Qələmin də…qocası olarmış

0
552

Çox hörmətli “gencqelemler.az”! Sözün düzü, elan etdiyiniz “Yazar sorağında” yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılmasının ertəsi günü Sizə müraciət etmək istəyirdim. Lakin nədənsə tərəddüd etdim. Elə bu səbəbdən ürəyimdən keçənləri vaxtında yaza bilmədim: məni üzrlü hesab etmənizi xahiş edirəm. İstedadlı yazarları tapıb ortaya çıxarmaq məqsədi ilə belə bir müsabiqə təşkil etdiyinizə görə Sizə öz təşəkkürümü bildirib keçirəm əsas mətləbə…

Bəli, mən də “yaşın nə fərqi var ki?” məşhur kəlamını əsas tutaraq həmin müsabiqədə “Bibimin Madonna servizi” hekayəsi ilə iştirak etdim. Eşitdiyimə görə, hekayə münsiflər heyəti tərəfindən yaxşı qarşılanıb. Lakin “qocalığım” əsas götürülərək “servizim” bir kənara qoyulub. Yəni mənə “O olmasın, bu olsun”dakı Rüstəm bəyin bu sözləri ilə mesaj göndərilib: “Hərgah bir qədər cavan olsa idin, bu iş sənin üçün ucuz tamam olardı, amma heyif ki, qocasan, taxsır özundədir”. Canınız sağ olsun? Buna görə Sizdən incimirəm də… Amma ərz etməyi özümə borc bilirəm ki, mən Sizin düşündüyünüz kimi heç də qoca deyiləm. Məşədi İbadın sözü olmasın, vallah, nə qədər qoca olsam da, min bığıburma cavana dəyərəm.

Çox hörmətli “gencqelemler.az”. Elə xəyal eləməyin ki, mən bu sözlərlə özümü tərifləmək fikrindəyəm. Əsla, yox? Sadəcə, onu demək istəyirəm ki, mənim aləmimdə yenicə hekayə, roman, şeir yazanların hamısını gənc qələm kimi qəbul etmək olar. Bu həm də o deməkdir ki, qələmin gənci, qocası olmur. Görünür, Siz, yəni “əli qələm tutanların məkanı” (bunu əbəs yerə xatırlamadım) bu adi həqiqəti unutmusunuz. Amma bunu da Sizə irad tutmuram. Sadəcə, bu fikrimi Sizə çatdırmağı özümə borc bildim.

Bir sözlə, müsabiqədə yer tutmamağım da məni əsla narahat etmir. Narahatçılığım alayı nəsnədəndir. Elə bu sətirləri də yazmağı mənə o alayı nəsnə məcbur edir.

Bəli, həmin müsabiqənin bütün iştirakçılarına sertifikat təqdim olunub. Buna görə də Sizi dübarə alqışlayıram. Mənə isə həmin sertifikat keçirdiyiniz mükafatlandırma tədbirindən təxminən on gün sonra iş yoldaşlarımdan biri tərəfindən çatdırılıb. Sözün düzü, bu gözlənilməz “təqdimat” məni elə çaşdırdı ki… İyirmiillik mətbuat təcrübəsində ilk dəfə belə bir təqdimatla qarşılaşan adamın nə vəziyyətə düşdüyünü bundan artıq yazıb ağartmaq fikrində deyiləm. Çünki buna görə məni yenə qocalıqda ittiham edəcəyinizdən ehtiyat edirəm. Amma mənə elə gəlir ki, bu da Sizin qocaya olan hörmətinizdən irəli gəlib. Görünür, həmin tədbirə dəvət etməməklə məni əziyyətə salmaq fikrində olmamısınız. Buna görə “Həmişə qocalara qarşı belə diqqətli olun” deməklə yanaşı, sizə ürəkdən “sağ olun” da deyirəm.

Daha bir məsələ. Elə bu sətirləri yazarkən Sizin mənə göndərdiyiniz sertifikatı bir daha acı-acı süzdüm. Orada yazılmış: “Yazar sorağında” müsabiqəsində iştirakçı olduğuna görə təltif edilir” cümləsi məni yenə fikirlərə qərq etdi. Hörmətli, “gencqelemler.az”! Sizə elə gəlmirmi bu cümlə ilə mənim qoca olmadığımı özünüz də etiraf etmisiniz. Əks halda, həmin cümləni belə yazardınız: “Yazar sorağında” müsabiqəsində iştirakçı olduğunuza görə təltif edilir”. Nə isə keçmiş olsun. Amma bir nəsnəni də söyləyim. Elə bu kimi səbəblərdən Sizin mənə çatdırılmış sertifikatınızı arxivimdə yerləşdirməkdən vaz keçdim. Çünki artıq o mənim üçün kənara qoyulmuş “serviz”dən başqa bir şey deyil.

BIR CAVAB BURAXIN