Qarabağdakı ermənilər: “Bizi insan hesab etmirlər, yeganə yol çıxıb getməkdir”

0
581

“Onların qulu olmaq istəmirik”. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağda yerləşdirilən ermənilər İrəvan hakimiyyəti və onların Xankəndində qurduqları qondarma rejimi haqda belə deyirlər.

 

Publika.az xəbər verir ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində gördüklərini qələmə alan erməni jurnalist Avetis Babadjanyan ermənilərin daha həmin ərazilərdə yaşamaq istəmədiklərini yazıb.
Qarabağdakı adi sakinlər artıq o həyatı yaşaya bilmirlər. Mənim rastlaşdığım insanların hamısı “qoy vəziyyət sakitləşsin, görək necə olacaq” deyə bildirirlər. Onlar deyirlər ki, nə vaxt müharibə olur, hakimiyyət “ümumi vətənimizi qoruyaq” deyir və onlar da bununla razılaşırlar. Amma nə vaxt ki sakitlikdir, artıq təhlükə ötüşür, o zaman aydınlaşır ki, hər şey yalnız bir insanın mülkiyyətidir. Torpağın üstündə və altındakı bütün sərvətlər bir neçə insana aiddir. Əgər sadə insanın bir parça torpağı varsa və o bunu əkib-becərmək istəyirsə, ona imkan verilməyəcək. Çünki bütün suvarma sistemləri bir neçə şəxsin şəxsi mülkinə çevrilib. Sadə insanlar isə ilboyu yarıac-yarıtox yaşayır”, – deyə erməni jurnalist qeyd edir.
O, çayların bütün suyunun Ermənistanın baş nazirinin min hektarlarla əkin sahələrinə axdığını yazır: “Həmsöhbət olduğum insanlar bunu əminliklə bildirirlər. “Onlar istəmir ki, biz normal yaşayaq. Biz təhlükə olmayanda hakimiyyətin qulu oluruq. Müharibə vaxtı isə bizə vətənpərvərlik dərsi keçirlər. Əgər belə davam edəcəksə, biz buraları tərk edəcəyik”, – deyə həmsöhbətlərimdən biri bildirir. İnsanlar “dördgünlük müharibə”dən sonra psixoloji inqilab həddinə çatıb. Söhbətləşdiyim insanlar deyir ki, vəziyyət belə davam etsə, onlar daha buna dözməyəcək və sosial partlayış olacaq. “Biz hamımız bu vəziyyətdən yorulmuşuq, daha dözmək mümkün deyil. Mən əvəzində heç nə almadan nəyinsə uğrunda öz sağlamlığımı fəda edə bilmərəm. Bizi insan hesab etmirlər, biz yalnız onların əmlakını müdafiə etmək üçün lazımıq. Axı mənim də nəyimsə olmalıdır. Əgər mənə burada heç nə vermirlərsə, bircə yol qalır, çıxıb getmək”, – deyə sadə insanlar bildirirlər. Güman ki, yaxın günlərdə biz onların çoxunun başqa şəhərlərə, yaxud digər ölkələrə gedəcəyinin şahidi olacağıq”.
Avetis Babadjanyan qeyd edir ki, Xankəndində mallar tapılmır: “Olan mallar isə İrəvan qiymətinədir. Qaz çox bahadır, həmçinin, benzin və digər məhsullar. Həmsöhbətlərim deyir ki, əksər sahə oliqarxların inhisarındadır. Sadə insanlara nəyisə istehsal etməyə, yaxud haradansa gətirməyə icazə vermirlər”.
Məsələn, mağaza sahiblərindən biri deyir ki, artıq 9 aydır onlara un gətirməyi qadağan ediblər. “Deyirlər ki, yalnız yerli un satılsın. Amma biz bilirik ki, buğda sahələri kimə aiddir. Onlar istəmir ki, rəqabət olsun və beləcə istədikləri qiymətə sata bilsinlər”, – mağaza sahibi deyir. Lakin həmin erməni inhisarçılığın kimə aid olduğunu demək istəmir: “Mən kiçik mağazam hesabına güclə dolanıram və problem istəmirəm. Hər kəs o insanların kim olduğunu yaxşı bilir. Əgər mən ad çəksəm, sabah gəlib deyəcəklər ki, sənin sənədlərin qaydasında deyil, qanunsuzdur. Bir gün ərzində əlindəki hər şeyi alarlar, hətta təəccüblənməyə vaxt tapa bilməzsən”.
Erməni jurnalist Dağlıq Qarabağdakı ermənilərin çıxıb getmək istədiklərini yazır: “Amma onlara bu da qadağan olunub. Əksəriyyət gizli yollarla gedir, yaxud rüşvət verərək, öz canını buradan qurtarır. Mən orada hər kəsin tezliklə qaçmaq istədiyinin şahidi oldum”.

BIR CAVAB BURAXIN