vəziyyətdə erməni millətçiləri də bolqarlar kimi müstəqil və ya muxtar bir ölkə qurmağın mümkün olduğunu gördülər. Berlin konqresindən az sonra onlar Avropaya müraciət etdilər. Müraciəti qələmə alan erməni kilsəsinin lideri yazırdı: “Anadoluda 2,5 milyon nəfər erməni vardır, onlar da müstəqillik istəyir, onlara da müstəqillik verin və müstəqil bir Ermənistan qurulsun. Berlin konfransında ermənilərin yaşadıqları Şərqi Anadolu bölgəsində islahatlar keçirilməsi barədə qərar qəbul edildi. Bu islahatlara nəzarət etmək üzrə məsuliyyət İngiltərənin üzərinə qoyuldu. Bir məsələni də deyim, ermənilər yaşayan ərazilərdə islahatlar keçirmək təşəbbüsü İngiltərədən gəlmişdi. Erməni probleminin əsası məhz Berlin konqresində qoyuldu”.

Amma həmin dövrdə Anadoluda ermənilərin kompakt halda yaşadıqları ərazilərdə onların sayı az olduğundan erməni patrikləri siyahıyaalma zamanı saxtakarlığa əl atmış, bu yolla əhalinin sayının 2,5 milyon nəfər olduğunu göstərərək Qərbi aldada bilmişdilər.

Osmanlıdakı İngiltərə səfiri Goschen də ermənilərin sayının çox göstərilməsindən şübhələnmişdi. Ona görə də o, Şərqdəki ingilis konsulluqlarına təlimat vermişdi ki, Anadoluda 2,5 milyon nəfər erməni yaşaması məsələsini araşdırsınlar. Onlar da araşdırdılar və ona bir hesabat göndərdilər. Hesabatda ermənilərin sayı 1,4 milyon göstərildi. Goschen də bundan şübhəyə düşdü. Bəs 1 milyon erməni hara oldu? Səfir bunu Türkiyədəki erməni patrikliyindən soruşdu. Erməni patrikliyi də ona yazılı şəkildə cavab verdi ki, biz ermənilərin sayını çox göstərmək üçün onları iki dəfə saymışıq. Məsələn, Sivas vilayətində siyahıya aldığımız ermənilərin sayını Ərzurumda siyahıya aldığımız ermənilərin siyahısına əlavə etmişik. Üstəlik, biz köçəri türk-müsəlmanları saymadıq. Yalnız oturaq həyat keçirən müsəlmanları siyahıya aldıq”.

Kemal Karpatın araşdırmaları zamanı tarixi sənədlər əsasında Sultan Abdulhəmid dövründə ermənilərin kompakt halda yaşadıqları 6 vilayətdə siyahıyaalma keçirildiyi və orada ermənilərin sayının 1,2 milyon nəfər olduğu məlum olub. Bu da ingilislərin siyahıyaalması ilə, demək olar ki, üst-üstə düşür. Ona görə də ermənilərin iddia etdiyi kimi, 1915-ci ildə həyata keçirilən köçürülmələr zamanı 1,5 milyon nəfər ermənin öldürülməsi barədə iddialar gülünc təsir bağışlayır və hər hansı faktlara söykənmir.

1915-ci ildə Şərqi Anadolunun rusların işğalı altında olduğunu xatırladan Karpat həmin dövrdə 1 milyon erməninin rus ordusu ilə birlikdə bölgəni tərk etdiyini deyir. Kemal Karpat:

“Rusiyanın mənbələrinə baxsaq, əvvəllər Yerevanda 40-50 min nəfər erməni olduğu göstərilir. 1927-ci ildə keçirilən siyahıyaalmada isə ermənilərin sayı 1 milyondan yuxarı göstərilib. Onların hamısı Anadoludan köç edən ermənilərdir. 1915-ci il köçürülməsi zamanı aclıq, xəstəlik, həmçinin kürdlər tərəfindən edilən hücumlar nəticəsində ölən ermənilərin sayı 130-150 min nəfərdən yuxarı deyil. Amma Anadoludan ermənilərin hamısı köç etmədi. 100-200 min erməni Anadoluda qaldı. Onların bir qismi müsəlmanlığı qəbul etdi. İstanbuldan da ermənilər heç yerə köçüb getmədilər”.

Bununla belə, II Dünya müharibəsindən sonra Qərblə SSRİ arasında “soyuq müharibə”nin başlaması, bu müstəvidə qondarma erməni soyqırımını gündəmə gətirilməsinə yol açdı. Məqsəd isə bu yolla Türkiyəyə təzyiqlər göstərmək, onun inkişaf edərək güclü və qüdrətli dövlətə çevrilməsinə imkan verməmək idi. Bu baxımdan Qərbin özündə SSRİ-nin körüklədiyi qondarma erməni soyqırımının dəstəkləyən ölkələr tapıldı. Bu məsələdə erməni lobbisi xüsusi canfəşanlıq göstərməyə başladı. SSRİ-nin xüsusi xidmət orqanları tərəfindən ələ alınan erməni lobbisi bu məsələyə Qərbin aparıcı dövlətlərinin diqqətini cəlb etməyi bacardılar. Necə deyərlər, ötən əsrin 60-70-ci illərində SSRİ-nin agentləri qismində çıxış edən erməni lobbisi tərəfindən Qərbdə qondarma erməni soyqırımı ətrafında ajiotaj qaldırıldı. Nəticədə bəzi Qərb ölkələrində antitürk ovqatı hakim olmağa başladı. Halbuki tarixdə erməni soyqırımının olmadığı və bunun uydurma faktlara söykəndiyi Qərbin nəinki vicdanlı tarixçilərinə, həm də siyasi dairələrinə çox yaxşı məlum idi. Tarixdə hər hansı erməni soyqırımının olmadığını 1915-ci ildə erməni qətliamının baş vermədiyini ABŞ-ın o dövrdəki İstanbuldakı ali komissarı Mark Lambert Bristolun “erməni məsələsi” ilə bağlı araşdırmaları da sübut etməkdədir.

Mark Lambert Bristoldan soyqırımı iddiasına zərbə

Aldığı təlimata uyğun olaraq, “erməni məsələsi”ni öyrənmək üçün ABŞ hərbi-dəniz donanmasının kontr-admiralı, ABŞ ali komissarı Mark Lambert Bristol 1921-ci ildə Misir, Fələstin, Suriya və Kilikiyaya səfərə çıxdı. Səfər 1 aydan çox davam etdi. O, səfər zamanı görkəmli misirli xadimlərlə və yəhudilərin nümayəndələri ilə görüşdü. Səfərinin yekunları barədə 1921-ci il martın 28-də ABŞ Senatının Xarici Missiyalar üçün Xüsusi Səlahiyyətli Şurasına, doktor Ceyms L. Bartona bir məktub göndərdi. O, Kilikiyadan ermənilərin Fransa tərəfindən çıxarılmasını doğru hesab etmirdi. Yazırdı ki, ermənilərin ciddi səhvlərindən biri, türklər hakimiyyətə gəldikdən sonra onların hay-küyə düşmələri və Kilikiyadan kütləvi şəkildə getmələridir. Onun fikrincə, ermənilər üçün orada qalmaq yaxşı olardı və türklər onlara həqiqi haqlarını verməyə məcbur olardılar. Ermənilər qalsaydılar, türklərə təsir etmək də olardı və ermənilər getməyə başladıqda bu, türkləri təkcə qorxudan deyil, həmçinin ölkədən sürgün etmək istəyindən onlara hücuma vadar edərdi, lakin əgər ermənilər Kilikiyada qalsaydılar, Avropa və Amerika türklərə ən kiçicik mənəvi təsir etsəydi, türklərə qarşı ötən ildə fəal çıxış etməyən ermənilər üçün yaxşı olardı. Mark L.Bristol Qafqazda türklər tərəfindən minlərlə erməninin öldürülməsinə dair məlumatların ABŞ-da yayılmasına da münasibət bildirərək yazırdı ki, ermənilər qanın töküldüyünü deyirlər. Lakin Yaxın Şərqə Yardım Təşkilatı və Amerikadakı şəxslər ermənilər haqqında məlumatların tamamilə yalan olduğunu deyirlər. Ali komissar qeyd edirdi ki, bu qədər saxta məlumatların təkzib edilmədən ABŞ-da yayılması qanunun kobud şəkildə pozulmasıdır və ermənilərin özlərinə faydadan çox, ziyan gətirir. Ali komissarın fikrincə, amerikalılar erməniləri bütün bunlardan əl çəkməyə sövq etməli idilər, yalnız ona görə yox ki, bunlar doğru deyildilər, həm də ona görə ki, bununla onlar özlərini yaralayırlar.

Ali komissar İstanbuldan ABŞ nümayəndəsi doktor Makkeynin Vaşinqtona göndərdiyi məlumatlardan heyrətləndiyini yazırdı. O, Makkeynin göndərdiyi məruzəyə diqqət edərkən onun ermənilər tərəfindən göndərilən məlumatlardan ibarət olduğunun şahidi olmuşdu. Lakin Makkeynin Vaşinqtona göndərdiyi teleqramda məruzənin ermənilərə məxsus olduğu qeyd edilməmiş, ermənilərə məxsus olan məlumatlar amerikan məlumatı kimi verilmişdi.

 

BIR CAVAB BURAXIN