Qaşqaylar haqda nə bilirik? – İran türkləri(Araşdırma)

0
1187

qashqay-00

Məlum olduğu kimi, İran türklərinin əksəriyyətini azərbaycanlılar təşkil edir. Bununla belə türkmənlər, Xorasan türkləri və qaşqaylar da böyük saya malikdir.

Qaşqaylar İranın cənub-qərbində, əsasən Fars vilayətində yaşayır. İranın cənubunda qaşqaylarla yanaşı, baharlı, bıçaqçı, inanlu, nəfər, ağacəri və digər böyük türk tayfaları da var. Hələlik, bu tayfalardan ən böyüyü olan – qaşqay türklərindən bəhs edəcəyik.

Hazırda qaşqayların sayı 2 milyondan başlayaraq 3,5 milyona qədər ifadə olunur.

Köçəri qaşqay tayfaları Fars vilayətindən əlavə, İsfahan, Hormozqan, Buşehr, Kuhgiluye və Boyer Əhməd, Çaharmahal Bəxtiyari, Xuzestan, Qum və Mərkəzi vilayətlərində yaylaq və qışlaqlara sahib idi və hazırda da bu vilayətlərdə qalanlar var. Qaşqayların əraziləri Fars körfəzi boyunca 50-60 km enində, 250-300 km uzunluğunda bir zolağı əhatə edirdi. İndi qaşqaylar Fars vilayətinin Şiraz şəhəri ətrafı və Firuzabad bölgəsində daha çoxluq təşkil edir. Qaşqay tayfasının adını daşıyan kəndlər İran Azərbaycanında da vardır (xüsusilə Zəncan və Təbriz arasındakı bölgədə).

Oğuz dil qrupuna daxil olan qaşqay dili bəzi araşdırmalarda ayrıca türk dillərindən biri, bəzilərində isə Azərbaycan dilinin bir ləhcəsi kimi qəbul edilir. Ancaq ayrı bir dil qəbul edildiyi halda belə, Azərbaycan türkcəsinə ən yaxını sayılır. Zamanla qaşqay ləhcəsində ərəb və fars dillərinin də təsiri çox olub. Qaşqay tayfalarının daha çox Azərbaycanla tarixi bağlılığının olması da bu dilin Azərbaycan türkcəsi ilə əlaqələndirilməsinin doğruluğunu sübut edir.

Qaşqay adının izahı barədə müxtəlif fikirlər var. Bu ad oğuzların 24 oğuzdan biri olan “qayı” boyunun adı, “qaş”, “alın”, “qaçan”, “döyüşdə öndə gedən, qorxmaz”, “qaşqası ağ at”, Orta Asiyadakı Kaşğar bölgəsi və digərləri ilə bağlanılır.

Qaşqayların Özbəkistandan, Orta Asiyadakı Qıpçaq çöllərindən, Çinin Türküstan bölgəsindən İrana gəldiyi fikirləri vardır. Özbəkistandakı Qaşqadərya çay adı da qaşqaylara aid edilir. Onların xələc və oğuzlarla birgə İrana gəldiyi, bu tayfanın tərkibini təşkil edən qolların müxtəlif vaxtlarda bu bölgəyə yerləşdiyi düşünülür.

Qaşqayların bir qisminin qədim İran türklərindən olduğu, onların arilərdən də əvvəl bu ərazidə məskunlaşdığı, digər türk tayfalarının isə müxtəlif dövrlərdə bu bölgəyə yerləşdiyi də bildirilir. Bəzi araşdırmalara görə, qaşqayların böyük bir qrupu XVI əsrdə Ərdəbil bölgəsindən Portuqaliyaya qarşı mübarizə üçün Fars vilayətinə köçürülüb. Elə qaşqayların əksəriyyəti də özlərini Azərbaycan, xüsusilə Ərdəbil bölgəsi əsilli hesab edir.

qashqay-2

Ərdəbilin Muğan bölgəsinin adı muğanlı tayfasının adında qalmışdır. Buraya Ərdəbil-Muğan bölgəsində çox rast gəlinən ayvatlı, qocabəyli, inanlu tayfalarına qaşqaylar içərisində də qarşılaşılmasını nümunə göstərmək olar. Ağqoyunlu, qaraqoyunlu, bəydili, mosullu və şamlı tayfa adları əsasında bu tayfaları Azərbaycan, Türkiyə və İraq bölgələri ilə əlaqələndirir.

Maraqlıdır ki, qaşqay tayfaları içərisində olan əksər tirə və tayfa adları indiki Azərbaycan Respublikası ərazisində də vardır və bir sıra ortaq etnonim və toponimlərə (Qarabağ, Gəncə, Göyçə, Aran və s.) rast gəlinir. Həmçinin bölgənin tayfalarından bəziləri özlərini Azərbaycandan getmə hesab edir. İranın Xuzestan, Fars, Kuhgiluye və Boyer Əhməd vilayətlərində yaşayan türkmənşəli Ağacəri tayfasının Qarabağ tirəsi də özünü Azərbaycan Qarabağından getmə hesab edir. İranın cənubunda yerləşən Kuhgiluye və Boyer Əhməd vilayətinin Yasuc şəhərinin Gənceyi (Gəncəli) kəndindəki Xacə tirəsinin Azərbaycan Qarabağından getmə olması Gənceyi tayfasının da Azərbaycanla bağlılığını ortaya çıxarır. Fars vilayətinin Şiraz şəhəri yaxınlığında Qarabağ kənd birliyi və Qarabağ düzü vardır. Həmçinin, İranın cənubundakı digər böyük türk tayfalarından olan bıçaqçı tayfası da öz əcdadını Qarabağdan gəlmə hesab edir.

Oğuz mənşəli olan qaşqaylar böyük tayfa ittifaqıdır və qaşqayların əksəriyyət təşkil etdikləri bu tayfa topluluğunda az sayda türk əsilli olmayan digər tayfalara da (lor, kürd və ərəb) rast gəlinir. Kürd və lor tayfalarının XVIII əsrdən qaşqaylara birləşdiyi bildirilir. Tarix boyu qaşqay tayfalarının bir qismi bəxtiyari və Xəmsə elatlarına birləşib.

Qaşqaylar Səfəvi dövrü portuqal və ingilislər qarşı döyüşlərdə böyük rol oynayıblar. Onlar tarixin bəzi dövrlərində bəzi siyasi səbəblərdən öz yurd-yuvalarından köçürülüblər. Belə ki, Ağa Məhəmməd şah Qacar 7 min, Nadir şah 5 min qaşqay ailəsini Xorasana və dövlətin şimal bölgələrinə sürgün edib.

Kərim xan Zənd zamanı qaşqayların bir hissəsi yenidən Xorasandan Fars vilayətinə qayıdır. XIX-XX əsrlərdə qaşqaylar İranda böyük siyasi güclərdən biri sayılırdı və bu, onların hərbi gücündən irəli gəlirdi. Bu səbəbdən daim ingilis və almanların maraq obyekti olmuşlar. Məşrutə hərəkatında qaşqayların da rolu vardır. II dünya müharibəsi zamanı qaşqaylar ingilislər əleyhinə mübarizə aparırdı. Rza xan Pəhləvi vaxtı tayfanın bir sıra xanları edam edildi, tayfa sıxışdırılmağa başladı. Bu addımın atılmasında ingilislərin də Pəhləvilərə təsirinin olduğu düşünülür. Pəhləvilərin 1960-cı illərdəki torpaq islahatları ilə tayfa oturaqlaşmağa məcbur edilir.

qashqay-1

Qaşqaylar böyük eldir (il), tayfa bölgüsü olaraq el, tayfa, tirə, bonku (ya bilə) və ailələlərə bölünür. Elə elxan (ilxan) rəhbərlik edir, ilbəyi ona müavin sayılır və tirələrə ağsaqqallar başçılıq edir. Bonku – yurd, obadır və  hər bonku 3-6 çadırdan ibarət olur. Qaşqay tayfalarının tərkibində ən böyükləri dərəşuri, farsi mədan (ya eymur), kəşkuli (kəşküllü), şeşbloki (şişbəyli), səfixani, əmələ tayfalarıdır. Dədəkəyi (ya dədəqayı), qaraçaylı, rəhimli və ya əfşar, iqdir və səfixanlı isə nisbətən azsaylı tayfalardandır və böyük tayfaların tərkibinə qarışıb. Qaşqay tayfaları içərisində böyük türk tayfalarından olan iğdır, bayat, xələc, əfşar, eymir, tərəkəmə, çobankərə, dədəqayı, uyğur, nəfər, qocabəyli, keçili, qırxlı, qaraxanlı, göyçəli, gəncəli, ağacəri, ağqoyunlu, qaraqoyunlu, bəydili, qacar, şamlı, qaragözlü, ayvatlı, muğanlı və digərləri diqqəti cəlb edir.

Qaşqayların ən böyük tayfaları olan əmələ, dərəşuri, kəşküli, şeşbloki və farsimədan tayfalarının tərkibinə nəzər salaq.

Əmələ: aslanlı, alvakəli, əmir salari, oryat, bayat, bəhmənbəyli, bugər, tərəkəmə, tatabəyli, çarbonça, qadlı, şahbudaği, qızıllu, çobankara (çobankərə), çiqini, dədəqayı (ya dədəkəyi), sarılı (ya saruyi), səkkiz, sorxu, şulu, səfixanlı, aşıqlar, kürdlü, qərəkeçi, keçili, qərəqanlu, qotulu, qocabəyli, koranlu (ya kəruni), kürəkanlı (ya qurqani), kolasiyah (ya kolahsiyah), gərayı, gələzən uyğuru, mosullu, miraxur, nəfər, yalamalı (ya yəlmeyi). Əmələ tayfasının bir qisminin Ağa Məhəmməd şah Qacar zamanı Lorestandan gətirildiyi, qaşqayları zəiflətmək üçün bəzi tayfaların ondan ayıraraq əmələ tayfasına birləşdirildiyi bildirilir.

Dərəşuri (mənası “Şor dərədə olanlar” kimi izah olunur, dərəşuli də deyilir): ayrıqlı, aslangülü, aslanlı, ağtumanlı, oruclu, ipəkli, imanlı, cəlali, ceyranlı, çarbonça (qırxlı, ərəbli, əşirli, əlimərdanlı), çarıqlı, hacıdəvəli, çəhardəhçerik, dərzi, döndülü, dönəli, zeylablı, səkkiz, şaqqı, şahin keyxalı, əmələ, qabızlı, qərəcüllü, qərəkeçili, qərəçeyi, qərəxanlı, qərəqanlı, qurd, qimilli, közüngülü (ya kizinli), koranlı, göycəli, lək, mosillu, nəfər, venda. Dərəşuri tayfalarının bir qismi indi oturaq həyata keçib. Bu tayfaların Kərim xan Zənd dövründə qaşqaylara birləşdiyi deyilir. Özlərini qızılbaş cəngavərlərinin qalıqlarından bilirlər və Şah Abbas zamanı cənuba yerləşdirildiklərini düşünürlər.

Kəşkuli (ya kəşküllü) (kiçik və böyük kəşkuliyə bölünür): Ayrıqlı, ağacəri, ağqoyunlu, alivənd, oxçulu, oryad, oğanlu, ipək, bollu, cərəkanlı, behi ya beyi, çarbonça (gəncəli, ərdəşiri, zəngənə və camebozorgi), çəlingər, dədəqayı, dünyarüstəm, dizqanlı ya dizcanlı, dinəkanlı, suluklu, səfixanlı, filvənd, qərəçəyi, koranlı, qərəgözlü, gəncəli (ya gəncei), göyçəli, qocar, nəfər, venda. Kəşkulilərin də çoxusu oğuz mənşəli hesab olunur.

Şeşbloki (ya şişbəyli): arıqlı, ağacəri, əliqiyəli (ya əliqiyalu), bərzgərlu, pirmuradlu, tərəkəmə, tollu, cəfərlu, cığallu, daşdəmirli, doqquzlu, rəhimli, suluklu, sohranlı, şamlı, ərəbçırpanlı, ərəbşallı, ərəbşanlı, ələmdar, əmələ, qəcərli, qərəyarlı, qurd, köləli. Bəzi fikirlərə görə, Xələcestanın Şeşbloki bölgəsindən gəliblər və adı ordan alıblar.

Farsi mədan (yəni farsca bilməyən) və ya eymur: ayvatlı (ya aybatlı), bukər, tatabəhli, tuva, təvəlle, çobankara, dəngizli, doğanlı, şeybanlı, ərəb, ərəb gamışı, əmələ, qərəmirşamlı, koranlı, gorcanlı, lək, maçanlı, mosullu, yağmırlı, yandoranlı. Farsi mədanlar əraqi adı ilə də tanınır və İraqdan gəlmə türklər hesab edilir. Xələc bölgəsindən buraya gəldiyi düşünülür.

Ş.Savalan

Strateq.az

BIR CAVAB BURAXIN