Qarabağ münaqişəsi ətrafında müharibə təhlükəsi artmaqda davam edir – ANALİZ

0
660

 

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların dalana dirənməsi və qoşunların təmas xəttində mütəmadi olaraq atəşkəsin pozulmaqda davam etməsi bölgəni yeni müharibə təhlükəsi ilə üz-üzə qoyub. Öz növbəsində bölgədə hadisələrin təhlükəli istiqamətdə inkişaf etməkdə davam etməsi beynəlxalq təşkilatların da diqqətini özünə cəlb edib. Bu baxımdan Beynəlxalq Böhran Qrupunun (BBQ) hazırladığı “Dağlıq Qarabağ üzərində müharibə buludları sıxlaşır” adlı hesabatı birmənalı qiymətləndirmək çətindir. Hesabatda qeyd edilir ki, 2016-cı ildə baş verən aprel müharibəsindən sonra bölgədə vəziyyət yenidən gərginləşib və tərəflər faktiki olaraq yeni müharibənin bir addımlığındadırlar: “2017-ci ilin əvvəllərindən başlayaraq münaqişə zonasında ağır artilleriya və tank əleyhinə raketlərin iştirakı ilə baş verən toqquşmalar intensivləşib. Hadisələrin gedişi göstərir ki, hər iki tərəf faktiki olaraq müharibənin yenidən başlamasına hazırdır. Bura münaqişənin həlli ilə bağlı aparılan danışıqların faktiki olaraq dayandırılmasını da əlavə etsək, onda bölgə üzərində yeni müharibə buludlarının sıxlaşdığını aydın görmək olar”.

Hesabatda ABŞ-la Avropa arasında əmələ gələn qarşıdurma nəticəsində münaqişənin həllində aparıcı rolu oynamaq vəzifəsinin Rusiyanın üzərinə düşdüyü də vurğulanır: “Rusiya ATƏT Minsk Qrupuna həmsədr ölkə kimi münaqişənin həllində önəmli rol oynaya bilər. Lakin Moskva hər iki tərəfi silahlandırmaqla münaqişənin həllində maraqlı olmadığını və bu yolla tərəfləri öz təsiri altında saxlamaqda maraqlı olduğunu nümayiş etdirir”.

Amma Qarabağ üzərində müharibə küləklərinin əsdiyini yalnız BBQ proqnozlaşdırmır. Hələ bir müddət əvvəl prezident Corc Buşun eks köməkçisi, Qlobal məsələlər üzrə Cekson İnstitunun elmi əməkdaşı, tanınmış politoloq Tomas Qrem də mətbuata açıqlmasında Qarabağda hər an müharibə başlaya biləcəyi barədə xəbərdarlıq etmişdi.

MDB ölkələri İnstitu direktorunun müavini, hərbi ekspert Vladimir Yevseyev də Arminfo-ya verdiyi müsahibəsində bölgədə yeni müharibənin başlaması təhlükəsinin kifayət qədər böyük olduğunu söyləyib. Bununla belə əksər rusiyalı siyasi müşahidəçilər kimi Yevseyev də ermənipərəstliyini gizlətməyərək Ermənistanı işğal altında olan əraziləri azad etməməyə çağırib. O, Azərbaycandan gələn “təhlükə”nin qarşısının yalnız irimiqyaslı hücumla almağın mümkün olduğunu söyləyib. Bəs ekspertlərin dediyi və Beynəlxalq Böhran Qrupunun da hazırladığı hesabatda qeyd edildiyi kimi, Dağlıq Qarabağda müharibənin yenidən başlaya bilməsi təhlükəsi nə qədər real görünür? Məsələyə münasibət bildirən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov“Yeniavaz.com”a verdiyi açıqlamasında Ermənistanın günahı ucbatından münaqişə bölgəsində vəziyyətin gərgin olduğunu və bunun hər an irimüqyaslı müharibəyə keçə biləcəyini istisna etmədiyini söylədi: “Ermənistan münaqişə bölgəsində təxribatlara ara vermir və qarşı tərəf mütəmadi olaraq atəşkəsi pozmaqda davam edir. Bu isə Azərbaycanı cavab tədbirləri görməyə məcbur edir. Belə bir vəziyyətdə isə bölgədə hər an irimüqyaslı əməliyyatların başlayacağı təhlükəsini kifayət qədər böyük hesab edirəm. Nə qədər ki, Ermənistan işğal etdiyi ərazilərimizdən hərbi qüvvələrini çıxarmayıb, o qədər də bölgədə irimüqayslı müharibənin başlaya bilməsi təhlükəsi qalmaqda davam edəcək. Bütün hallarda ötən ilin aprel döyüşləri göstərdi ki, Azərbaycan işğal altında olan ərazilərini azad etməyə qadirdir və müharibə başlayacağı təqdirdə düşməni yerində oturdacaq”.

Beynəlxalq Böhran Qrupunun hazırladığı hesabatda bölgədə münaqişənin hər an başlaya biləcəyinin vurğulanmasına gəlincə, hərbi ekspert adı çəkilən qurumun ikili oyun oynadığını vurğuladı. Onun sözlərinə görə, hesabatda Ermənistanın işğalçılıq siyasəti barədə bir kəlmə də olsa deyilmir və işğaçıyla işğala məruz qalan bərabər tutulur: “Hesabat ikili standartlar əsasında hazırlanıb və orada münaqişənin həlli ilə bağlı qarşı tərəfin maraqlarına xidmət edən bəzi “tövsiyələr” verilib. Azərbacanınsa buna ehtiyacı yoxdur”.

Əziz Mustafa

BIR CAVAB BURAXIN