Putin Ulyukaevin işindən xəbərdarmış

0
611

11

Rusiya prezidenti Vladimir Putin iqtisadi inkişaf naziri Aleksei Ulyukaevin işindən əvvəlcədən xəbərdar olub.

Bunu jurnalistlərə prezidentin mətbuat katibi Dimitry Peskov deyib.

“Əlbəttə prezidentə məlumat verilib. O, operativ iş barədə əvvəlcədən məlumatlandırılıb. Bir daha deyirəm, bu çox ciddi ittihamdır və bu işlə bağlı hökmü yalnız məhkəmə verə bilər”, deyə Peskov bildirib.

Məsələni prezident Putinlə müzakirə etmiş baş nazir Dimitry Medvedev jurnalistlərin suallarını cavablandırıb.

Bundan sonra “Bşneft”in satılmasına baxılmasının mümkünlüyü ilə bağlı suala gəldikdə, Medvedev bunu bilmədiyini deyib.

O da qeyd edib ki, istənilən halda məsələylə bağlı məhkəmə qərar verəcək.

İstintaq Komitəsinin (İK) rəsmi məlumatına görə Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı rüşvətalma ittihamı ilə cinayət işi qaldırılıb.

İK-in saytında dərc olunmuş xəbərdə deyilir ki, Ulyukayev 2016-cı il noyabrın 14-də Rosneft şirkətindən 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunur.

Qeyd olunur ki, nazir bu pulun müqabilində Rosneftə onun Başneft şirkətinin dövlət səhmlərini alması üçün müsbət rəy verib.

Məlumatda bildirilir ki, 2016-cı il, noyabrın 15-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) apardığı kompleks operativ tədbirlərin nəricəsində Rusiya Federasiyasının İstintaq Komitəsinin xüsusilə mühüm işlər idarəsi tərəfindən Aleksey Ulyukayevə qarşı cinayət işi açılıb.

Ulyukayev hazırda saxlanıb və İK ona qarşı həbs qətimkan tədbirinin tətbiq olunmasını planlaşdırır.

İnterfax agentliyi adı çəkilməyən mənbənin məlumatına əsasən bildirir ki, Ulyukayev rüşvət aldığı vaxt həbs olunub.

Xəbərdə deyilir ki, Ulyukayevə “rüşvət pulları” istintaq eksperimenti zamanı verilib.

Bu məlumata əsasən Rosneft şirkətinin rəhbərliyinə qarşı heç bir tədbir görülməyib.

Peskov Putini yuxudan qaldırmayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov hələlik bu barədə prezidentə məruzə etmədiyini deyib.

“İndi gecədir, heç bilmirəm prezidenti məlumatlandırımmı?” – deyib Peskov TASS agentliyinə.

Peskov deyib ki, “bu ciddi sübutlar tələb edən ciddi ittihamlardır”.

Hələlik hadisə barədə Rusiya hökuməti də heç bir açıqlama verməyib.

Bundan bir ay əvvəl Rosneft Başneft şirkətinin dövlət səhm paketlərini aldığı və buna görə federal xəzinəyə 329 milyard rubl keçirdiyini bildirmişdi.

Səhm paketinin niyə məhz Rosneftə satıldığı barədə şərh verən Ulyukayev demişdi ki, Rosneft bu məsələ ilə bağlı təklif verən yeganə şirkət idi və səhm paketi üçün ən yüksək qiyməti verməyə razılaşmışdı.

Aleksey Ulyukayev bəyan etmişdi ki, Rosneftin verdiyi pul səhmlərin bazar qiynətindən 20 faiz artıq idi.

BIR CAVAB BURAXIN