Qarabağda Suriya ermənilərinin yerləşdirilməsi fakt kimi rəsmən ortaya qoyuldu…

0
112

Uzun illərdir torpaqlarımızı işğal altında saxlayan Ermənistan qəsb etdiyi ərazilərimizdə dünyada analoqu olmayan cinayətlər, qanunsuz əməllər həyata keçirir. Ermənilər Azərbaycan torpaqlarını işğal etdikdən və soydaşlarımızı tarixi ata-baba yurdlarından didərgin saldıqdan sonra Dağlıq Qarabağda və ətraf rayonlarda “erməniləşdirmə” siyasəti həyata keçirirlər.

Onlar buradakı şəhər, rayon, kənd, yer-yurd adlarını tamamilə dəyişdiriblər. Bu azmış kimi, hələ oradakı alban-xristian abidələrinin quruluşunu dəyişdirməyə də əl atıblar. Bu reallıq beynəlxalq aləmin gözləri qarşısında baş verir. Lakin dünya bu mənzərəni sükutla seyr edir. Son dövrlər isə ermənilər daha dəhşətli bir cinayətə imza atıblar. Bu da dünyanın müxtəlif ölkələrində yaşayan ermənilərin işğal olunmuş Azərbaycan ərazilərinə köçürülməsi faktıdır.

Prezident Administrasiyası Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Ermənistan tərəfi qanunsuz şəkildə Suriyadan erməniləri Azərbaycanın işğal olunmuş ərazilərinə köçürür. O bunu ADA Universitetində “Azərbaycanın Ermənistanın işğalı altında olan ərazilərində qeyri-qanuni fəaliyyətlər: Peykdən çəkilmiş şəkillərlə sübutlar” adlı hesabatın təqdimatı mərasimində bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi humanitar siyasət adı altında öz çirkin məqsədlərini həyata keçirir: “Onlar Suriyadan erməniləri işğal edilmiş Azərbaycan ərazilərinə köçürürlər. Onlar beynəlxalq humanitar qanunları kobud şəkildə pozaraq, erməniləri heç vaxt yaşamadıqları Azərbaycan ərazilərinə köçürürlər. Beynəlxalq qanunlara əsasən, insanları kütləvi şəkildə münaqişə zonasına köçürmək yolverilməzdir” – H.Hacıyev bildirib.

Tarix üzrə fəlsəfə doktoru Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, Ermənistan bu cinayət əməllərinə görə beynəlxalq hüquq qarşısında cavab verməlidir. “Bu gün Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarına xarici ölkələrdə yaşayan ermənilərin, eləcə də yezidi kürdlərin köçürülməsi ilə bağlı məlumatlar var. Bu bir faktdır və doğrudan da Ermənistan bu prosesi həyata keçirir. Bilirik ki, Ermənistanın özündə ciddi demoqrafik problemlər var və ermənilər bu ölkəni tərk edirlər. Bu gün Ermənistan əhalisinin sayı getdikcə azalır. Ermənistan öz vətəndaşlarını işğal altında olan torpaqlarımızda yerləşdirə bilmədiyi üçün, xaricdən, xüsusən də Suriya kimi narahat ölkələrdən ermənilərin bura köçürülməsini təşkil edir. Ermənistan Suriyadan və başqa ölkələrdən erməniləri Azərbaycan ərazilərinə köçürməklə və ərazilərimizi “erməniləşdirməyə” cəhd göstərməklə daha böyük cinayət işləmiş olur. Bilirsiniz ki, Suriyadan, ya da başqa ölkələrdən köçürülən ermənilər elə də normal adamlar deyil, onların çoxunun əli müxtəlif cinayətlərə bulaşıb. Bu baxımdan, Ermənistan onlardan istifadə edərək işğal altındakı Azərbaycan torpaqlarında cinayət yuvaları yaradır. Onlar burada qanunsuz işlər görür, narkotik məhsullar əkib becərirlər, qaçaqmalçılıq dövriyyəsini həyata keçirirlər. Çox təəssüf ki, nə BMT, nə də digər beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı reaksiya vermir, ortaya ciddi iradə qoymurlar. Sözsüz ki, bütün bunlar yolverilməzdir. Biz Azərbaycan dövləti olaraq, əlbəttə, reaksiyalar verir, Dağlıq Qarabağda Ermənistan tərəfindən həyata keçirilən işlərin qanunsuz olduğunu bəyan edirik. Bütövlükdə, beynəlxalq qurumlar buna reaksiya verməlidirlər. Lakin bu qurumlar, həmişə olduğu kimi, bu dəfə də belə məsələlərə ikili standartlarla yanaşırlar. Bizə qarşı ikili standartlar olub və olacaq da. Azərbaycanla yanaşı, onu dəstəkləyən Türkiyə, Pakistan kimi dövlətlər də ermənilərin işğal olunmuş Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı ortaya daha sərt iradə qoymalıdırlar. Ermənilərin torpaqlarımıza köçürülməsi gələcəkdə bizə heç də yaxşı şeylər vəd etmir. Ona görə də biz bu problemi beynəlxalq təşkilatlar qarşısında qabartmalıyıq” – deyə F.Ələkbərli bildirdi.

F.Ələkbərli, həmçinin, qeyd etdi ki, Ermənistan hökuməti tərəfindən Suriyadan və başqa ölkələrdən ermənilərin işğal olunmuş ərazilərimizə köçürülməsi faktına beynəlxalq qurumların diqqətini yönəltmək məqsədilə çoxlu sayda iş görülməlidir. Onun sözlərinə görə, beynəlxalq qurumlardan tələb etməliyik ki, həm ermənilərin tarixi torpaqlarımıza köçünü təşkil edənlər, həm də ora köçən ermənilər qanunsuz əməllərinə görə öz layiqli cəzalarını alsınlar.