Qazaxıstan ​Azərbaycandan daşınan bəzi yüklərə xüsusi tarif tətbiq edib

0
551

Azərbaycandan keçməklə daşınan bəzi ixrac yüklərinə Qazaxıstan tərəfdən xüsusi tarif müəyyən edilib. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyindən “Azərtac”a bildirilib.
Qurumun açıqlamasında xüsusi tarifin Bakıda keçirilən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Mamuka Baxtadzenin iştirak etdiyi üçtərəfli görüş zamanı müəyyən edildiyi açıqlanıb.
Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə daşınan yüklərin həcminin artırılması və rəqabətədavamlı tarif dərəcələrinin müəyyən edilməsi, Aktau-Kurık-Ələt-Aktau-Kurık marşrutu üzrə bərə ötürməsinin təşkili və dəmir yolu nəqliyyatı üçün maşınqayırma məmulatlarının istehsalı və çatdırılması üzrə əməkdaşlıq haqqında məsələləri müzakirə edib.
Eyni zamanda, tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu ilə Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazilərindən keçməklə, vaqon, həmçinin konteynerlə yükdaşıma həcminin artırılması məsələsinə baxıb. Həmin ərazilərdən daşınan bəzi ixrac yüklərinə Qazaxıstan tərəfdən xüsusi tarif müəyyən edilib.
Danışıqlarda quru yolla yüklərin buraxılması üzrə tarif və təşkilati məsələlərin Rusiya dəmiryolçuları ilə müzakirə olunması da vurğulanıb.
Qeyd edək ki, mayın 17-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun inkişafı üzrə Koordinasiya Komitəsinin iclası keçiriləcək.

BIR CAVAB BURAXIN