“Qəbələ”nin rəqibləri – Bakıdan 2 dəfə məğlub ayrılan komanda

0
315

UEFA Avropa Liqasının qrup mərhələsinin Monakoda baş tutan püşkatmasının nəticələrinə əsasən “Qəbələ” C qrupunda “Anderlext” (Belçika), “Sent-Etyen” (Fransa) və “Maynts” (Almaniya) klubları ilə mübarizə aparacaq. “Qafqazinfo” bu komandaları sizlərlə tanış edir:

“Anderlext” (Belçika)

Brüssel klubu cari mövsüm avrokuboklara UEFA Çempionlar Liqasında başlayıb. Buna komandanın ölkə çempionatının ötən mövsümünü 2-ci pillədə başa vurması səbəb olub. Çempiondan 7 xal geri qalan paytaxt futbolçuları qitənin ən nüfuzlu klub turnirinə III təsnifat mərhələsindən start verib. Burada Rusiya “Rostov”u ilə görüşən belçikalılar evdəki məğlubiyyətlə turnirlə vidalaşıb – 2:2, 0:2.UEFA Avropa Liqasının pley-offunda oynamalı olan komanda Çexiya “Sparta”sını hər iki qarşılaşmada böyük hesabla məğlub edib – 3:0, 3:0. İsveçrəli Rene Veylerin yetirmələri Belçika çempionatına da uğurlu başlayıb. İlk 4 turda yenilməyən komanda 8 xalla 2-ci pillədə qərarlaşıb.

Son illər böyük uğuru olmayan “Anderlext” Belçikanın ən titullu klubudur. 1908-ci ildə yaradılan komanda 108 illik tarixində hamıdan çox – 33 dəfə  ölkə çempionu olub. 9 dəfə Belçika kuboku, 12 dəfə  Superkubokunu qazanan komanda ev oyunlarını 28 min 63 tamaşaçı (avrokuboklar zamanı 21 min 845) tutumuna malik “Konstant van den Stok” stadionunda keçirir. Bu arenaya və ağ-bənövşəyi rənglərə hələ ötən əsrin əvvəllərində yiyələnən “Anderlext” uğurları kifayət qədər gözləməli olub. 1921-ci ildə yüksək liqada debüt edən komanda uzun müddət divizionlar arasında var-gəl edib. 1947-ci ildə ilk çempionluğunu bayram edən brüssellilər artıq 70 ilə yaxındı ölkə futbolunun aparıcı klublarındandır. 1963-1968-ci illərdə ardıcıl 5 çempionluq qazanmaqla milli rekorda imza atan komanda daim mükafatlar uğrunda mübarizə aparması ilə seçilir. Düzdür, son iki mövsümdə komanda çempion ola bilmir. Lakin bunadək ardıcıl qazanılan 3 qızıl medal “Anderlext”in nəyə qadir olmasını göstərir. Belçika futbolunun lideri Avropada da ölkəsini layiqincə təmsil edir. Qitə miqyasında qazanılan 5 titul da bundan xəbər verir. 1975-1976 və 1977-1978 mövsümlərində Kuboklar Kubokunu başı üzərinə qaldıran “Anderlext” hər iki cəhddə UEFA Superkubokuna da sahib çıxıb. 1983-cü ildə qazanılan UEFA kuboku isə komandanın Avropadakı son uğurudur. 1977 və 1990-cı ildə Kuboklar Kuboku, 1970-ci ildə Yarmarkalar kuboku, 1984-cü ildə UEFA kubokunda finala çıxan belçikalılar 32 ildir belə uğura həsrətdir.

Avrokuboklarda zəngin təcrübəyə malik komanda 379 matç keçirib. Bu müddətdə 2 dəfə yolları Azərbaycan klubları ilə kəsişən “Anderlext” 2005-2006 mövsümündə “Neftçi” (5:0, 0:1), 2015-2016 mövsümündə “Qarabağ”la (0:1, 2:1) qarşılaşıb.

“Sent-Etyen” (Fransa)

2015-2016 mövsümündə Fransa çempionatını 6-cı yerdə başa vuran “Sent-Etyen” UEFA Avropa Liqasına III təsnifat mərhələsindən başlayıb. Əvvəl Yunanıstan AEK-i, ardınca İsrail “Beytar”ını mübarizədən kənarlaşdıran fransalılar hər iki rəqibini səfərdə məğlub edib. Evdə qolsuz heç-heçələrlə kifayətlənən Kristof Qaltiyenin yetirmələri səfərdə ilk rəqibini 1:0, pley-offda isə 2:1 hesablı qələbə qazanıb. Fransa çempionatının yeni mövsümündə iki oyunda 3 xal toplayan komanda orta sıralarda qərarlaşıb.

1919-cu ildə əsası qoyulan komanda “yaşıllar” kimi də tanınır. 35 min 616 tamaşaçı tutan “Joffrua Qişar” stadionuna ev sahibi kimi çıxan Sent-Etyenin eyniadlı təmsilçisi ən çox Fransa çempionu olan komandadır. 10 dəfə bu titula yiyələnən klub 6 dəfə kubokun sahibi olub. 1938-ci ilədək aşağı liqalarda çıxış edən sent-etyenlilər məhz 78 il əvvəl yüksək divizionda debüt edib. 1946-cı ildə ilk ciddi uğuruna – gümüş medala sevinən “yaşıllar” 11 ildən sonra ilk çempionluğunu bayram edib və Çempionlar Kubokunda debüt şansı qazanıb. Ardınca uğursuzluqlar zolağına düşən komanda aşağı dəstəyə də yuvarlanıb. 1962-1963 mövsümündə aşağı dəstədən geri dönən “Sent-Etyen” Fransa futbolunun liderinə çevrilib və 19 il ön sıralarda olub. Bu, əfsanəvi Mişel Platininin “Yuventus”a transferinə qədər davam edib. Son çempionluq da məhz ulduzun oynadığı illərdə – 1980-1981 mövsümündə qazanılıb. Son 35 ildə isə sent-etyenlilər böyük uğurun intizarındadır. 1975-1976 mövsümündə isə avrokuboklarda ən böyük uğur əldə olunub. Komanda finaladək irəliləyib. 1982-ci ildə və 2000-ci ildə yaşanan böyük qalmaqallar klubun tarixinə ləkə vurmaqla yanaşı, nəticələrinə də təsir edib. “Sent-Etyen” yalnız 2004-cü ildən ənənələrinin bərpası üçün yenidən iddialılar sırasına qoşulub. Enişli-yoxuşlu tarixi ərzində avrokuboklarda dəfələrlə çıxış edən, hesabında 111 matç olan Fransa təmsilçisi 2 il öncə ölkəmizə də gəlib. UEFA Avropa Liqasının qrupunda “Qarabağ”a rəqib olan klub 2 xalla kifayətlənib – 0:0, 1:1.

“Maynts” (Almaniya)

Almaniya təmsilçisi UEFA Avropa Liqasının cari mövsümünə birbaşa qrup mərhələsindən start verəcək. Buna komandanın ötən mövsüm Bundesliqanı 6-cı pillədə başa vurması səbəb olub. Həmin nəticə kluba tarixində 4-cü dəfə avrokuboklara vəsiqə qazandırıb. 1905-ci ildə Maynts şəhərində yaradılan eyniadlı komanda ilk uğurunu 100 ilə yaxın gözləyib. Təxminən bir əsr regional, həvəskar yarışlarında çıxış edən, ən yaxşı halda II Bundesliqada mübarizə aparan komanda 34 min 34 tamaşaçı tutumuna malik “Opel Arena” kimi stadiona da malikdir. Amma “Maynts” Bundesliqaya yalnız 99 yaşında – 2004-cü ildə yüksəlib. Bunadək 3 dəfə – 1997, 2002 və 2003-cü illərdə belə uğurun bir addımlığında olan maynslılar son anda büdrəyiblər. Yüzillik yubiley öncəsi nailiyyət isə sonradan xeyli məşhurlaşacaq Yurgen Kloppun adı ilə bağlıdır. Məhz bu baş məşqçi, vaxtilə futbolçusu olduğu komandanı yüksək liqaya daşıyıb. Ardıcıl 2 mövsüm 11-ci olan və avrokuboklarda da debüt şansı qazanan “karnavalçılar” 3-cü ilində aşağı dəstəyə yuvarlanıblar. 2009-cu ildə güclülər sırasına qayıdan komanda 2010-2011 mövsümündə tarixinin rekorduna imza ataraq, 5-ci olub. Almaniya klubunun qitə kuboklarındakı çıxışı da uğurlu olması ilə seçilməyib. 2005-ci ildə UEFAkubokunda 2 təsnifat mərhələsi adlayan Bundesliqa klubu əsas raundda “Sevilya” önündə aciz qalıb. 2011 və 2014-cü illərdə Avropa Liqasına III təsnifat mərhələsindən başlayan “Maynts” hər iki halda elə ilk turda mübarizəni dayandırıb. İndiyədək 10 avrokubok matçı keçirən 111 yaşlı klub 4-cü cəhdini baş məşqçi Martin Şmidtlə gerçəkləşdirəcək.

BIR CAVAB BURAXIN

Please enter your comment!
Please enter your name here

11 − five =