Qafqazın “Zapı”sı – Ermənistan

0
485

 11

 

Artıq iyirmi ildən çoxdur ki, Qarabağ düyünü açılmır ki, açılmır. Başqa sözlə desək, Qarabağ problemi öz ədalətli həllini tapmır. Təbii ki, bu məsələdə beynəlxalq qurumların, eləcə də aparıcı ölkələrin kifayət qədər günahı var. Amma insafən bu və ya digər beynəlxalq tədbirlərdə Qarabağ problemi gündəmə gətirilir, amma, ancaq, lakin Ermənistan hələ də tutduğunu buraxmır. Yəni deyilənləri qulaqardına vurur, heç vecinə belə almır. Üstəlik, Qarabağ problemi ilə bağlı beynəlxalq tribunalardan elə şeylər danışır ki, elə ittihamlar irəli sürür ki… Belə məqamlarda da haqdan-ədalətdən dəm vuranlar ona güldən ağır söz demirlər. Hətta iş o yerə çatıb ki, Ermənistan Qarabağ problemi ilə bağlı danışıqlar masasında da Minsk Qrupunun “mən ölüm”ü, “sən ölüm”ü ilə oturur.

Mən uzun müddətdir ki, bir işğalçı dövlətin – Ermənistanın özünü niyə belə apardığını araşdırmağa çalışıram. Olmaya Ermənistanın güclü iqtisadiyyatı var, ona görə belə hərəkətlərə yol verir? Bu ölkənin dünya standartları səviyyəsində istehsal imkanları yoxdur axı… Bunu beynəlxalq aləm də yaxşı bilir. Bəlkə, onun dünyaya bərəkətli çıxış yolları var? Azərbaycan torpaqlarını işğal etdiyinə görə xarici bazarlara çıxış üçün nəqliyyat yolları bu ölkənin üzünə bağlanmayıbmı? Bağlanıb axı. Olmaya güclü ordusu var? O da yoxdur axı… Aprel döyüşlərində gördük də onların ordusunu…Bir əməlli-başlı istehsalı da yoxdur axı. Bu gün bu ölkə yalnız bir şey istehsal edir: göz yaşları. Yəni dünya ölkələrinin qabağında ağlaya-ağlaya dilənir. Çox da uzağa getməyən erməni tarixinə nəzər yetirdikdə aydın görmək olar ki, Ermənistan peyda olan gündən bu sənəti özünə peşə edib və bunu “şərəflə” nəsildən-nəsilə ötürməkdədir. Odur ki, hər gün göz yaşlarına rəvac verir. Bəs bu ölkə nəyinə arxayındır ki, Qafqazda analoqu olmayan bir dövlətlə, yəni Azərbaycanla belə rəftar edir? Olmaya siyasi nüfuza malikdir? Vallah, onun heç siyasətin əlifbasından belə xəbəri yoxdur. Bəs nədir onu belə dingildədən?

Bu yerdə birdən-birə aşağıda nəql edəcəyəm bir həyat hekayəti yadıma düşdü. Deməli belə… Günlərin bir günü bir “Zapı” – “Zaporojets” markalı avtomobil yolda xarab olur. Sürücü nə qədər çalışırsa maşını işə sala bilmir. Odur ki, “Zapı”nın sürücü sürətlə gələn bir idman maşınını saxlatdırıb onun avtomobilini yedəyə almasını, necə deyərlər, dalınca çəkib aparmasını xahiş edir. Bir qədər yol getdikdən sonra idman maşının sürücüsü görür ki, digər maşınlar onu ötüb keçir. Bu ona olduqca pis təsir edir. Yedəyində “Zapı” olduğunu unudan idman maşınının sürücüsü sürətini artırır. Təbii ki, yedəkdəki “Zapı” da onun sürəti ilə gedir. Bundan qorxuya düşən “Zapı”nın sürücüsü faraları yandırıb-söndürməyə başlayır ki, a kişi, sən neyləyirsən, bir az yavaş sür… Amma öz aləmində olan idman maşınının sürücüsü onu görmür. Nə isə… Ertəsi gün bu mənzərəyə radarda baxan yol polis əməkdaşları “Zapı”nın 120 ilə getdiyindən dəhşətə gəlirlər. Polis əməkdaşlarından biri isə belə deyir: “Hələ üstəlik “Zapı”nın sürücüsü faraları da yandırıb-söndürür ki, ona yol versinlər”.

Bəli, indi bu Ermənistan həmin “Zapı”nın günündədir. Onu arxasınca sürüyüb aparan isə təbii ki, Rusiya və Qərbdəki havadarlarıdır. Nə qədər ki, Ermənistan Rusiyanın və Qərbdəki havadarlarının yedəyində olacaq, elə belə də danışacaq. Üstəlik, bizə göz də ağardacaq.

QVAMİ MƏHƏBBƏTOĞLU

BIR CAVAB BURAXIN