Qayınatası öz evində Əli Kərimi necə döydürdü

0
633

Kulis.az “Maraqlı adamlar” layihəsindən böyük Azərbaycan şairi Əli Kərimlə bağlı əhvalatları təqdim edir. 

 

Əli Kərim ömrünün sonlarına yaxın içməyəndə gərgin olurmuş. İçən zaman içkinin təsirini duyunca astadan deyirmiş:

 

– Dünya yavaş-yavaş gözəlləşir.

 

***

 

Mehdi Hüseyn Azərbaycan Yazıçılar İttifaqının sədri olanda bir neçə dəfə Əli Kərimin ev məsələsi təxirə düşür. Halbuki ən çox ehtiyacı olan o idi. Sadəcə yuxarılara şikayət ərizələri yazan, ordan-burdan adam tapıb tapşırılan, beləliklə ikinci, üçüncü evini alanlar imkan vermirdilər. Belə bir şəraitdə qəfil Mehdi Hüseynlə qarşılaşan Əli Kərim ona salam vermədən keçir. Mehdi müəllim şairi saxlayıb qayğıkeşliklə soruşur:

 

– Əli, mənə niyə salam vermədin?

 

Əli Kərim cavab verir:

 

– Neyləyim, mənim də gücüm buna çatır.

 

 

***

 

Əli Kərimin atası öləndə o Moskvada imiş. Hüseyn Arif də Moskvaya gedirmiş. Hüseynə deyirlər, Əli Kərim şair adamdır, atasının ölüm xəbərini sən ona çatdır və yavaş-yavaş, alışdıra-alışdıra denən.

 

Hüseyn Arif Əli Kərimi restorana aparır, yaxşı yeyib-içəndən sonra deyir:

 

– Əli, bilirsən də, hamımız öləcəyik, hətta Zeynal Xəlil, Nəbi Xəzri, Cavir Novruz da öləcək… Sən də, mən də! Amma məsələ budur ki, indi sənin atan ölüb. Vecinə də alma, pulum-zadım da var, rahatca yasa gedərik.

 

***

 

Əli Kərim həmişə Natəvan klubunu arxa oturacağında otururmuş və heç vaxt dinib-danışmırmış. Bir dəfə bir şairin təntənəli çıxışına diqqətlə qulaq asandan sonra yanındakına deyir:

 

– Bu adam çoxdan çalışırdı ki, özünü biabır eləsin, axırı nail oldu.

 

***

 

Əli Kərim gəncliyində güləşlə məşğul olub. Sağlam, cəld, fiziki cəhətdən hazırlıqlı adam imiş. Bir gün Gədəbəydən yenicə gəlmiş baz-burutlu İlyas Tapdıqla güləşirlər, Əli Kərim məğlub olur.

 

***

 

Bəxtiyar Vahabzadənin Əli Kərim haqqında qəribə bir etirafı var:

 

Gec doğub, tez sönən ulduzlar kim

İşığın sonradan çatacaq bizə.”

 

***

 

 

 

 

***

 

Moskvada tələbə olan vaxt Nazim Hikmətlə hardasa görüş keçirilir. O, adəti üzrə arxa oturacaqda oturub dünyalarca sevdiyi Nazimin türkcə çıxışına qulaq asır. Birdən Nazimi anlamayan ruslar arxada səs salmağa, zarafatlaşmağa başlayırlar. Bu səs-küyü böyük şairə hörmətsizlik kimi qəbul edən Əli Kərim sakit təbiətinin əksinə gedərək ayağa qalxır və ruslarla savaşır. Binanın inzibati işçilər onları güc-bəla sakitləşdirir.

 

*** 

 

Yaxşı ədəbiyyat oxucusu olan yüksək çinli bir polis işçisi şairlərə qonaqlıq verirmiş. Əli Kərim onun səmimiyyətinə, ədəbiyyatı, insanları belə içdən duymasına heyrət edir. Hətta aralarında elə bir səmimiyyət yaranır ki, yarızarafat-yarıciddi deyir:

 

– Bəzi əclaflar var, vurub ağızlarını dağıtmaq istəyirəm, şikayət etsələr məni qurtararsız?

 

Polis işçisi gülür:

 

– Öldürmə, nə edirsən-et, problem deyil.

 

***

 

Qəribə faktlardan biri budur ki, Əli Kərim həyatı boyu yaradıcılıq istiqaməti tamamilə fərqli olan Kələntər Kələntərli ilə dostluq edib, onun yanında özünü rahat hiss edib. O dövrün ədəbi mühitini bilənlər üçün bunun bir neçə səbəbi ola bilər.

 

Birincisi, rumka yoldaşlığı… Kələntər Kələntərli yaxşı içənmiş və yox yerdən qonaqlıq təşkil etmək qabiliyyəti varmış.

 

İkincisi, insanlıq faktı. Kələntər çox təmiz, mərd, əyilməz adam olub. Yaradıcılığından da göründüyü kimi, Əli Kərim belə xarakterli insanları çox sevib.

 

Üçüncüsü, yalqızlıq. Yəni, Əli Kərim o qədər tənha idi ki, Kələntər müəllimlə yetinməli idi. Görünür, başqaları onun üçün daha dözülmə olublar.

 

Maraqlıdır ki, Əli Kərim haqqında ən gözəl şeiri də, ən səmimi xatirələri də Kələntər Kələntərli yazıb.

 

***

 

Füzulu haqqında demək olar ki, bütün şairlər nəsə yazıblar, ancaq bunların içində Əli Kərimin aşağıdakı misrası fərqlənir:

 

Dünya səni qocaltdı, yaşıdın olsun deyə…

 

***

 

Eyni zamanda, böyük kaman ustası Habil Əliyev haqqında ən gözəl misralardan biri ona məxsusdur:

 

Ürəyi çırpınır barmaqlarında…

 

***

 

Kələntər Kələntərli xatirələrində yazır ki, Əli Kərim yoxa çıxmışdı. Ondan narahat idim. Bir gün tənqidçi İslam İbrahimov məni yanlayıb dedi, heç kimə demə, Əli bizdədir.

 

Kələntər Kələntərli gedib İslamgildə Əli Kərimin başını dağılmış, rəng-rufu saralmış görür. Onu sorğu-suala tutanda məlum olur ki, qayınatası ailəsi ilə onun evində qalan Əli Kərimi döydürüb.

 

K.Kələntərli yazır:

 

“Əlinin bizə qırıq-qırıq, könülsüz-könülsüz, canını dişinə tutub söylədiklərindən məlum oldu ki, evdə balaca şadyanalıq olub; guya ipə-sapa yatmayan, qılığa gəlməyən, ailə qayğısının nə olduğunu bilmək istəməyən şairin dərsini verməkdən ötrü yar atası (qayınatası – red.) tərəfindən məclisə dəvət edilmiş və qabaqcadan öyrədilmiş bir nadürüst, bir “neqodyay” araya məğşuşluq salıb stolun üstündəki şərab şüşəsini qapıb, gözlənilmədən, qəfil… o söz… Başı ağır zədə alıb.”  (Kələntər Kələntərli. “Bu səfər bitən deyil…” Bakı – 2007. Səh. 12)

 

***

 

Sonra ən yaxın dostu Kələntər Kələntərlinin Əli Kərimin ölümünə yazdığı şeiri təqdim edirik.

 

İlk şeirində şair kimi çıxdın üzə

Hər misranda fikir təzə, duyğu təzə

“İki sevgi”n oxunmayan bir məclisə

Əlində gül gülüm gəlməz, Əli Kərim

 

Sözdən ötrü az girmədin şər altına

Heç nə girməz, şeirin girər zər altına

Əgər məni sən səsləsən yer altına

“Yox” deməyə dilim gəlməz, Əli Kərim

 

Ürəyimin yarasına basılıb duz

Bilə bilməz sənə dəyən ölüm – quduz

İllərimin ən ağırı altmışdoqquz

Bundan ağır ilim gəlməz, Əli Kərim

 

Cəbirliyəm – cəbrin gələr cəbrim üstə

Səbirliyəm – səbrin gələr səbrim üstə

Qəbrini də qəbir bilib qəbrin üstə

Gül qoymağa əlim gəlməz, Əli Kərim

 

Diləyini daşıyıram diləyimdə

Gileyini yaşadıram gileyimdə

Neçə canlı xatirə var ürəyimdə

Heç birinə ölüm gəlməz, Əli Kərim!

BIR CAVAB BURAXIN